Nazirlər Kabineti ilə Milli Məclis hakimiyyəti çətin vəziyyətlə üzləşdirib
Tarix: 10-01-2017 14:15 | Bölmə: Slayd

Azərbaycanda keçirilən sonuncu referendum ərəfəsində ən çox müzakirə olunan məsələlərdən biri də Milli Məclisin, eləcə də Nazirlər Kabinetinin buraxılması oldu.

Parlamentlə hökumətin buraxılması ilə bağlı prezidentin səlahiyyətinin artırılması bəzi ekspertlərdə 2017-ci ildə bu istiqamətdə mühüm addımların atılacağı qənaətini yaradırdı.

Qeyd edək ki, son dövrlər ölkədə baş verən proseslər, həm hökumətə, həm də Milli Məclisə qarşı etinasızlıq mühiti yaradıb. İqtisadi böhranın dərinləşməsi, yürüdülən iqtisadi siyasətin nəticəsiz qalması hökuməti, eləcə də Milli Məclis üzvlərinin xalqın maraqlarının ziddinə getmələri və etinasız mövqe sərgiləmələri həm də parlamenti gözdən salıb. Bəzi ekspertlər ehtimal edirlər ki, hakimiyyətin başındakılar cəmiyyətdə yaranan narazılığı səngitmək üçün hökuməti buraxa bilər. Təbii ki, burada əsas məqsəd həm də, cəmiyyətdə yaranan narazılığı sakitləşdirmək məqsədi daşıya bilər.

Eləcə də parlamenti buraxmaqla ölkədə ictimai-siyasi arenaya yeni ab-hava gətirməyə çalışa bilərlər. Çünki yeni parlament seçkilərinin keçirilməsi siyasi cəbhədə hər hansı bir etiraz dalğasını ikinci plana keçirər. 

Gülağa Aslanlı: "Hökumət ölkəni bərbad hala salan bir qurumdur”

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Reyting.az-a deyib ki, həm parlament, həm də hökumət tam tərkibdə buraxılmalı idi. G.Aslanlının sözlərinə görə, Azərbaycanda gerçək seçki olmadığı üçün Milli Məclis legitim qurum deyil:

"Azərbaycan hökuməti ölkəni bərbad hala salan, iqtisadi cəhətdən çökdürən bir qurumdur. Demokratik cəmiyyətdə yaşasaydıq, bu cür hökuməti çoxdan istefaya göndərmişdik. Azərbaycanda istefa mədəniyyəti olmadığına görə, öz xoşları ilə istefaya gedəcəklərini düşünmək sadəlövhlükdür. Amma getdikcə ölkənin vəziyyəti o qədər kritikləşir ki, hökumət və parlament üzvləri nə qədər tez istefa versələr, Azərbaycan xalqına o qədər xidmət etmiş olarlar".

Müsavat yetkilisi hesab edir ki, artıq hakimiyyət cəbhəsində də belə bir niyyət hiss olunur. "Ölkənin iqtisadi vəziyyətinin pisləşməsi ona gətirib çıxaracaq ki, hökumət ya özü istefaya gedəcək, ya da xalq onları istefaya göndərəcək.

Parlament isə legitimliyi olmayan bir qurumdur. Ona görə də saxta parlamentdə oturanların Azərbaycan xalqına zərrə qədər sevgiləri, sayğıları varsa, mandatdan imtina etsinlər.

Amma mən düşünmürəm ki, hökumətdə və parlamentdə bu iradəyə sahib olan şəxslər olsun. Ona görə də ancaq xalqın tələbi ilə parlament və hökumət istefaya göndərilməlidir",- deyə, G.Aslanlı fikrini tamamlayıb.


Nəsimi Məmmədli: "Antiböhran tədbirləri sosial-iqtisadi tarazlığı tamamilə poza bilər”

Siyasi şərhçi Nəsimi Məmmədli isə bildirib ki, referendumdan keçən müddət sübut edib ki, Konstitusiyaya edilən məhdudlaşdırıcı əlavə və dəyişikliklər əsasən hökumətin "xalqdan qorunma" siyasətinin davamı olub.

N.Məmmədlinin sözlərinə görə, təsadüfi deyil ki, yerli və beynəlxalq mütərəqqi qüvvələr də referendumu azadlıqların məhdudlaşdırılması, mülkiyyət toxunulmazlığının ortadan qaldırılması, müddətsiz hakimiyyətə konstitusional zəmin hazırlanması, dövlət nizamının bərbad hala salınması və bütövlükdə demokratiyaya bəslənən ümidlərin yox edilməsi istiqamətində "islahat" kimi qəbul edib:

"Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi hansısa uğurlu siyasi islahatların başlanması kimi deyil, hakimiyyət elitasını idarəetmənin yaratdığı sosial böhrandan qorumaq məqsədi güdürdü. Böhranın qarşısını almaq üçün heç bir normal iqtisadi tənzimləmə gətirməyi bacarmayan iqtidar bir ildən çoxdur ki, əhalinin diqqətini idarəetmənin bacarıqsızlığından yayındırmağa xidmət edən müxtəlif səpkili addımlar atır. İnsanların hüquq və azdlıqlarını məhdudlaşdırmaq, toplumda kütləvi ümidsizlik, qorxu, çarəsizlik yaratmaq üçün ən ağılasığmaz qərarlar qəbul edir. Hüquq-mühafizə orqanlarının gücü ilə hüquqa və qanunçuluğa açıq-aşkar meydan oxunaraq, hakimiyyətlə əhali arasında nəhəng bir qala hörülür. Belə situasiyada həyata keçiriləcək istənilən təşəbbüs siyasi-iqtisadi islahatlara zəmin yaratmağa xidmət etməyəcək".

N.Məmmədli nəzərə çatdırıb ki, ölkədə sosial durum çox gərgindir. Bunu istənilən şəxs ən səthi şifahi sorğularla da müəyyən edə bilər:

"Hakimiyyətin antiböhran tədbirlərinin səmərəsiz olması əhalinin güzəranının günü-gündən ağırlaşmasına və sosial-iqtisadi tarazlığın tamamilə pozulmasına gətirib çıxara bilər. Təəssüf ki, siyasətə qarışacaq qədər yetkin və ağıllı olmayan vətəndaşlarımız qarşıdakı mərhələdə daha acınacaqlı durumla üzləşəcəklər.

Qlobal və regional beynəlxalq siyasətdə də indiyədək müşahidə etmədiyimiz siyasi mərhələnin yetişməsi şübhəsiz ki, ölkəmizə təsir edəcək. İqtidar da çətinliklərdən doğan lokal sosial etirazların istiqamətini idarə olunan süni siyasi etirazlarla dəyişdirməyə yəqin ki, cəhd edəcək. Təfərrüatlara varmadan deyə bilərəm ki, ölkə Konstitusiyası elə bir hala salınıb ki, onu əsas götürərək tətbiq ediləcək istənilən model hansısa uğurlu siyasi müstəvi yaratmayacaq".


Mütəllim Rəhimli: "Milli Məclisin buraxılması üçün ciddi səbəb olmalıdır”

Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimli isə bir qədər fərqli düşünür. Ötən il keçirilən referendumla bağlı olduqca müxtəlif fikirlərin irəli sürülməsinin şahidi olduğumuzu deyən M.Rəhimlinin bildirib ki, referendum başa çatdıqdan sonra ilk addımın nə olacağı ilə bağlı da bir sıra fikir və proqnozlar irəli sürülüb:

"Bunlardan biri də parlamentin buraxılacağı ilə bağlı idi. Həm də bu fikirlər uzun müddət mediada yer aldı. Amma həm o vaxt, həm də indi mənim üçün başa düşülən deyil ki, bu fikirlər haradan qaynaqlanır. Çünki Milli Məclisin buraxılması üçün ciddi səbəb olmalıdır. Referendumda Konstitusiyaya Milli Məclisin səlahiyyətləri ilə bağlı ciddi bir dəyişiklik edilməyib və onun buraxılması üçün hər hansı hüquqi zəmin yaranmayıb. Belə olan halda siyasilər Milli Məclisin buraxılmasını nə ilə izah edə bilərlər? Əgər indi bəzi deputatların seçicilərə qarşı aşağılayıcı, təhqiredici çıxışları əsas götürülürsə, buna görə Milli Məclisi buraxmağa ehtiyac yoxdur. Ən yaxşı halda həmin deputatların səlahiyyətlərinə xitam verilə bilər".

M.Rəhimli müxalifətin gözləntiləri ilə bağlı da fikirlərini bölüşüb. Politoloq deyib ki, bəzi müxalif qüvvələr düşünürsə ki, parlamenti buraxmaqla yeni təyin olunacaq seçkilərdə onlar da Milli Məclisə düşə bilərlər, bu ehtimal da çox zəifdir: "Çünki ölkədə siyasi situasiyada hər hansı dəyişiklik yoxdur və seçicilərə təsir mexanizmi hakimiyyətin əlindədir. Belə olan halda bəzi müxalif qüvvələrin tələbləri perspektivsiz və reallığa uyğun gəlməyən fikir təsiri bağışlayır".

Politoloq sonda qeyd edib ki, dünya bazarında neftin ucuzlaşması və manatın dəyərdən düşməsi fonunda hakimiyyət külli miqdarda əlavə xərc tələb edən paralament seçkilərinə getməz: "Çünki görünən budur ki, iqtidar yaranmış böhran vəziyyətindən çıxmaq üçün ciddi qənaət rejiminə keçməkdədir".

Reyting.az

 

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}