Britaniya nəhəngi iki ölkə ilə əməkdaşlığı dayandırıb
Tarix: 26-11-2024 18:36 | Bölmə: İqtisadiyyat
Britaniya nəhəngi iki ölkə ilə əməkdaşlığı dayandırıb

Böyük Britaniyanın nəhəngi və krallıqda ən böyük ingilis bankı hesab edilən "HSBC" Rusiya ərazisindən ödənişləri qəbul etməyi dayandırıb.

Reyting.az
-ın məlumatına görə, Böyük Britaniyanın ən böyük bankı kimi ölkə daxilində, eləcə də xaricdə kifayət qədər nüfuz qazanmış "HSBC" məsələ ilə bağlı artıq öz qərarını verdiyini açıqlayıb. Bu ingilis bankı Rusiyadan və Belarusdan olan fiziki şəxslərin, həmçinin Rusiya vətəndaşı kimi müxtəlif xarici ölkələr üzərindən əlaqə qurmaq istəyənlərə xidmət göstərməyəcək, onların əməliyyatlarını bloklayacaq.

"HSBC" bankının "Reuters" agentliyi vasitəsilə yaydığı məlumatda deyilir:

"Böyük Britaniyanın "HSBC" bankı olaraq bəyan edirik ki, öz prinsipial mövqeyimizi müdafiə edəcəyik. Bank artıq Rusiyadan bütün daxilolma əməliyyatlarını qadağan edəcək.

Nəzərinizə çatdırırıq ki, 2023-cü ilin yayından "HSBC" bankı Rusiya şirkətləri üçün ödənişlərlə bağlı xidməti dayandırmışdı".

Aktivlərinə görə Britaniyanın ən böyük bankı "HSBC" Rusiyadan, Belarusdan olan bütün fiziki şəxslərdən ödənişlər qəbul etməyi bu ilin noyabr ayının 22-dən dayandırır. Bank xəbərdarlıq edib ki, tətbiq olunmuş belə qadağalar xüsusilə fərdi müştərilərə, həmçinin adıçəkilən hər iki ölkədən daxil olan əməliyyatlara şamil ediləcək.

"HSBC" yeni ödəniş qadağasının səbəbi barədə ictimaiyyətə geniş açıqlama verməsə də, qəbul edilmiş yeni qərarın ABŞ-nın Rusiyaya qarşı sanksiyalarının sərtləşdirməsindən bir gün sonra elan edildiyi məlum olub.

Xatırladaq ki, Ukraynaya qarşı müharibədən çox əvvəl Rusiya Federasiyasında öz bank filialına malik olan "HSBC"-nin ABŞ hakimiyyəti tərəfindən ciddi ittiham və iddiaları uzun tarixə malikdir: bank daha əvvəllər Meksikadakı törəmə şirkəti vasitəsilə böyük miqdarda çirkli pulların yuyulması faktına görə 2 milyard dollar cərimə olunmuşdu.

Onu da qeyd edək ki, 2022-ci ilin mayında "HSBC" Rusiyadakı işini dayandırdığını elan edib. İki il sonra bu bank Rusiya Federasiyasında yerləşən törəmə bankını "Expobank"-a satıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər