İtlərin mitinqi - Azad Müzəffərli yazır
Tarix: 07-12-2018 23:10 | Bölmə: Azad MÜZƏFFƏRLİ
İtlərin mitinqi

(hekayə)

Ölmədik, bu günü də gördük. Yeni Yasamalda mitinq idi, adamların yox e, qulağı sırğalı itlərin. Hə, yanılmırsınız, düz eşitmisiniz. Məhz itlərin mitinqi. Narahat olmayasınız deyə, bu başdan deyim ki, onların mitinqi dinc xarakter daşıyırdı.


Avqust ayının üçüncü şənbəsiydi. Beynəlxalq Sahibsiz Heyvanlar Günü idi. Təqribən 20-yə qədər kiçikli-böyüklü bir kapal köpək hündürmərtəbəli binaların önündəki asfalt boyunca sərələnmişdi. Özü də cüt-cüt. Biri erkək, biri də dişi. Cütlüklərin aralarında da təxminən metrə yarım məsafə olardı. Qənşərlərində də balaca bir köpək oyuncaq. Dopdoğmaca dilimizdə desək, çeşidbəçeşid kuklalar, “it küçükləri”. Kuklaların hamısı it günündəydi. İlk baxışdan bəlliydi, itlər onları yaxınlıqdakı zibilliklərdən eşələyib dənləmişdilər. “Mitinq iştirakçıları” başlarını qoşaladıqları qabaq ayaqları üzərinə qoyaraq ağızlarına su alıb, dinməz-söyləməzcəsinə sualdolu nəzərlərini yoldan ötənlərin gözlərinə zilləmişdilər. Bu pəjmürdə halları, o yetim-yesir günündəki kuklalarla bunlar nəyəsə işarə eləyirdilər?! Oğulsan, gəl, indi bunlardan baş aç, dərdlərindən hali ol. Əlac qalmışdı, iti zəkalı kəslərin ümidinə. Hələki onlardan da soraq yoxdu.

İnternetdən itlərin bayramından xəbər tutan qonşuluqdakı binaların bir para sakini isə əllərinə keçən yeyəcəklərdən onlara daşıyırdı. Bəzi səxavətli kəslər itləri dadlı-tamlı sümüklərə də qonaq eləyirdilər. Mitinqə toplaşan köpəklərin beş addımlığında xeyli yemək qalaqlanmışdı. Nəhayətdə, tamah onlara güc gəldi. Aclıq köpəyoğlu şeydi. Kuklalarını başlı-başına buraxıb əmrəşdilər əllərinə keçən sür-sümüyə. Qarınlarını alababat doyurub güc verdilər dərdləşməyə. Sahibsiz heyvanların sığınacağından yenicə qayıtmışdılar. Neçə aydı doğma məhlələrindən uzaq düşmüşdülər. Ürəkləri doluydu.

- Eh, nə kef çəkməli əyyam idi...

- Düz deyirsən, ətrafda nə qədər desən zibillik, ye ki, yeyəsən...

- Başımızı soxmağa nə qədər istəsən damımız da var. Allah atasına rəhmət eləsin buradakı binaları tikənlərin, nə qədər desən atılmış zirzəmi, dəlmə-deşik. İnsanlar da yerli-yersiz bir ucdan deyinirlər ki, bəs, tikintilər alayarımçıq aparılıb... Ay balam, təkcə sizi yox, bizi də düşünüblər də, bu Allah saxlamışlar ... Bir az ədalətli olun da, yetər bu qədər dır-dır...

- Elədir, kefdə-damaqdaydıq... Ailə münasibətlərimiz də yerindəydi... Yoxsa, indi, bir-bir axtalayıb bizi pis günə qoydular... Gəl, indi günü-günə sat ki, biz də yaşayırıq, Allah kəssin belə yaşayışı...

- Bəsdi, ötənləri yada salıb ürəyimizi çəkdiniz,- deyə qoca köpəklərdən biri cavanların ağzından vurdu, - Elə, bir ucdan döşəyirsiniz, insanlar da bir o qədər qınanılası deyil axı. Xəbəriniz var, yalnız Azərbaycanda sahibsiz heyvanların sayı yarım milyonu üstələyir.

Digər yaşlı köpək ona qahmar çıxdı:

- Bir də ki, burada da sadəcə qabaqcıl beynəlxalq təcrübə tətbiq edilir. Mümkün olanı budur. Dünyanın, Qərbin ən bərkgedən qurumlarının tövsiyyələri belədir. Bunlarlıq heç nə yoxdu...

- Barı kiriyin, sizin nə yaşınız var ki, hələ nə görmüsünüz. Bizimkilərin parta-part gülləyə necə tuş gəldiyinin canlı şahidi olsaydınız, heç vəchlə belə danışmazdınız.

- Heç vaxt yadımdan çıxmaz. Bax, bu Alabaşın balalarından ikisini gözü görə-görə alnından odladılar. Toplanın sevgilisi də barıtın güdazına getdi... Eh, belə misallar barmaqla saya gələsi deyil... Sevinin ki, itlərin qətliamına artıq son qoyulub...

Araya bir anlığa sükut çökdü. Üzü-üzlər görmüş köpəklər susmağa üstünlük versələr də, o biriləri qətiyyən bu fikirdə deyildilər. Qaynaşırdılar, hikkələrindən dodaqlarını gəmirirdilər, yeri cırmaqlayırdılar.

- Axı, biz də yetim kimi bir şeyik də, atılmışlardan bizim nə fərqimiz. Tanrı onsuz da bizi qarğıyıb. İnsanlar bunu görməməzliyə vurmamalıdırlar, bizə qarşı bacardıqca rəhmli davranmalıdırlar. Bu onların görəvidir, Uca Yaradan belə buyurub.

Yenə də “ağsaqqallar”, “ağbirçəklər” ipə-sapa yatmayan “mitinq iştirakçıları”nın üstə su səpməyə çalışdılar:

- Ay balam, azacıq da olsun insafa gəlin də. Bunlar bizlərə qarşı beynəlxaql təcrübənin tətbiqini günbəgün genişləndirirlər, bacardıqca qayğımıza qalırlar. Baxmayaraq ki, özlərinin bir çətən problemləri var. Dünya birdən qurulmayıb ki. Beynəlxalq Heyvanları Müdafiə Fondu, Beynəlxalq Heyvanları Mühafizə Cəmiyyəti kimi mötəbər qurumlar da əllərindən gələni əsirgəmirlər. Özü də, bizlərin qısırlaşdırılmağımız da məhz həmin beynəlxalq qurumların tövsiyyəsinə uyğun aparılır, neyləsinlər, hələlik əllərindən gələn budur.

- Gəlin əyri oturub, düzünü danışaq da, elə bil, onlar deyil, lap sizsiniz. Həftə səkkiz, biz doqquz, bir ucdan kapal-kapal küçükləyib tökürük, düz-dünya tutmur. Hələ quduzlaşıb insanlara diş atanlarımızı qoyaq bir kənara. Reallığın gözünə dik baxmaq lazımdır da?!

- Elə dövlətlər var ki, orada itlər lap şah kimi yaşayır... Almaniya, İtaliya, İsveç, Yunanıstan, Avstriya, İsveçrə, Skandinaviya ölkələri, daha neçə-neçə yerlərdə itlər kefdədirlər... Məsələn, Almaniyada hər bir itin gündəlik yemək norması var, mütləq çimizdirilir. Gəzdirmək nədir, hələ itlərə istədikləri vaxt pəncərədən çölə baxmaq imkanı da yaradılmalıdır.

- Avstriyada itlərin qulağı və ya quyruğunu kəsməyə kimin nə ixtiyarı var?! Yaponlarda isə eh, lap on yeddinci əsrdən itlərə xətər yetirmək qəti qadağandır, yoxsa, damlayarlar... İsveçrədə evin hər bir sakini kimi itlər üçün də normalara uyğun mütləq müvafiq yaşayış sahəsi ayırmalısan, qanunda nəzərdə tutulduğundan bir qarış da az ola bilməz... Həmin ölkədə hələ beş-altı il bundan əvvəl itlərə vəkil tutulması məsələsi gündəmdəydi, ümumxalq səsverməsində əhalinin otuz faizi bunu dəstəkləmişdi də... Elə Azərbaycanın özündə də ötən illərdə həyata keçirilən kompleks tədbirlər hesabına itlərin, digər sahibsiz heyvanların indiki vəziyyəti qabaqkı ilə heç müqayisəyə belə gəlməz... Siz də ağzınıza nə gəldi, sıralayırsınız, sərhəd tanımırsınız... Bir az danışığınıza fikir verin...

- Bu hələ harasıdır, İsveçdə itlərin yaşayışı lap həsəd aparılasıdır. Gündəlik hərtərəfli qayğı bir tərəfə, bu ölkədə qanunla itləri beş saatdan çox tək buraxmaz olmaz. İşə gedəndə ya itləri onların “uşaq bağçası”na qoymalısan, ya da nahar fasiləsi zamanı zəhmət çəkib gəlib təmiz havada gəzdirməlisən... Bax, reallıq belədir dostlar... Burada da, əksər ölkələrdə də nəyi bacarırlar bizdən əsirgəmirlər...

Cavanlar quyruq ələ vermək fikrindən uzaqdılar. Bayaqdan pusquda dayanan cayıllardan birinə hikkəsi aman vermədiyindən qartımış köpəyi az qala ələgəlməz hala salacaqdı. Pəncəsini qaldırıb onun üstünə nə təhər çəpəki çəmkirdisə, qarşısındakı az qala o dünyalıq ola:

- Bayaqdan dillənmirik deyə tərifi qaldırmısınız ərşə, sizə nə var ki, gördüyünüzü görmüsünüz, indi də qınınıza çəkilməyinizin vədəsidir... Bir de görüm, biz bəyəm, əsirik, məhbusuq ki, qulağımızı sırğalayıb, hələ bir üstəlik nömrələyiblər də, nədi axı bizim günahımız?! Bizi də Allah yaradıb da...

- Düz deyir də, canavarların, ən vəhşi qurd-quşun qabağına bizi verirlər. Şimalda bumbuz havada bizi kirşəyə qoşub sağa-sola çapırlar. Dərd orasındadır ki, bu insanlar bir-birindən qorunmaq üçün də bizdən yararlanırlar, həyətlərində bir küncdə zəncirləyib, başımızı bir parça yalnan qatırlar. Üstəgəl, bir para millətlər bizi heç canlı da saymır, “nə” sualına layiq görürlər?! Bu boyda yaxşılıqları qoyub, hələ bizə hərbə-zorba da gəlirlər... Bizi ən çox yandıran isə odur ki, bunlar yeri gəldi-gəlmədi “İtlər insanların ən yaxın, ən vəfalı dostudur” deyə car çəkməkdən yorulmurlar, budu qarşılığı?!

- Biz anlayırıq ki, siz bizim böyüklərimizsiniz, amma bizi də başa düşməyə çalışın. Sizin ələyiniz ələnib, xəlbiriniz də göydə fırlanır deyə bizim haqlarımıza barmaqarası baxmağa ixtiyarınız yoxdur. Yaddan çıxarmayın ki, Tanrı cümleyi-cahanı sevgi üstə qurub. Yer öz oxu ətrafında fırlandığı kimi bəşəriyyət də, bütün canlılar da eşqin ətrafında dövrə vurur. Ulu Yardanın fəlsəfəsi belədir, bu yazılmamış qanundur, hamı üçün istisnasız. Tanrının səlahiyyətinə kimsənin yiyə çıxmağa haqqı yoxdur... Bu baxımdan bizi axtalamağa da kimsəyə haqq verilməyib?! Bax, bizim tələbimiz budur, başqa heç nə... Nə cür olur-olsun bunun yolu tapılmalıdır, bizim istəyimiz sadəcə budur...

Bir qədər rəngi özünə qayıdan “ağsaqqal” udqunaraq dilə gəldi:

- Ay balam, bizi niyə divara dirəmisiniz. Biz də siz dediyinizi deyirik də, sadəcə adam balası kimi bunu eləmək lazımdır, haray-həşirsiz... Biz elliklə bu mitinqə niyə yığışmışıq, səsimizi sahibsiz heyvanların hüquqlarını qoruyan beynəlxalq təşkilatlara çatdırmağa, onların xəttilə dünayaya meydan oxuyan dövlətləri bizim problemlərimizə çarə qılmağa yönəltməyə, düzdümü?

Bayaqdan onlara dərs deyənləri dinə-imana gətirdiklərini duyan “cavanlar” və “yeniyetmələr” başları ilə işarə elədilər ki, davam elə, nəhayət ki, mətləb üstə gəldiniz. Onların bu qırımını bir göz qırpımında alan qoca köpək aram-aram xırdalamağa başladı:

- Bir daha təkrar edirəm, biz öz səsimizi beynəlxalq qurumlara çatdırmaq üçün Beynəlxalq Sahibsiz Heyvanlar Gününü təsadüfən seçmədik. Səsimizi də, tələblərimizi də dünyada bizi təmsil edən təşkilatlara çatdırmaq istəyirik, onların borcudur bizi dinləmək, ən azı heç olmasa bugün... Buyurun, tələblərinizi irəli sürün, biz də sizinlə həmrəy olduğumuz üçün səhərin gözü açılandan burdayıq. İnanın, axıra qədər yanınızdayıq.

- Onda keçək əsas məsələyə. Əgər, biz özümüz deyib, özümüz eşidəcəyiksə, onda bizim toplantımızın nə əhəmiyyəti?! Axı, biz o beynəlxalq qurumlara necə çatdıraq ki, biz də sevgini haqq edirik, bunu bizim əlimizdən almağa kimsənin ixtiyarı yoxdur... Dünyanın cilovunu əlində saxlayan dövlətlər, o, sinələrinə döyən mötəbər beynəlxalq təşkilatlar bir-birinin dilini güc-bəla ilə başa düşürlər, o da ancaq pullularınkını, qolu zorlularınkını... Kasıb-kusuba, balaca dövlətlərə, elə bizim kimilərə də gələndə qulaqları kar olur, dilləri də lal... Belə olan halda, bizim it dilini yəni onlar eşidərlər, anlayarlar?! Cəhənnəmə, başqa çıxış yolumuz da yoxdu, hər ehtimala qarşı heç olmasa, nə cür olur-olsun bunu onlara yetirməyə cəhd göstərməliyik, Allah kərimdir?! Di gəl, necə?! Hələki onlardan it dilini bilənləri yoxdu... Bax, əsas məsələ də elə budur?!
Karıxmış vəziyyətdəydilər. Doğrudan da, axı, səslərini həmin kəslərə necə çatdırsınlar, özü də dünyanın o başına. Bu məqamda itlərdən yenicə yetkinlik yaşına qədəm qoyanı, təzəcə “kişiləşən”i qaranəfəsə yeri cırmaqlayır, qabaq pəncələrinə aman vermirdi. Onunla həmdərd olanların zingiltisi ürəkləri dağlayırdı. İmdad diləyib, gözlərini yolu keçənlərdən çəkmirdilər, yenə də ümidləri onlaraydı.

Qəflətən itlərin bir neçəsinin gözləri bərəldi. Hamının diqqəti eyni nöqtəyə yönəlmişdi. Anındaca tanımışdılar. Yaxınlaşan baytar idi, bu yaxınlarda onları qısırlaşdıran kəs. Onun çöhrəsini heç cür səhv sala bilməzdilər, yaddaşlarına birdəfəlik hopmuşdu. Dişlər qıcarmış, ağız əzələləri tarıma çəkilmişdi. İtlər bir göz qırpımında baytarı dövrəyə aldılar. O da vəziyyətdən həmən duyuq düşdü, rəngi avazıdı, istər-istəməz axtaladığı bu köpəkləri birər-birər gözləri qarşısında canlandırdı. Vəziyyətin xarablaşdığını və istənilən an himindən çıxacağını gözləri önünə alan köpəklərin “ağsaqqal”ı yenə özünü irəli verdi. Di gəl, “mitinq iştirakçıları”nın ən radikalı – hələ sevgi şərbətini dadmağa macal tapmayan it yerində saymaq fikrindən uzaqdı. Bir göz qırpımında amansızcasına baytara hücum çəkərək onu qurşaqdan aşağı qamarladı. Baytarın ulartısı şahə qalxdı, az qala gözləri hədəqəsindən çıxa.

Bu dəmdə “gənc” itin anası onun qarşısında diz çöküb adam kimi dilə gəldi:

- Yalvarıram, sən onların günahını təkrarlama. Bir də ki, onun nə təqsiri, buyruq quludur, bu onun gündəlik işi, peşəsidir. Beynəlxalq təşkilatların məsləhəti belədir, bu, bütün dünyada qəbul olunmuş qaydadı...

Can hayında olmasına baxmayaraq özündə birtəhər təpər tapan baytar başı ilə deyiləni təsdiqlədi. Onu sıxmalayan cavan köpək bundan karıxdı. Baytarın qorxu-hürküdən qeyri-ixtiyari onların dilinin çəminə düşdüyünü tutdu. Çənəsini bir qədər boşaldıb, mırıldaya-mırıldaya özünkülərə işarə elədi ki, deyəsən nəsə baş verdi, o, bizim dilimizi anladı, çalışın bu fürsəti əldən buraxmayaq. İtlər baytarı bir qədər də sıx dövrəyə aldılar. Nəhayət, cavan köpək onu sakit buraxıb şərtlərini döşəməyə başladı:

- Yaxşı yadımdadı, saxlandığımız sahibsiz heyvanlar üçün sığınacaqda bizim hüquqlarımızı qoruyan o beynəlxalq təşkilatların nümayəndələrini də görmüşdüm, onları sizinkilər dəvət eləmişdilər. Səhv etmirəmsə, onlar hələ də buralarda olmalıdırlar. Yəqinki səndə onların mobil telefonlarının nömrələri var, bizə onlarla əlaqə yaratmaqda yardımçı olmalısan, başqa çıxış yolun yoxdu. Onları təcili bura çağır. Adı da yadıma düşdü, o amerikan vardı ey, hə, Corc, bax onu da, onun axşama qədər dərs dediyi o ingilisi, fransızı, almanı, italyanı, nə bilim, o birilərini də bura səslə, cəm şəklində gəlsinlər. Bizim bayramdı, axı, görüşməyimiz gərəkdir, deyiləsi vacib sözlərimiz var.

Baytarın gözünə işıq gəldi. Tələm-tələsik əlini telefonuna atdı. İngilis dilində alababat qırıldada bilirdi. Qonaqlara vəziyyətin nə yerdə olduğunu anladıb, acizanə şəkildə köməyə səslədi, ünvanı başa saldı.

Sən demə, qonaqlar doğrudan da hal əhliymişlər. Bu da başadüşülən idi, heyvanların halına acıyanlar insanların dar gününə biganə qala bilməzdilər. Tələm-tələsik taksiylə özlərini hadisə yerinə yetirdilər. “Tərcüməçilik” baytarın boynuna düşmüşdü. İlk öncə qonaqlar bundan karıxsalar da, heyrətlərini gizlətməli oldular. Dilbilməz deyildilər. İlk növbədə, bəbəklərindən qəzəb yağan itlərin könlünü alıb, durumu sakit axara kökləməyə çalışdılar.

- Elə indicə, sizin sağlığınıza vururduq, axı, bugün sizin bayramınızdır. Yemək süfrəsini yarımçıq qoyub sizlərin qulluğuna gəldik, dedilər, bizə deyiləsi sözləriniz var. Bugün külli-ixtiyar sahisiniz, sizi diqqətlə eşidirik.

Bayaqdan dil boğaza qoymayan sütül köpək birbaşa mətləbə keçdi:

- İlk növbədə bizim haqlarımızı qorumaq üçün illərdir zəhmətə qatlaşdığınıza görə sizə bizim cameəmiz adından minnətdarlığımızı çatdırırıq. Di gəl, elə məqamlar var ki, biz bununla heç cür razılaşa bilmərik. Ələlxüsus da, bizi sevgi kimi ən vacib hissdən məhrum etməyinizlə barışmaq fikrimiz yoxdu. Bizə vaxtlı-vaxtında peyvənd iynəsi vurulur, buna nə sözümüz ola bilər. Di gəl, sizin bizi qısırlaşdırmağa heç cür haqqınız çatmır, bu, Ulu Yaradanın ixtiyarındadır. Tezliklə həmin məsələ birdəfəlik həllini tapmalıdır. Biz bunu ilk növbədə sizdən – sahibsiz heyvanların hüquqlarını müdafiə edən beynəlxalq qurumlardan, eləcə də, böyük dövlətlərdən tələb edirik.

- Sizi başa düşməyə çalışırıq, axı, əlimizdən başqa nəsə gəlmir, hələki mümkün olanı budu.

Yerə-göyə meydan oxuyan köpəyi sanki ildırım vurdu. Yerindəcə gərnəşdi, amma neyləyəsiydi ki, o özü də bu sualın qarşısında acizdi. Di gəl, geri çəkilmək fikri də yoxdu, dilini qısıb beyninə güc gəldi. Onun bu xoş məramına və qətiyyətinə Tanrı biganə qala bilmədi. Nyutonun başına düşən almalardan birini nə təhər onun başına çırpdısa, köpəyin beyni saat mexanizmi kimi işə düşdü.

- Aha, tapdım... Bu, sizin əlinizdə əslində bir ovuc su içimi kimi bir şeydi. Bizi ən çox ona görə qırıb-çatırsınız ki, tez-tez küçükləyirik, özü də hər dəfə bir vaqon. Haqlısınız, amma bu dərəcədə də yox da... Başınızı sındırın, ortaq məxrəcə gəlin, bunun qarşısını alın, amma qismən, daha bizi birdəfəlik şikəst eləməklə yox da?! Qoy biz də sevginin az-maz dadını çıxardaq da. Yer-göy sizin əlinizdə, ixtiralarınız, nou-haularınız saya gəlmir, robot adama qədər düzəltmisiniz, göyün yeddinci qatına qədər dırmaşmısınız... Özünüzə bir az da əziyyət verib bizim də dərdimizə əlac edin də...

Beynəlxalq təşkilatların nümayəndələri ağzıaçıla ona qulaq kəsilmişdilər, köpəyin mətləb üstə gəlməsini səbirsizcəsinə gözləyirdilər. Bir qədər də müdrik görkəm almağa çalışan köpək elə indicə qafasında tarazladığı “ixtirası”nı dilə gətirdi:

- Çalışın, yolunu tapın ki, biz arada-bir balalayaq, özü də bir-bir, cəhənnəmə hərdən əkiz də ola bilər, əgər, bunu bizə çox görməsəniz... Daha bizi qısırlaşdırmağa nə gərək... Bu yolnan biz də sürətlə çoxalmarıq, düzü-dünyanı basmarıq, vəssalam. Bu sizin əlinizdə heç nədir?! Bizim üçün sığınacaqlara çəkilən xərclərin, toplanan ianələrin məhdud bir qismi ilə bunun öhdəsindən gəlmək mümkündür. Bax, Çində necədir, saya gəlmədiklərindən hər ailəyə cəmi bir övlad dünyaya gətirməyə icazə verirlər. Daha onlara eşqi, məhəbbəti qadağan eləmirlər ki... Nə fərqi var, biz də sizin kimi Allahın yaratdığı canlılarıq da... Bizim üçün də bunun yolunu tapsanız, çox şad olardıq, bilərdik ki, bizim də sevib-sevilmək haqqımıza hörmətlə yanaşılır...

Haqq sözə nə deyəsiydilər ki, konkret təklif də ortalıqdaydı. Bu Corcun da ağlına batmışdı:

- Dediyinizdə məntiq var, düzdü, bunu araya-ərsəyə gətirmək heç də siz düşündüyünüz qədər asan olmayacaq. Di gəl, bu real vəziyyətdən məncə ən düzgün çıxış yolu olardı. Dediklərinizi günü sabah lazımi yerlərə çatdıracağıq, mütləq, arxayın ola bilərsiniz. Böyük dövlətləri də bu məsələnin birdəfəlik həllinə qoşmağa çalışacağıq... Söz.. Əlamətdar gün münasibətilə bir daha təbrik edirik, maşallah, sizə əməlli-başlı qonaqlıq da veriblər ki...

Bu cür sonluq hamının ürəyincə oldu. Baytarın da sevinci hədsizdi. Di gəl, hardan ağlına gələsiydi ki, bir neçə günə bayaqkı xoşagəlməz anlarda sarılığını birdəfəlik udduğunun mahiyyətinə varacaqdı. Hələki başlarına istər-istəməz olmazın oyun açdığı itlərin vəziyyətinə düşdüyündən xəbərsizdi. Sən demə, itlərin qarşısında insanların günahını yumağın bədəli bu dəfə onun payına düşübmüş.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}