Mehman Əliyev: “Hazırda ABŞ-la danışıqlar aparılır, Rusiyada hakimiyyət dəyişəcək”
Tarix: 16-09-2022 13:44 | Bölmə: Slayd
Mehman Əliyev: “Hazırda ABŞ-la danışıqlar aparılır, Rusiyada hakimiyyət dəyişəcək”

“Ukrayna prosesində oyun öncədən necə qurulubsa həmin ssenariyə uyğun davam edir. Məqsəd Ukraynanı Rusiyanın təsirindən çıxarıb ABŞ-ın təsir dairəsinə keçirməkdir. Artıq bu baş verir. Mümkündür ki, ilin sonuna qədər bu məsələ bitsin. Proses uzana da bilər. Amma Rusiyanın şansları getdikcə azalır, savaşmaq imkanı tükənir. Reallıq budur ki, Rusiyanın Ukraynada qələbəsi mümkün görünmür”.

Bunu Reyting.az-a siyasi analitik Mehman Əliyev deyib.

M. Əliyevin qənaətincə, artıq Ukrayna prosesi beynəlxalq siyasətdə şərtləri dəyişir və Qərbin təsiri güclənir:

“Görünən budur ki, prezident Putin danışıqları apara bilməyəcək, o, getməlidir. Başqa qüvvələr Qərblə danışıqlar aparır və onlar Ukraynadan çıxa bilərlər. Bu istiqamətdə faktiki danışıqlar gedir. Bəzi mənbələrə görə, ruslar deyirlər ki, biz çıxırıq, Donbassı da veririk. Krım məsələsi isə müzakirə mövzusu deyil, bəlkə də gələcəkdə ola bilər. Amma onlar bir məsələdə qarantiya istəyirlər: Qərb gələcəkdə Rusiyanın daxili işlərinə qarışmasın. O mənada ki, Rusiyanın daxilində iş aparmasın, onu zəiflətməsin və ya dağıtmasın”.

M. Əliyev diqqətə çatdırıb ki, Rusiyada ABŞ-la danışıq aparan Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Nikolay Patruşevin qrupudur: “ABŞ Putinlə, Putin də Vaşinqtonla danışıq aparmır. Bir neçə gün əvvəl alman kansler Olaf Şolz Putinlə danışıb. Putin bildirib ki, hərbi əməliyyatlar davam edəcək, onu dayandırmaq niyyətində deyil”.

Müsahibimiz əlavə edib ki, Ukrayna hərbi baxımdan güclənir: “İndi onlarda 300 kilometrlik məsafəni vuran raketlər var. Getdikcə daha müasir silahlar alırlar. Son olaraq hərbi paritet yaranacaq və ruslar ərazidən çıxacaq. Rusiyaya yeni rəhbərlik gələcək”.

M. Əliyev xatırladıb ki, prezident Putin məşhur 24 fevral çıxışında hər şeyi deyib. O nümayiş etdirib ki, Ukrayna əməliyyatı ilə bağlı bütün məsuliyyəti üzərinə götürür, cavabdeh özüdür. “Məncə, o bilirdi ki, məsuliyyəti sona qədər daşımayacaq. Çünki səhhəti ilə bağlı da problemi var. Böyük ehtimalla bu barədə ətraflı məlumatlıdır. Bu səbəbdən də bütün məsuliyyəti öz üzərinə götürür və həm də özü ilə aparır”,- deyə M. Əliyev əlavə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}