ABŞ Nümayəndələr Palatası “Gürcüstana dəstək aktı”nı təsdiqləyib
Tarix: 28-04-2022 10:42 | Bölmə: Dünya
ABŞ Nümayəndələr Palatası “Gürcüstana dəstək aktı”nı təsdiqləyib

ABŞ Nümayəndələr Palatası “Gürcüstana dəstək aktı”nı təsdiqləyib.

Bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Sənəddə iki ölkə arasında qanunvericilik səviyyəsində möhkəm strateji tərəfdaşlığın qurulması nəzərdə tutulur.

Aktda ABŞ-ın Gürcüstanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyünə, Avropa və Avroatlantik inteqrasiyasına qətiyyətli dəstəyi, həmçinin ölkə vətəndaşlarının öz gələcəklərini, xarici və təhlükəsizlik siyasətini müəyyən etmək hüququ qeyd olunub.

Qanun layihəsi Rusiyanın işğal etdiyi Abxaziya və Tsxinval regionlarında insan haqlarının pozulmasını qınayır, münaqişənin sülh yolu ilə həllini dəstəkləyir və Rusiyanı 2008-ci il 12 avqust tarixli atəşkəs haqqında razılaşmaya tam əməl etməyə çağırır.

Sənəddə müdafiə və təhlükəsizlik sahələrində ABŞ-Gürcüstan əməkdaşlığına xüsusi diqqət ayırılıb. Aktda ABŞ administrasiyasına Gürcüstanın Rusiya dezinformasiyası və təbliğatı ilə mübarizədə imkanlarını gücləndirmək üçün təsirli addımlar atmağa çağırılıb.

Prosedur planda növbəti addım kimi Nümayəndələr Palatasının təsdiqlədiyi sənəd Senata göndəriləcək. Qanun layihəsinin Senatın müvafiq komitələrində təsdiqlənəcəyi və prezidentin sənədi imzalayacağı halda “Gürcüstana dəstək aktı” qüvvəyə minəcək.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib ki, aktın qəbul edilməsi ABŞ və Gürcüstan arasında strateji tərəfdaşlığın güclənməsini təsdiqləyir. O, Gürcüstanın suverenliyi, ərazi bütövlüyü, demokratiya və NATO-ya inteqrasiyasını dəstəklədiyinə görə Nümayəndələr Palatasına təşəkkür edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər