Hakim komanda böyük şansını itirir
Tarix: 23-10-2017 11:57 | Bölmə: Slayd
Hakim komanda böyük şansını itirir

Referendumdan sonra Azərbaycanda ciddi isahatlara start veriləcəyi ilə bağlı gözləntilər olsa da, hələ ki, bu istiqamətdə əhatəli iş görülməyib. Təbii ki, bir sıra struktur islahatları aparılıb, bəzi kadr dəyişiklikləri reallaşdırılsa da, hələlik hakim komandada nəzərəçarpacaq dəyişikliklər baş verməyib.

Bəzi ekspetlər 10 il əvvəlki dönəmi hazırıki vəziyyətlə müqayisə edərək, əslində ciddi dəyişikliklərin olduğunu iddia edirlər. Lakin böyük əksəriyyət hakim siyasi iradənin yanaşmasında, iqtidarın prinsipial idarətmə sistemində ciddi dəyişikliyin şahidi deyil.

Maraqlısı odur ki, bütün bunlara baxmayaraq, cəmiyyətdə müəyyən kəsim ciddi islahatlardan tamamilə əlini üzməyib. Hesab edirlər ki, zəif sürətlə də olsa, dəyişikliklər gedir. Bu dəyişikliklər köklü islahat kimi görünməsə də, bir müddət sonra müsbət nəticəsini verəcək.

Amma müxalif düşərgə bir qədər fərqli düşünür və islahatlarla bağlı böyük şansın əldən verildiyini iddia edir.

Bəzi qüvvələr qanunsuzluqlarda maraqlıdır

Hakim komanda böyük şansını itirir

Siyasi şərhçi Zəlimxan Məmmədli “Reytinq”ə deyib ki, Azərbaycanda həyata keçirilən kadr siyasətinin qüsurları göz önündədir. Onun qənaətincə, idarəetmədə ortaya çıxan problemlərin əsas səbəblərindən biri də budur:

“Hakimiyyətlər müxtəlif qaydada formalaşır və ona uyğun olaraq daxili kadr siyasətini müəyyənləşdirir. Bütün hakimiyyət formalarında Konstitusiya əsasən ideal, qüsursuz yazılır. Azərbaycanın ana yasası demokratik tələblərə cavab versə də, reallıqda bu ali qanun işləmir.

Niyə? Çünki Konstitusiyanın "Hakimiyyətin mənbəyi xalqdır” tələbi pozulub.

Niyə pozulur? Ona görə ki, hakimiyyətin təməli hərbi qiyamla formalaşıb və bu hakimiyyətin formalaşmasında kənar - Azərbaycanda milli dövlət quruculuğunda maraqlı olmayan güclər mühüm rol oynayıblar. Həmin qüvvələr qanunsuzluqlarda, hüquqi nihilizmdə maraqlıdır. Bu durum onların maraqlarını təmin etmək üçün daha münbit şərait yaradır. Cəmiyyət qütbləşir, mərkəz boşalır və milli varlığın qarantı olanların əvəzinə ortaya yad ünsürlər, düşmənlər girir - din, ticarət və s. adlarla”.

Z.Məmmədli hesab edir ki, bu reallıqda Azərbaycan iqtidarı istəsə də demokratik mühiti bərqərar edib, islahatları xalqın maraqlarına uyğun həyata keçirə bilməz. Çünki bu halda uduzacağını gözəl bilir:

“Uduzmamaq üçün zorakılığa, gücə, qanunsuzluğa müraciət edəcək ki, bu da onların durumunu müvəqqəti rahat göstərsə də, sonunun daha ağır olmasını qaçılmaz edir”.

Xalq və hakimiyyət üz-üzə dayanmalı olacaq

Siyasi şərhçi qeyd edib ki, hakimiyyət ətrafda baş verənlərdən nəticə çıxara bilsə, qurban verməyə hazır olmalıdır:

“Himayədarları ilə münasibətləri pozmalı, komandada kənar qüvvələrin maraqlarını ifadə edən kadrların radikal formada təmizlənmə prosesinə start verilməlidir.

Bəs bunu hakimiyyət daxilində hansı qüvvə edə bilər?

Əvvəllər daha çox prezidentin cavanlığını, çirkaba bulaşmadığını əsas götürərək onun üzərində işləməyi doğru hesab edirdim, hətta bu istiqamətdə ciddi layihələrlə də çıxış etmişəm. Amma qütbləşmədə maraqlı olan qüvvələr daha güclü çıxdı və bu mütərəqqi xətt arxa plana keçdi. Yenə də şans az olsa da, tək qüvvə və səlahiyyət sahibi olaraq prezidenti görürəm.

Hakimiyyət içərisində dediyim kriteriyaya cavab verəcək təəssüf ki, bir nəfər də aydın kadr yoxdur. Görünür, Xalq və Hakimiyyət üz-üzə dayanmalı olacaq. Bu, ağır yol olsa da, başqa alternativ qalmır. Artıq hakimiyyətin digər ixtiyari formada islahat adı ilə kadr təyinatı və yerdəyişmələrinin də heç bir əhəmiyyəti olmayacaq, çünki konyuktura və aldatma cəhdi göz önüdədir”.

Azərbaycandan beynəlxalq seçimdə mövqe tələb edilir

Hakim komanda böyük şansını itirir

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə bildirib ki, əslində heç bir islahatdan söhbət gedə bilməz, hakimiyyət sadəcə, yaranmış vəziyyətə reflektor reaksiya verir, maksimum dərəcədə ehtiyatlı davranır.

Ə.Əliyevin sözlərinə görə, iqtidar zirvəsində ən çox ehtiyat edilən məsələ “hakimiyyət qayığı”nın ləngər vurmasıdır:

“Ona görə də həssasiyyət yüksəkdir. İqtidar çox çətin durumdadır. Eyni zamanda bir neçə məsələni həll etməlidir. Müşküllər həm ölkənin daxili, həm də xarici ilə, ölkənin daxilindəki işlər isə bir neçə layda yoluna qoyulmalıdır”.

Məmur istefa təklifindən boyun qaçırıb

VİP sədrinin fikrincə, ilk növbədə geopolitik seçimin yeni paradiqması müəyyən edilməlidir:

“Qərb aşkar şəkildə Azərbaycandan beynəlxalq seçimdə mövqe tələb edir. Davamlı olaraq Avropa Şurasından, ATƏT-dən, Avropa Birliyindən gələn sənədlər, bəyanatlar seçimin sürətlənməsi üçündür.

Yeri gəlmişkən, prezident Əliyevin Avropa Birliyi ilə yeni mərhələnin müzakirəsi üçün gözlənilən noyabr səfəri kritik voyaj olacaq. Rəsmi səviyyədən başqa, müxtəlif jurnalist araşdırmaları adı altında Panama sənədləri, Landromat, Bombardier, indi də maltalı jurnalistin qətli və bütün bu ifşa kampaniyalarında Azərbaycan iqtidarının adının “qırmızı xətlə” keçməsi, həyacan siqnalı olmalıdır. Ərəb dövlətlərində baş verən inqilab dalğası da belə xəbərdarlıqlardan başlamışdı”.

Dünyanın çox mürəkkəb mərhələyə qədəm qoyduğunu deyən partiya sədri qeyd edib ki, belə gərgin beynəlxalq fonda iqtidar həm də nəsil dəyişikliyini, dolmayan büdcə, artan sosial və siyasi gərginlik, komandadaxili çəkişmələr, nüfuzunu qorumaq istəyən, hər mənada “qalınlaşmış” məmur təbəqəsinin sabotajı və s. mürəkkəb müşkülləri həll etmək məcburiyyətindədir.

Oliqarxiya hakimiyyət üçün başağrısına çevrilib


Ə.Əliyevin qənaətincə, müxtəlif kanallarla gələn məlumatlardan aydın olur ki, oliqarxların bir qismi varidatlarından imtina etmək istəmirlər. Yəni, onlara verilən könüllü təslim əməliyyatından boyun qaçırırlar:

“Şəxsi kanallarla gələn xəbərlər sırasında təsir imkanı böyük olan, infrastruktura, o cümlədən dərin beynəlxalq əlaqələrə malik məmurlardan biri, ona verilən istefa təklifindən aşkarcasına boyun qaçırıb. Bu, həm də gəmidəki qiyama da bənzəyir.

Əlbəttə ki, bu, malik olduğumuz neqativ məlumatlardan kiçik qismidir. Hakimiyyətin ən böyük dayağı oliqarxiya, indi hakim qrup üçün əsl başağrısına çevrilib. Belə şəraitdə hər hansı islahatın aparılması da mümkünsüz görünür. Belə şəraitdə yalnız risqli qərarlar vəziyyəti qoruyub saxlamağa yardım edə bilər. İqtidar sahiblərinin isə risq vərdişi mövcud deyil. Onlar ekstremal vəziyyətlərə vərdiş etməyiblər. Ona görə də, daha çox “çürütmə” siyasəti tətbiq edilir.

Yeni təyinatlar da, göründüyü kimi, məlum komanda üzvlərinin ailələrindəndir. Kənara çıxmağa ehtiyat edilir. Hakim zümrə ölkəni deyil, hakimiyyəti saxalmağı düşündüyündən, belə qərarlar verilir. Amma bu, kökündən yanlışdır. Bu yolla Azərbaycan xaosa sürüklənir.

Nə vaxta qədər maaşlar xarici kreditlərlə veriləcək? Dövlət, o cümlədən bütün cəmiyyət bir qrup insanın əlində girova çevrilib. Hərdən elə təəssürat yaranır ki, ölkə idarə olunmur, avtopilotla gedir”.

Ə.Əliyev dediklərinin əksər hissəsinin gələnilki seçkilərlə bağlı olduğunu vurğulayıb. Onun iddiasına görə, komanda üzvləri YAP-dan yeni namizədin olmasına müqavimət göstərirlər:

“Beynəlxalq təzyiqin də altyapısının əhəmiyyətli payı Azərbaycanın növbəti dönəmdə yeri ilə bağlıdır. Növbəti seçkilər bu status-kvoya aydınlıq gətirə bilər. Hesab edirəm ki, seçkilərə qədər heç bir islahatdan söhbət gedə bilməz. Əgər YAP-dan yeni namizəd olsa, seçkilərə qədər vəziyyət qorunsa, iqtidar texniki üstünlüklərini maddiləşdirə bilsə, növbəti mərhələdə islahat gözləmək mümkündür”.

Partiya sədri sonda qeyd edib ki, islahatların digər ssenarisi müxalifətin qalib gəlməsi halında ola bilər. “İlham Əliyevi növbəti dəfə prezident seçkilərinə aparsalar, bu, hakimiyyətin mühafizəkar qanadının qələbəsi olacaq. O zaman da indiki bataqlıq effekti davam edəcək”,- deyə Ə.Əliyev fikrini tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}