Rusiyanın məğlubiyyəti nüvə silahından istifadə riskini artırır
Tarix: 20-01-2023 11:47 | Bölmə: Slayd
Rusiyanın məğlubiyyəti nüvə silahından istifadə riskini artırır

Ukrayna ilə müharibədə Rusiyanın taktiki nüvə silahından istifadə etmək riski ciddi narahatlıq yaradıb. Rusiya prezidenti Vladimir Putin və digər rəsmi şəxslərin hər fürsətdə nüvə silahı imkanlarını xatırlatmaları bu narahatlıqları daha da artırır. NATO və Avropa Birliyi ölkələrinin Ukraynaya getdikcə daha çox ağır silahlar və raket sistemləri göndərməsi nəticəsində rəsmi Moskvanın küncə sıxışdırılmasının Rusiyanın nüvə silahına əl atması üçün bəhanə yarada biləcəyinə diqqət çəkilir.

Reyting.az
xəbər verir ki, nüvə texnologiyası üzrə ixtisaslaşan ekspertlər Putinin müharibədə məğlubiyyətə yaxınlaşdıqca nüvə silahından istifadə riskinin artdığı və Rusiya liderinin qarşısını kəsə biləcək yeganə ölkənin Çin olduğunu deyirlər.

Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Tədqiqatı İnstitutundan Pavel Podviq bildirib ki, nüvə silahının istifadəsinə bir neçə addımlıq məsafədəyik.

Avstriyanın İnsbruk Universitetinin professoru Gerhard Mangott isə Krımın və Sevastopolun itirilməsinin Putin üçün hərbi fəlakət olacağını, ona görə də nüvə silahına əl ata biləcəyini deyib:

“Mən Rusiya administrasiyasının Ukraynada və ya Ukraynaya qarşı nüvə silahından istifadə etməyi düşündüyünə dair heç bir əlamət görmürəm. Risk yəqin ki, artmır. Nüvə silahından istifadənin reallığa çevrilə biləcəyi nöqtədən hələ bir neçə addım uzaqdayıq. Məsələn, NATO münaqişəyə qarışsa, gərginlik ola bilər, amma biz hələ o nöqtədə deyilik”.

Professor diqqətə çatdırıb ki, Ukraynada potensial olaraq istifadə edilə biləcək nüvə silahları hələ də yerləşdirilməyib və onların istifadəyə hazır olduğuna dair heç bir əlamət yoxdur: “Rusiya hərbi qüvvələrinin yüksək hazırlıq səviyyəsinə gətirilməsi kimi addımlar da görmədik. Yəni Rusiya da mesaj vermək məqsədi ilə belə bir hərəkəti aşkar etmək istəyəcək.

Nüvə silahından istifadə on minlərlə insanı öldürməyə qərar vermək deməkdir və bu, çətin bir qərardır. Belə bir qərardan sonra heç kim Rusiyanın yanında olmayacaq”.

Professor G. Mangott istisna etmir ki, Moskva Krım və Sevastopol üzərində nəzarəti itirsə və məğlubiyyətlə üzləşsə, taktiki nüvə silahından istifadə etmək qərarına gələ bilər: “Əslində buna Rusiyanın 2000-ci il hərbi doktrinasında da rast gəlinir. Əgər müharibədə Rusiya hərbi qüvvələri uduzmaq üzrədirsə, düşmənin hücumunu dayandırmaq üçün taktiki nüvə silahından istifadə edəcəyini bildirir. Deməli, bu, doğru ola bilər. Rusiya məğlubiyyətə nə qədər yaxındırsa, nüvə silahından istifadə etmək riski də bir o qədər yüksəkdir. İndi hər iki tərəf yazda hücuma hazırlaşır. Ona görə də biz hələ Rusiyanın nüvə silahından istifadə edəcəyini gözlədiyimiz ssenaridə deyilik. Xüsusən də Ukrayna Qərbdən ağır silahlar alıb, bu silahlarla Krım da daxil olmaqla, bütün işğal olunmuş əraziləri geri almaq üçün hücuma keçsə, bu, nüvə silahından istifadə riskini artırar. Biz buna “sıxlığın şaquli artımı”, yəni Rusiyanın adi silahlardan nüvə silahına keçidi deyirik. Amma “riskin üfüqi artımı” dediyimiz bir ehtimal da var ki, bu da daha çox tərəf iştirak etdikcə müharibənin intensivliyinin artması deməkdir”.

Bildirilir ki, Putin bu müharibədə qalib gəlməli olduğunu bilir və qalib gəlmək istəyir. Əgər qalib gələ bilməsə və fəlakətli şəkildə uduzsa, bu, onun gücünün təhlükə altında ola biləcəyini göstərir: “Putin düşünə bilər ki, Rusiyanın güclü məğlubiyyətə uğramasının, hətta Krımı itirməsinin qarşısını almaq üçün nüvə silahından istifadə etmək daha yaxşı olardı. Digər tərəfdən, əgər Rusiya nüvə silahından istifadə etsəydi, bu, siyasi baxımdan çox riskli olardı. Çin və Hindistanın bunu qəbul edəcəyini düşünmürəm. Bu, Rusiya-Çin münasibətləri üçün real yük olar və hətta Hindistan da anti-Rusiya sanksiyalarına qoşular”.

Doktor Naim Babüroğlu isə Rusiyanın Donbass kimi “qazanılan torpaqlara” raket hücumları qarşısında hərəkətə keçə biləcəyi barədə xəbərdarlıq edib:

“Rusiya hərbi doktrinasında deyilir ki, bu gündən etibarən Rusiya 4 şərtlə nüvə silahından istifadə edə bilər.

Birinci şərt; Qərbin Rusiyaya qarşı nüvə və ya kütləvi qırğın silahlarından istifadəsi.

İkinci şərt; Ukraynadakı bəzi təxribatçı aktyorların Rusiya torpaqlarında strateji hədəflərə hücumu. Belə olan halda nüvə silahından istifadə mümkündür.

Üçüncü şərt; Rusiyaya qarşı ballistik raketlərdən istifadə.

Rusiya Krımı və Donbassı öz ərazisi elan edib. Bu ərazilərə kütləvi qırğın silahları və ya ballistik raketlərlə hücum etmək nüvə silahından istifadəyə əsas verir.

Dördüncü şərt isə Rusiyanın ərazi bütövlüyünə hücumdur. Bu, Donbass, Krım və Rusiya coğrafiyasıdır.

Rusiyanın taktiki nüvə silahından istifadə etmək iradəsi var. Putinin və onun qüdrətinin taleyi müharibənin nəticəsindən asılıdır. Ona görə də məğlubiyyətlə üz-üzə qalan Putin regional əsasda taktiki nüvə silahından istifadə etməkdən çəkinməyəcək. Bunun qarşısını ala bilən yalnız bir ölkə var - Çin!”.

E. KAMAL
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}