Bizdən dilənçi çıxmaz - Hekayə
Tarix: 25-11-2018 18:46 | Bölmə: Azad MÜZƏFFƏRLİ
Bizdən dilənçi çıxmaz
(hekayə)

İnsanı adamlar təkləsə, yenə də şükürlüdür. Vay o gündən ki, insanı Allah da təkləyə... Qismətin də taleyi belə gətirmişdi...

Ucsuz-bucaqsız, yaraşıqlı hipermarketlə üzbəüzdə, yolun o tayındakı oturacaqların ikisi dilənçilərin ixtiyarındaydı. Həmin oturacaqlar yanaşıydı. Elə bil, hamı sözləşmişdi, kimsə bu oturacaqlara yanını basmağı özünə rəva bilməzdi. Yəqin ki, dilənçi kimi qələmə verilməkdən çəkinirdilər. Qəribəydi, on-on beş metrlikdəki digər oturacağa isə dilənçilər yaxın belə düşməzdilər. Sanki, bu yazılmamış qanundur. Dilənçilərdən “öz oturacaqları”nda yer tapa bilməyənləri bu həndəvərdə ayaqüstü pay yığardılar.

Təsadüfi adamları çıxmaq şərtilə çox vaxt tənha oturacaqda “yalquzağa” bənzər birisi əyləşərdi. Paltarları nimdaşdı. Dünyanın yükünü özünə şələləmişdi. Saatlarla qəm-qüssəyə bələnmiş daş heykələ dönərdi, cınqırı da çıxmazdı, qımıldanmazdı belə. Gözləri eyni nöqtəyə zillənmiş olardı. Ələlxüsus da, hipermarketin giriş-çıxışına. Qismət oradakı mənzərəni seyr etməkdən doymazdı. Nələri düşündüyü yalnız bir özünə, bir də Tanrıya bəlliydi. Bütün vücudunda canlı təkcənə bir cüt gözləriydi, bəbəklərindən tükənməz nur saçılardı. Bu, diriliyinin yeganə əlaməti idi. Elə bir sinni olmasa da, həyatı alınmamışdı. Diplomu da işə yaramamışdı. Tanrı da ona yar olmamışdı. Görünür, qisməti tərsinə gəlibmiş.

Ətraf gül-çiçəyə bələnmişdi. Hipermarketin dördbir tərəfində olduğu kimi oturacaqların yerləşdiyi ərazi də göz oxşayırdı. Buranın könülaçan mənzərəsinə dilənçilər də həssaslıqla yanaşardılar. Bəlkə də, elə buna görə onlara dəyib-toxunan yoxdu. Qiyafələri bir o qədər ürəkaçan olmasa da, nədənsə, adama elə gəlirdi ki, bu dilənçilər digərlərinə bənzəmirlər. Ətrafla uyuşmağa çalışdıqları kor-kor, gör-gördü. Kimsəyə əl də açmır, ağızları ilə də zəhlə tökmürdülər. Sanardın ki, meydan musiqiçiləridir. Bircə, gitaraları, qarmonları və digər musiqi alətləri çatışmırdı. Onların lal-dinməz nəzərləri isə daim yoldan ötənlərin, bir addımlıqdakı hipermarketə bazarlığa gələnlərin cibindəydi.

Yenə tənhalar qoşalaşmışdı. “Yalquzağa” bənzər kəslə tənha oturacaq bir-birinə həyandılar. Energetikaları yamanca tuturdu. Özlərinə də elə gəlirdi ki, bir-birindən savayı kimsəyə gərək deyildilər. Bununla nisbi təskinlik tapırdılar. Qismətin mədə-bağırsağı acından doğranırdı. Dünən günorta çağı dilənçilərdən biriylə kəsdiyi çörəyin üstəydi. Bərk ayaqda həmin dilənçi karına yetişərdi. Nədənsə, ona “yox” deyə bilmirdi. Doğmalaşmışdılar. Bəlkə də, bu, həmin dilənçinin digərlərindən fərqli olaraq belə həyat tərzinə məcburiyyətdən razılaşdığından irəli gəlirdi. Bir əli anadangəlmə şikəstdi, digəri də alayarımçıqdı. Başqa dilənçilərdən kimsə ilə qətiyyən yaxınlıq etməzdi. Acından köpsə də, birinin də tikəsinə əlini uzatmazdı. Əl-ayağı yerində olsa da, indiki məqamda “dost”u ilə aralarında elə bir fərq görmürdü. Neçə illərdi, işsiz-gücsüzdü. Arada-bir ona müvəqqəti iş təklif edənlər də artıq qeybə çəkilmişdilər. Qara qəpik də olsun, gəliri yoxdu. Avara-sərgərdandı. Gecələməyə daimi ünvandan da məhrumdu. Yaxınlarına yük olmaq istəmədiyindən onlardan yan ötürdü. Rəhmli insanların umuduna qalmışdı. Bacardıqca qürurunu qorumağa çalışırdı. Gücü Allahın sevimli bəndələrinə nəfs ötürməyə yetirdi. Hazırda yeganə məşğuliyyəti hipermarketə bazarlığa gələnləri birər-birər seyr etməkdi. Həmin ticarət mərkəzinin giriş-çıxışında isə günün əksər saatlarında həyat qaynayırdı. Qismət bura üz tutanların talelərini uzaqdan oxumağa çalışar, iç dünyasında “romanlar” qalaqlanardı.

