Avropa-ABŞ əməkdaşlığına ağır zərbə dəyib
Tarix: 27-05-2025 13:21 | Bölmə: Dünya
Avropa-ABŞ əməkdaşlığına ağır zərbə dəyib

Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi məsələsində Avropa və ABŞ artıq eyni istiqamətdə hərəkət etmir.

Reyting.az
xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” nəşri Almaniya Xarici İşlər Nazirliyinin daxili sənədinə istinadla yazıb.

Nəşrin yazdığına görə, Avropa Rusiyaya qarşı on səkkizinci sanksiya paketini hazırlasa da, çox güman ki, avropalıların amerikalılarla Kremlə qarşı birgə fəaliyyətə dair ümidləri bir daha özünü doğrultmayacaq.

Sənədə əsasən, Avropa İttifaqının (Aİ) sanksiyalar komitəsinin rəhbəri David OSullivan bəyan edib ki, sanksiyalardan yayınma ilə bağlı transatlantik koordinasiya tam pozulub.

Bildirilir ki, artıq “birgə təmaslar” yoxdur. Hətta bununla bağlı G7 ölkələri arasında əməkdaşlıq da “itib”. Bu şəraitdə avropalı və amerikalıların əlavə sanksiyalar paketi üzərində necə razılığa gəlmək niyyətində olduqları sirr qalır. Xüsusilə də bəzi ekspertlər Trampın Rusiya ilə əməkdaşlığı mümkün qədər tez bərpa etməyə üstünlük verəcəyinə inandıqlarına görə.

Məlumata görə, həm David OSullivan, həm də AB Kəşfiyyat Koordinasiya Ofisinin direktoru Daniel Markiç sanksiyaların Rusiya iqtisadiyyatına əhəmiyyətli təsir göstərdiyini vurğulayıblar. Aİ həmçinin üçüncü ölkələr, xüsusilə Ermənistan, Serbiya, Özbəkistan və Hindistan vasitəsilə hərbi malların ixracında müəyyən uğurlar əldə edib. Bununla belə, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə vasitəsilə daşımalar problemlidir, Çin və Honq Konq sanksiyalardan yayınmaq üçün əsas mərkəzlər kimi qalırlar.

Xatırladaq ki, bu yaxınlarda Avropa İttifaqı Rusiyaya qarşı yeni, 17-ci sanksiyalar paketini təqdim edib. Bundan əlavə, “Bloomberg”in məlumatına görə, Avropa artıq Moskvaya qarşı yeni məhdudiyyətlər hazırlayır. Xüsusilə, 20-dən çox bankın SWIFT-dən ayrılması və “Şimal axını” qaz kəmərinin qadağan edilməsi imkanları nəzərdən keçirilir.

Eyni zamanda Qərb mediası öz mənbələrinə istinadla yazır ki, ABŞ prezidenti Donald Tramp bu həftə Rusiyaya qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir. Məhdudiyyətlər çətin ki, yeni bank sanksiyalarını əhatə etsin, lakin Putinə 30 günlük atəşkəs də daxil olmaqla, güzəştə getməyə təzyiq etmək üçün digər variantlar müzakirə olunur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər