20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Texnika və cəhalət
Tarix: 27-10-2016 14:54 | Bölmə: Seymur BAYCAN


Mesiaqa Məhəmmədinin tərcüməsində Frans Poppenheymin "Texnika vəyadlaşma" adlı essesini oxu-dum. Essedən bəzi hissələri tirajlamaq istəyirəm.

Frans Popenheym yazır: "...Bu gün bizim texnikaya inam vəetibarımız əvvəllər olduğundan xeyli azdır və hətta müasirlərimizin çoxu tərəqqi anlayışına ironiya ilə yanaşır. Bu dəyişiklik, əlbəttə, bir gecədə baş verməyib. Hətta texnoloji nailiyyətlərin böyük hay-küylə qarşılandığı ötən dövrlərdə də xəbərdarlıq və şübhə ifadə edən səslər eşidilib. Lakin o vaxtlar texnika əleyhinə irəli sürülən ittihamlar indikilərdən tamamilə fərqli səciyyə daşıyırdı. O dövrdə texnikaya hücumlar başlıca olaraq, cəmiyyətin sürətli iqtisadi inkişafının pərişan etdiyi adamlar tərəfindən irəli sürülürdü. Əlbəttə, elə xəyalpərvər müəlliflər də vardır ki, texniki həyatın çirkab və yeknəsəkliyindən bezib kənd sənətkarlarının kiçik emalatxanalarına üz tuturdular, yaxud kəndlinin torpağı şumladığı sakit əkin sahələrinin həsrətini çəkirdilər. Texnikanın tərəqqisinin əslində insan həyatının, onun azadlıq və müstəqilliyinin inkişafı və yüksəlişi demək olması barədə ən güclü dəlillər də onların qorxu hissini zəiflədə bilmirdi. Qorxuya düşmüş fəhlələr yenə də texniki vasitələri özlərinin düşməni sayırdılar və onların texnikaya nifrəti bəzən böyük miqdarda maşın və alətlərin sındırılıb dağıdılması ilə nəticələnən qəzəbli qiyamlar şəklində təzahür edirdi.

Fəhlələrin üzləşdiyi təhlükənin qorxuncluğu XVII-XVIII əsrlərdə Almaniya və İngiltərədə toxuculuq maşınlarından istifadəni qadağan edən fərman və hökmlərdə də qeyd olunmuşdur.

Lanslot Abbatının 1579-cu ildə yazdığı hesabatda göstərilir ki, qubernator yeni toxuculuq maşını ixtira etmiş şəxsin öldürülməsi barədə məxfi əmr imzalayıbmış...".

Frans Poppenheym essesində texnika və yadlaşma ilə bağlı bir neçə incə məqama toxunur ki, onlardan bəziləri ilə razılaşmaq çətindir.

Frans Popenheym daha sonra yazır: "...texnika dövrünəqarşı irəli sürülmüş müddəaları aşağıdakı şəkildə xülasə edib ümumiləşdirmək olar. İnsan öz işində daha özünü ifadə edib göstərə bilmir. Həyatın artmaqda olan bölgüsü təbiət və cəmiyyətə hesablayıcı baxış doğurmuş, onlarla birlik və əlaqə bağlarını qırmışdır. Texniki dünya öz yolu iləgedir vəinsanın rəhbərliyi altından çıxıb. Bütün bu müddəalar nəhayətdə belə bir qəti hökmlə sonuclanır ki, texnologiya dövründə insan özünə, öz işinə, cəmiyyət və təbiətin reallıqlarına qarşı yadlaşma (özgələşmə) burulğanına düşmüşdür. Bu tənqid əvvəllər texnikanın ayrı-ayrı təzahürləri və nəticələrindən edilən şikayət və sızıltılardan daha insani və daha dərindir. Bu ittiham ötən dövrdə texnikanın müdafiəsindən ötrü gətirilən arqumentlərlə rədd və təkzib edilə bilməz.

XVIII-XIX əsrlərdə qeyd olunurdu ki, cəmiyyət texniki tərəqqi yoluna təzəcə qədəm qoyub, ona görə də bu inkişafın bəzi ağrılı təzahürlərindən şikayət etməyə dəyməz, əksinə, onları sağlam və təhlükəsiz bir prosesin qüsurları kimi dəyərləndirmək lazımdır və gələcək inkişaf gedişində onlar hökmən aradan qalxacaqlar. Beləliklə, müvəqqəti ağrılara dözüb, "Daha çox texnikaya doğru irəli!" şüarını qətiyyətlə müdafiə etmək tələb olunurdu.

Lakin bizim günlərdə bu cavab hətta texnika müdafiəçilərinin özləri üçün də qənaətbəxş deyil. Texnikanın hazırkı müdafiəsində başlıca tezis belədir ki, texnika prinsipcə xidmət etdiyi məqsədlərə münasibətdə neytraldır, buna görə həm yaradıcı və qurucu, həm də destruktiv və dağıdıcı məqsədlərə yönəldilə bilər. O, həm insanın özünü tapmasına, həm də özündən uzaqlaşmasına xidmət etməyə qadirdir; həm insanın cəmiyyət və təbiətlə sıx əlaqədə olmasına, həm də onlara yadlaşmasına gətirib çıxara bilər...".

Açığı, essenin müəllifi ilə yaxından tanışlığım yoxdur. Kim olduğunu, hansı məzhəbə qulluq etdiyini bilmirəm. Essesi qarşıma çıxdı, oxudum, bəzi cümlələri tirajlamaq qərarına gəldim.

Onu da etiraf edim ki, belə söhbətlərdən başım çıxmır. Gələcək haqqında danışmaq çox çətinir. "Texnika bizi hara aparır? Ədəbiyyatın, roman janrının axırı necə olacaq?” - kimi suallardan qaçıram və bu haqda düşünmək belə istəmirəm.

Mən hələdəbilmirəm Günəş Yerin ətrafında fırlanır, yoxsa Yer Günəşin. Bir neçədəfə dəqiqləşdirmişəm, sonra yenə yadımdan çıxıb. Bu mövzuda "Yaşamaq" adlı yazıda daha geniş yazmışam, həvəsi olan tapıb oxuya bilər.

Belə olduğu halda sual oluna bilər: Əgər essenin müəllifini tanımıramsa və mövzudan da məlumatlı deyilməsə onda essedən bəzi cümlələri tirajlamağın mənası nədir, bunun bir səbəbi varmı?

Əlbəttə, var! Səbəbi "Azadlıq" radiosunda (saytda) oxuduğum yazıdır.

Texnikanın inkişafı bir çox məsələlərdə, bir çox sahələrdə geri qalmış cəmiyyətlərdə çox ağrılı problemlərin ortaya çıxmasına münbit şərait yaradır.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, keçən il 27452 qadın abort etdirib. Yəqin ki, real rəqəm Statistika Komitəsinin yaydığından daha çoxdur. Ən pisi də odur ki, abort etdirən, aborta gedən qadınların Allah bilir nə qədəri uşağın cinsinə görə bu addımı atmağa məcbur olub. Məcbur olub deyəndə ki, bəzilərini doğrudan da məcbur ediblər, bəziləri də bu işi könüllü görüb. Hər iki hal cəmiyyətimizin, adamların hansı meyarlarla yaşadığını bariz şəkildə göstərir.

"Azadlıq" radiosunda oxuduğum yazıda adı Əminə, soyadı Əliyeva olan qadının dedikləri adamı dəhşətə gətirir: "Mənim iki qızım vardı, üçüncüyə də hamiləydim. Evdə hamı deyirdi ki, bu dəfə mütləq oğlan olmalıdır. Qaynanam və ərim də uşağın cinsini öyrənməyə getmişdilər. Həkim "qız" deyəndə, elə bil, dünya başlarına uçdu. Dedilər ki, mütləq abort olmalıdır".

Hətta həkim də qaynana ilə ərin tərəfində olub. Əminəni boşanmaqla hədələyiblər. Beləcə, uşağı abortla məhv ediblər. Özü də hamiləliyin 15-ci həftəsində.

İndi sağ əlinizi ürəyinizin üstünə qoyub düşünün, bunun adı vəhşilik deyilsə, bəs nədir? Bəli, bunun adı vəhşilikdi, cəhalətdi, nadanlıqdı!

Qadının adı və soyadı şərti ola bilər, amma bu şərti ad və soyad ölkədəki vəziyyəti dəyişmir. Bu, yüzlərlə, minlərlə qadının başına gəlmiş işdir. Elə qadınlar var ki, oğlan uşağı doğana qədər dəfələrlə aborta getməli olur. Yuxarıda deyildiyi kimi, ya könüllü, ya da məcburən. Səbəb nə olursa-olsun, bütün hallarda doğulmamış qız uşaqlarına qarşı bu soyqırım cəmiyyətin sifarişidir. Əgər cəmiyyətin belə bir sifarişi olmasa, heç bir ağlı başında olan insan məhz cinsinə görə uşağı məhv etməz.

Bu sözü milyon dəfə eşitmişik ki, islamdan əvvəl qızları diri-diri torpaqa basdırırdılar. Guya indi bu problem həll olunub. Qızları diri-diri torpağa basdırmaqla onu məhz qız olduğuna görə dünyaya gəlməmiş öldürmək arasında bir fərq varmı siz Allah? 21-ci əsrin insanı belə vəhşi, ibtidai hislərlə necə yaşayır? Özü də bunu tək bir təbəqədən olan adamlar eləmir. Bu vəhşiliyi edənlərin arasında hər cür adam (həkim, müəllim, mühəndis, kəndli, savadlı, savadsız...) tapmaq olar. Şübhəsiz ki, onların arasında "Şərqdə hamam olanda Qərbdə çəlləkdə cimirdilər, müsəlman alimləri bütün kəşfləri Qərb alimlərindən üç yüz il əvvəl deyiblər",- kimi beynimizi xarab edən nağıllar danışanlar da var. Deməli, doğrudan da texnika prinsipcə xidmət etdiyi məqsədlərə münasibətdə neytraldır, buna görə həm yaradıcı və qurucu, həm də destruktiv və dağıdıcı məqsədlərə yönəldilə bilər.

Yaxşı, hamı oğlan doğmaq, oğlan sahibi olmaq istəyir, bəs bunun axırı necə olacaq, bu haqda bir düşünən varmı? Ən ibtidai sual: Bəs bu oğlanlar böyüyüb kiminlə ailə quracaq? Ümimiyyətlə, camaatımız niyə illah da oğlan uşağı arzulayır? Nədir bu arzunun kökündə yatan əsl səbəb? Oğlan uşaqları polisə işə düzəltmək, məhkəmədə üzə durmaq, yoxsa toyda dava salmaq üçün onlara lazımdır?

Yəqin düşünürlər ki, qız çıxıb ərə gedəcək, ata ocağında oğlan çıraq yandıracaq. Amma buna zəmanət yoxdur. Elə oğlanlar tanıyıram ki, bəd əməlləri ilə nəinki ata ocağının, hətta bütün nəslin çırağını söndürüb.

Çoxdan olmuş əhvalatdır. O vaxt hələ ölkəmizdə UZİ-MUZİ yox idi. Bir qohumumun qızı doğulmuşdu. Özü də iki oğlan uşağından sonra. Kişi bir müddət mısmırığın salladı. Qaş-qabaqlı gəzdi. Arvadını neçə müddət danışdırmadı. Qəribə adamlar var, guya bu işdə arvad günahkar imiş. Xülasə, sonra iş elə gətirdi ki, bu kişi ən çox qızını istədi.

Mən nə qədər ailələr tanıyıram ki, oğlan uşaqları ailənin başına olmazın bəlaların gətiriblər, axırda ata-ananı atıb gediblər keflərinin dalınca. Qocalara baxmaq isə qızların öhtəsinə düşüb. Nə fərqi var, oğlan, ya qız uşağı? Əsas odur övlada normal tərbiyə, təhsil verilsin.

Elə kişilər var ki, danışığına, hərəkətlərinə baxırsan, deyirsən ki, atası bunun əvəzinə bir lək soğan əksəydi daha yaxşı olardı.

Ən nəhayət, Bakının müxtəlif məkanlarında kitab satmışam. Öz müşahidəmi yazıram. Kitab alanların hardasa yetmiş faizi qızlar idi. (Reyting.az)


Müəllifin bütün yazıları - Seymur BAYCAN



Bölməyə aid digər xəbərlər
1-07-2018, 01:43 Seymur BAYCAN - Qafqaz triosu
14-04-2018, 13:39 Seymur BAYCAN - Ürək striptizi
17-02-2018, 13:31 Seymur BAYCAN - Qorxulu oyunlar

bütün xəbərlər