Mehman Əliyev: “Türkiyə-Ermənistan sərhədləri açılacaq”
Tarix: 21-01-2021 13:05 | Bölmə: Slayd
Mehman Əliyev: “Türkiyə-Ermənistan sərhədləri açılacaq”

“Rusiyanın Xarici işlər naziri Sergey Lavrov, elə erməni siyasətçilər də Dağlıq Qarabağın statusu haqqında çox şey deyə bilər. Mən hesab edirəm ki, statusla bağlı proses Minsk qrupu çərçivəsində gedəcək. Ehtimal edirəm ki, zamanla Minsk qrupunun fəaliyyəti aktivləşəcək. Güman etmirəm ki, kimsə təcili şəkildə status məsələsini ortaya qoya və onun ətrafında müzakirələr aparmağa çalışa bilər”.

Bu fikirləri Reyting.az-a siyasi analitik Mehman Əliyev deyib.

Onun fikrincə, iki dövlət - Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi, o cümlədən Türkiyə-Ermənistan münasibətlərinin qaydaya salınması baş verməlidir: “Yəni regionda kommunikasiyalar açılmalı, sərhəd delimitasiyası proses getməli, iqtisadi layihələr həyata keçirilməlidir. Bütün bunlardan sonra isə Qarabağda yaşayan erməni icmasının statusu məsələsinə baxıla bilər”.

M. Əliyev əlavə edib ki, hətta Qarabağdakı erməni icmasının statusu məsələsi ortaya çıxsa belə, Azərbaycanın maraqları çərçivəsində həllini tapacaq: “Bunun başqa yolu yoxdur, bizim xeyrimizə öz həllini tapacaq. Yəni Dağlıq Qarabağ Azərbaycanın tərkibində olacaq, başqa cür olmayacaq”.

Türkiyə-Ermənistan münasibətlərinə gəldikdə, M. Əliyev hesab edir ki, bu münasibətlər danışıqlar yolu ilə qaydaya salınacaq: “Bu da qaçılmaz prosesdir. Türkiyə-Ermənistan dövlət sərhədləri açılacaq. Bəli, Ermənistanda buna qarşı çıxan bəzi qüvvələr var, amma onlar boş şeydir. Orada aparacı qüvvə Nikol Paşinyandır. Paşinyana da erməni xalqının dəstəyi var. Odur ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də proseslər gedəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}