Qarın boşluğundakı küt ağrı güclənməkdəydi. Birtəhər duruş gətirirdi. “Kvartet” ona dinclik vermirdi. Mədəsi, qara ciyəri, öd kisəsi və bağırsaqları bir ucdan “nəğmələr” ifa etməkdəydi. Vokal, instrumental və vokal-instumental “musiqilər” bir-birini əvəzləməkdəydi. Azca keçmiş simli və qarışıq ansambllar meydan sulamağa başladı. Qarnının çeşidbəçeşid curultusunu boğmağa səy göstərsə də, əlindən heç nə gəlmirdi. Onu soyuq tər basmışdı. Növbə saksafona çatdı. Sanki, amansız qara buludlar vargücü ilə yeri döyəcləyirdi. Gedəcəyi bir yer, umacağı kimsə yoxdu. Yaxınlıqdakı “dost”u aclığından duyuq düşüb özü onu bir parça çörəyinə məcburən qonaq etməsə, ona da ağız açmazdı. Sancısı güclənir, dözülməz həddə çatırdı. Akademik musiqilər artıq çoxdan caz, rok və pop musiqilərlə əvəzlənmişdi. Qarın boşluğundan zərb alətlərinin qulaqbatırıcı nəriltisi aydınca eşidilirdi. Onun həzm üzvlərinin üsyanı andıran “musiqilər”inə Qaydn, Motsart, Bethoven, Şostakoviç, Bokkerini, Borodinin kvartet üçün bəstələri çətinki çataydı. Özünü sıxıb, yumağa dönmüşdü.

Yaxınlıqdan ötən məktəblilərdən biri qəflətən onun qənşərində peyda oldu. Məsum-məsum düz gözlərinin içinə baxırdı. Balaca qızcığazın gözlərində Tanrı işığı vardı. Bəlkə də, bu nəyəsə işarəydi. Sancıdan qıvrılsa da, ötən illərdən bəri ilk dəfəydi, içində ümid qığılcımları közərdi. Təxminən 2 və ya 3-cü sinif şagirdi bir göz qırpımında çantasına əl ataraq oradan səliqəylə salfetə bükülmüş dürmənci çıxardaraq ona sarı uzatdı.

- Əmican, xahiş edirəm götürün. Bu sizindi. Ac olduğunuzu duydum...

- ...

Udqundu. Az qala dili tutula. İkili vəziyyətdə qalmışdı. Bir tərəfdən Tanrı pənahını ondan əsirgəməmişdi, özü də son dövrlərdə ilk dəfə. Kəskin ehtiyac duyduğu bir parça qisməti önündəydi. Digər tərəfdən isə körpə məxluğun payına yiyə çıxmaq istəmir, bunu heç cür özünə rəva bilmirdi.

- Məktəbdə acmamışdım, ona görə yemədim. İndi evə gedirəm. Çatan kimi nahar edəcəm. Götürün, yoxsa, bunu yemədiyimə görə valideynlərim məni danlayacaqlar, anam lap başımı keçəl eləyəcək.

Qızcığazın “başından böyük-böyük” danışığına heyran qaldı. Mədəsi isə var gücüylə dürməncə sarı dartınırdı. Nəhayət, qızın bulaq təkin qaynayan baxışları qarşısında duruş gətirə bilmədi. Nə vaxt dürməncə əl uzatdığının mahiyyətinə varmağa macal tapmadı. Mədəsi acgözlüklə dürmənci onun əlindən qoparmaq üçün canfəşanlıq edirdi.

