Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib
Tarix: 25-10-2019 14:09 | Bölmə: Dünya
Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib

Oktyabrın 25-də Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilib.

İclasda Azərbaycanın Baş Naziri Əli Əsədov iştirak edib.

“Skolkovo” Texnoparkında keçirilən iclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin aktual məsələlərini müzakirə ediblər.

Görüş iştirakçıları cəmiyyətin rəqəmsal inkişafı sahəsində əməkdaşlıq konsepsiyasını və onun həyata keçirilməsinə dair əsas tədbirlər planını qəbul ediblər. Konsepsiya və plan MDB dövlərlərində iqtisadiyyatın rəqabətqabiliyyətliyinin, ölkələrin iqtisadi inkişafının, əhalinin rifah halının və həyat keyfiyyətinin artırlmasında başlıca rol oynayan rəqəmsal inkişaf üçün lazımi şəraitin yaradılmasına imkan verəcək.

İclasda MDB ölkələrinin İnformasiya Təhlükəsizliyinin təmin edilməsi Strategiyası haqqında qərar da qəbul edilib. Strategiya siyasi, iqtisadi, elmi-texniki, sosial, hərbi, ekoloji sahələrdə mövcud təhdidlər şəraitində MDB ölkələrinin informasiya təhlükəsizliyi istiqamətində əməkdaşlığın səmərəliliyinin artırılmasına, səylərin birləşdirilməsinə yönəldilib. Sənəddə informasiya təhlükəsizliyi sahəsində birgə razılaşdırılmış tədbirlərin keçirilməsinə, o cümlədən təhlükəsiz və sabit İnternetin təmin olunması, beynəlxalq informasiya mübadiləsi, informasiya texnologiyalarından terror məqsədi ilə istifadə olunmasının qarşısının alınması və digər sahələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyi əksini tapıb.

MDB hökumət başçıları MDB antiinhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, MDB ölkələrinin Oyunları və bir çox digər saziş və qərarlar imzalayıblar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər