Lavrov HƏMAS lideri ilə Yerusəlimdəki gərginliyi müzakirə edib
Tarix: 21-04-2022 16:05 | Bölmə: Dünya
Lavrov HƏMAS lideri ilə Yerusəlimdəki gərginliyi müzakirə edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Fələstin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Xaniyə arasında telefon danışığı olub.

Məlumata görə, Fələstin tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasında yaranan vəziyyət müzakirə edilib, Yerusəlimdə Əl-Əqsa məscidi kompleksi ətrafında gərginliyin davam etməsi təhlükəsi vurğulanıb.

Eyni zamanda, müqəddəs yerlərdə status-kvonunun pozulmasının yolverilməzliyi, vəziyyətin daha da pisləşməsinin və lokal toqquşmaların genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsinin qarşısının alınmasının zəruriliyi qeyd edilib.

Sergey Lavrov təsdiqləyib ki, Rusiya tərəfi Fələstin-İsrail danışıqlar prosesinin hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda qurulması maraqları naminə fəal səylərini davam etdirəcək. Onun yekun məqsədi 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla, İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil Fələstin dövlətinin yaradılmasıdır.

Fələstin Azadlıq Təşkilatının siyasi platformasında, o cümlədən Rusiya diplomatiyasının vasitəçiliyi ilə Fələstin daxilində birliyin tezliklə bərpası vəzifəsi də əsaslı şəkildə nəzərdən keçirilib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər