Baş nazir Paşinyan bəhanə axtarır ki...
Tarix: 06-08-2022 19:50 | Bölmə: Slayd
Baş nazir Paşinyan bəhanə axtarır ki...
Nikol Paşinyan

"Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan ilə sülh sazişi imzalamamaq üçün bəhanə axtarır. Halbuki Rusiya, Avropa və Azərbaycan tələb edir ki, sülh sazişi imzalansın. Amma Ermənistanın Qərbdəki ağaları buna imkan vermir. Fransızları və amerkalıları nəzərdə tuturam".

Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deyib.

Partiya sədri əlavə edib ki, indi tutduğu yolla Ermənistan uzun müddət irəliləyə bilməz: "Eyni zamanda bəhanələrlə sülh sazişinə imza atmağı uzatmaq da mümkünsüzdür. Əvvəl-axır Azərbaycanın dediklərinə əməl etməyə məcbur olacaqlar. Sadəcə, indi müşahidə etdiyimiz onların törətdiyi təxribatlara cavabdır. Üçtərəfli saziş var və tərəflər buna əməl etməldiir. Problemin həlli bundan keçir. Ermənistan da buna riayət etməlidir. Əks təqdirdə hansı vəziyyətlə üzləşəcəkləri bəllidir".

A. Əlizadənin sözlərinə görə, N. Paşinyan hökumətinin sonuncu iclasında deyib ki, azərbaycanlılar Ermənistan ərazisindən istifadə etməklə Naxçıvana gedə bilərlər: "Əslində isə bunlar söz yığını, daha dəqiqi, boş söhbətlərdir. Hər dəfə başlarına zərbə dəyəndə belə danışırlar. Əslində isə ortada ciddi iş yoxdur, real addımlar atmırlar".

ASDP sədrinin qənaətincə, ermənilər düzələn deyil və hər dəfə başlarını qaldırdıqda Azərbaycan Ordusu tərəfindən zərbə alacaqlar.


Araz Əlizadə

Partiya sədri iyulun 7-8-də Cenevrədə Sosinternin konfransı keçirildiyini xatırladıb: “Həmin konfransda bizim partiyanı Səməd Əlizadə təmsil edirdi. Ermənistan tərəfindən isə Daşnaksütyun fəallıq göstərirdi. Səməd Əlizadə konfransda bildirdi ki, ya Ermənistan sülh sazişini imzalayır, ya da baş qaldıran kimi dəmir yumruq görəcəklər. Halbuki Daşnaksütyun konfransda iddia edirdi ki, Azərbaycan Ermənistan ərazilərini işğal edib. Hətta qətnamə təklif edirdilər. Amma bunun qarşısı alındı".

A. Əlizadə qeyd edib ki, əslində bu gün bölgədə sakitlik və inkişaf Ermənistanın da maraqlarına uyğundur, amma onlar tam fərqli siyasi xətt seçiblər: "Niyə belə yolu seçirlər? Çünki əhalinin başını aldatmaq, guya Ermənistanın maraqlarını qoruduqlarını göstərmək istəyirlər. Hərçənd sülh sazişi ermənilərin də maraqlarına tam uyğundur. Ən azından blokadadan çıxacaqlar".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}