- Əmican, rica edirəm, mənə etiraz etməyin, olar, hər gün dərsə gedəndə mən dürməncimi Sizə verim?! Axı, mən məktəbdə acmıram, səhər anam məni o qədər yedirdir ki, az qala güclə nəfəs alıram. Dürmənci də məcburən çantama qoyur və dönə-dönə tapşırır ki, böyük tənəffüsdə mütləq yeyərsən. Mənsə onu çox vaxt sinif yoldaşlarıma verirəm. Onlar da evdən yemək gətirdiklərindən əksər hallarda dürmənci bilmirəm neyləyim. Onu hələ bir dəfə də olsun evimizə qaytarmamışam. Qorxuram, anam başımda turp əkər...

Son illərdə ilk dəfəydi çöhrəsinə təbəssüm qondu. Bilmədi qızcığaza necə təşəkkür etsin. Buna heç ehtiyac da qalmadı. Balaca qəlbən ona əl eləyib sevincək halda uça-uça yoldaşlarına sarı götürüldü.

Qızcığazın aralanmağı ilə dürmənci gözünə təpməyi bir oldu. Beləcə bayaqdan onu duelə çağıran mədə-bağırsağının əlindən yaxasını müvəqqəti də olsa, qurtardı. Dərindən nəfəs aldı. Axırıncı dəfə evdə hazırlanan yeməyi nə vaxt daddığı yadından çıxmışdı belə. Dürməncdə qaynar bir evin istiliyi vardı. Məktəbli qız ovqatına təravət qatmışdı, nədənsə həyat eşqi də közərmişdi. Adəti üzrə nəzərlərini yenidən hipermarketin girişinə yönəltmək istəyəndə qarşısında kiminsə dayandığını duydu.

- Dur gəl dalımcan, fəhlələrimizdən biri bugün işə çıxmayıb, mallar tökülüb qalıb, daşımaq lazımdı, araba da var, babat əlmuzdu da olacaq. Qismətindən qaçma, tənbəllikdən bir şey çıxmaz.

Hövlnak yerindən atıldı. Hipermarketin işçisinin amiranə danışığının qarşısında acizdi, bir də ki, belə fürsəti aylardı gözləyirdi. Anındaca tutdu. Balaca qızcığazı Ulu Yaradan ona sarı təsadüfən yönəltməmişdi. Gözləri qarşısında tədricən gur işıqlanan uzun yol canlandı. Addımlarını yeyinlətdi.

Ta hava qaralana qədər günün ikinci yarısını yoruldum demədən çalışdı. Əli ilə sildiyi alın tərini içməli su əvəzinə dəfələrlə ağzına təpdi. İlk dəfəydi alın tərinin əsl tamını duydu. Sən demə, alın tərinin dadına dad çatmazmış. Qazancı da pis deyildi, ona görə bu böyük sərvətdi. Ən əsası, son dövrdə ilk dəfəydi, daim gözlərini dikdiyi hipermarketin giriş qapısından içəri adlamaq imkanı qazanmışdı. Özünü adam kimi hiss etdi. Yerişi də şax-şuxdu, bundan az qala özü də diksinə. Üzünü Tanrıya tutaraq qızcığaza da içindən gələn xeyir-duasını əsirgəmədi.

Bazarlığı xeyli çəkdi. Seçdiyini seçdi, qalanına da köks ötürərək gözdolusu tamaşa elədi. Şikəst dilənçi dostunu da unutmamışdı. Bir neçə ovucluq onun çox xoşladığı nanəli konfetdən də almışdı. Sevincindən dostu bu gecə çətinki yuxuya gedəydi. Şad-xürrəm kassaya yaxınlaşmaqdaykən ovqatı yenidən təlx oldu. Yaşlı pensiyaçı qadın seçim qarşısında qalmışdı, pulu çatmadığından əlindəki hər biri təqribən 200-300 qramlıq meyvələrdən hansınısa geri qaytarmalıydı. Heç cür seçimini edə bilmirdi, büruzə verməməyə çalışsa da, bu təamlara çoxdandı tamarzı qaldığı aydınca sezilirdi. Özünü tez ona yetirməyə tələssə də, kimsə onu qabaqladı. Görkəmindən nur və əsl ziyalılıq daman bu şəxs yalvar-yaxar qadını pulun qalanını onun ödəməsinə razı salmağa çalışırdı. Qadın isə iki ayağını bir başmağa dirəyib dediyindən dönmürdü, əlindəki meyvələrdən hansını geri qaytarmalı olduğunu hələ də ayırd edə bilməsə də. Qismət o kişini tanıdı. Az öncə çoxdan kəskin ehtiyac duyduğu yaxşılıq fürsətini onun əlindən qamarlayan bu kəsə bütün hikkəsiylə qabardı.

- Nədi, özünü camaata göstərirsən, ucuz xal yığmağa çalışırsan, hə. Səni mən yaxşı tanıyıram. Bax, bu mağazanın qarşısındakı azərbaycanlı dilənçilərdən birinə də qara qəpiyini qıymırsan. Onları görəndə üzünü 360 dərəcə döndərirsən. Di gəl, qeyri-millətlərə, qaraçılara çatanda əlin daim cibində olur. Onlara qarşı səxavətlisən, nəinki qəpik-quruş, hətta, dəfələrlə manatlıq verdiyinin də canlı şahidi olmuşam.

- Səsini bir az al, əyləci bas, zəhmət olmasa. Dilənçilik bizlik deyil, bu türkə yaraşmaz. Ta bünövrədən Uca Varlıq bizə dilənçiliyi rəva bilməyib. Bu, bədəvilərdən bizə qalma yaramaz “miras”dı. Bundan birdəfəlik əl çəkmək lazımdı. Mən ömrümboyu özümüzünkülərdən birinə də sədəqə verməmişəm və bundan sonra da verəsi deyiləm. Ağlı üstündə olanını imkanım daxilində işə, alın təri ilə çörəyə yönəltmişəm.

Bu gözlənilməz cavabdan təkcə Qismət deyil, ətrafdakıların əksəriyyəti silkindi. O kişiyə qahmar çıxanlar da tapıldı, ağız büzənlər də.

- Bilirəm, hər gün burada hipermarketin qarşısındakı oturacaqda lövbər salırsan. Qəribə tipsən... Əgər yanılmıramsa, elə indicə mən də səni tanıdım. Yaddaşım məni aldatmırsa, biz eyni universitetdə təhsil almışıq, fakültələrimiz fərqliydi. Düz tapdım?!

Qisməti anındaca soyuq tər basdı, yumağa döndü, dili qısıldı. Köməyinə yenə həmən kəs yetişdi.

- Ən əsası odur ki, sən dərvişlik həyatı sürsən də, heç vaxt dilənçilik eləmirsən. Mən burada qonşuluqdakı sənaye parkında çalışıram. Sabah başımı qaşımağa vaxtım yoxdu, işlərim çoxdu. Birisigün işçilərimdən birini göndərəcəm yanına, ümid edirəm ki, məni qırmazsan. Gəl, səninlə söhbətim var, konkret təklifim olacaq.

Görüşləri təsirliydi. Qismət padşahlara layiq tərzdə qarşılandı. Bu xeyirxah insanın adının Ədalət olduğunu da öyrəndi. Söhbətlərinin xeyli hissəsi yada düşər xatirələr axarında davam etdi. Nəhayət ki, Ədalət mətləb üstə gəldi.

- Bizdə sənlik iş yoxdur. Buradakılar hamısı yüksək ixtisaslı peşəkarlardı, konkret bilik, bacarıq tələb olunur. Müasir sənaye müəssisəsidir. Sənsə hüququ oxumusan, yəqin ki, uzun müddətdir işlətmədiyindən biliklərinin də çoxunu itirmisən. Təbii ki, belə vəziyyətə səni kimsə işə götürəsi deyil. Reallıq budur. Di gəl, çıxılmaz vəziyyət yoxdur. Çətinindən başlamaq lazımdır, təki bir parça halallıca çörəyini qazanasan. Sənin potensialına da az-çox bələdəm, əminəm ki, tezliklə hər şey qaydasına düşəcək.

- Elə mən də bunu istəyirəm. Bir neçə gün bundan əqdəm, dərvişlik həyatından çəkinməyə qərar verdim, yenidən normal həyata qayıtmağa səy göstərməyə hazıram. Mənəvi yardım üçün minnətdaram.

- Onda gələk mətləb üstə. Mənim dostlarımdan biri tullantıların toplanması məntəqəsi açıb. Dəfələrlə orada olmuşam, işçiləri ilə də ətraflı söhbət etmişəm. İnanmazsan, adicə zibilliklərdən müxtəlif tullantıları toplayanlar gündəlik ən azı 20-30 manat qazanırlar. Bu, hələ özünü bir o qədər işə verməyənləridir. Bəzi diribaşları gündəlik 70-100 manat da qazanırlar. Geyimlər də, arabalar da, sanitar ləvazimatlar da dostumluqdu. Günorta pulsuz nahar da verir. Nə deyirsən, burada ayıb olası nə var ki?!

- Mən razı. Gecə-gündüz çalışmağa hazıram. Bir də ki, mənim onlardan nəyim artıqdır ki...

- Gəl belə danışaq, sən çalış bu işi incəliklərinə qədər öyrən, ən çətinindən başla. Dostuma deyəcəm, sənə bu baxımdan hərtərəfli köməklik göstərsin. Əgər bacarsan, yaxın gələcəkdə sənin şəxsi belə bir məntəqənin açılmağında da yardımçı olacam. Bax, bu ətrafda zibilliklər saya gəlmir. Hələki buralarda həmin işə girişən yoxdur. Ətraf da sənaye zonasıdır. Zibillikdəki tullantıların əksəriyyətinin babat dəyəri var.

- Bilmirəm, sizə necə minnətdarlıq edim. Allah özü əvəzini versin...

- Çox sağ ol, qətiyyən narahat olma, insan insana nə gündə lazımdır, ilk növbədə dar gündə... Al, bu da Rusiyada çalışan qardaşımın yenicə aldığı ikiotaqlı mənzilinin açarıdır, mənə həvalə edib. İstəmirəm boş qalsın. Adi normal şəraiti var, babat gəlirin olanda, məsləhət bildiyin qədər kirayə haqqı ödəyərsən... Sənə özünü tutana qədər xərclik də verəcəm, üst-başını təzələ, nəyə ehtiyacın var, alarsan. Gələcəkdə yaxşı imkanın olar, qaytararsan, istənilən halda halal eləyirəm. Tanrı sənə yar olsun...

- Lap xəcalət verdiniz, inanın, heç qardaş-qardaşa bu cür hörmət eləmir... Sadəcə, deməyə söz tapmıram...

- Türkün türkdən yaxın kimsəsi yoxdu... Bir-birimizə mənəvi arxa olmaq ulu dədələrimizdən bizə ərmağandı, narahat olma. Haydı iş başına...

Səhərisi gün işə başlayanda Qismətin diqqətini ilkin olaraq girəcəkdəki lövhə çəkdi. Burada yazılanlardan əvvəlcə heç cür axıra qədər baş aça bilmədi; lambirin - 60, selofan – 50, karton – 7, dəmir – 20, butılka – 3, rezin – 15, plastmas - 40. Əvvəllər utanıb-çəkinsə də, tədricən bu işə alışdı. Bir də ki, başqa çıxış yolu yoxdur. Balaca qızcığazın iç dünyasında yandırığı ümid çırağını gur alova çevirmək niyyətində israrlıydı. Altı ayın içərisində işin incəliklərini də qədərincə öyrəndi, xeyli pul-parası da oldu. İsrafçı deyildi, hər qəpiyinin qədrini bilirdi. İndi-indi başa düşürdü ki, sən demə, bu zibillik deyilən nəmənə, qədrini bilmədiyimiz əməlli-başlı xəzinəymiş.

Tezliklə Ədalətin də yaxından yardımı ilə öz biznesini qurdu. Sənaye zonasının ətrafındakı zibilliklər ona xeyli gəlir gətirdi. Bütün borclarını da qaytardı. Ən başlıcası, Ədalətdən əxz elədikləri hikmətlər müqabilində, neçə-neçə soydaşını dilənçilik bəlasından xilas etdi. Ətrafda sədəqə toplayan bircəcik türk balası qalmadı. Şikəst dostuna da yanında iş düzəltdi.

Fürsəti fövtə buraxmadı, hüqüqşünaslıqla əlaqədar biliklərini bərpa etmək üçün özünə aman vermədi. İşdən imkan düşdükcə, sahibkarlığın da sirlərini dərindən mənimsədi, məişət tullantılarına dair beynəlxalq təcrübəni də hərtərəfli öyrəndi. Güzəştli şərtlərlə bir qədər kredit götürüb, tullantıların emalı müəssisəsi yaratdı. Gərgin zəhmət hesabına tezliklə var-dövlət, şəhərin sayılıb-seçilən yerində mənzil və ailə sahibi oldu. Beləcə, 10-15 il ərzində həyatı normal axarına düşdü.

Nəhayət, ömüründə bu qədər sevinmədiyi gün də yetişdi. Ədalət onu xanımı ilə birgə yeganə oğlunun xeyir işinə dəvət eləmişdi. Sevinci yerə-göyə sığmırdı. Səhərin gözü açılandan xeyirxahının övladının ünvanına ailəlikcə duaları əskilmirdi. Səbirsizliklə axşamın sorağındaydı. Bu hələ harasıdır, toyda onu hansı sürprizin gözlədiyindən xəbərsizdi. Hardan ağlına gələ bilərdi ki, məhz Ədalətgilin gəlini vaxtilə arzuolunmaz günlərində, acından köpük qusanda onu dürməncə qonaq eləyən, çöhrəsindəki bir parça nurla onu həyata qaytaran həmən o balaca qızcığazdı. Yəqin ki, Tanrının məsləhəti beləydi.

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər