16:43 / 24-03-2017
Bizim Venesiya
Musiqili Teatr daha bir Beynəlxalq quruma üzv oldu
Tarix: 05-12-2016 17:13 | Bölmə: Mədəniyyət / Xəbər lenti

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir beynəlxalq teatr təşkilatına üzv olub.

Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a bildirib ki, Dövlət Musiqili Teatrı Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyində Azərbaycanı təmsil edən yeganə mədəniyyət müəssisəsi olacaq. "İran İslam Respublikasının "Dramatik İncəsənət Mərkəzi”nin Tehran şəhərində keçirdiyi teatr sənəti mövzusunda Birinci Regional elmi-nəzəri konfransında İran, Əlcəzair, Əfqanıstan, İraq, Livan, Oman, Pakistan, Qətər, Suriya, Tunis və başqa ölkələrdən dəvət olunmuş mədəniyyət xadimləri və tanınmış teatr sənətçiləri iştirak edirdilər. Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyi də məhz bu konfransda yaradıldı. Konfrans zamanı teatrın ümumi dil və mədəniyyətin əsas sahəsi kimi insani dəyərlərin inteqrasiyasında və mübadiləsində mühüm rol oynadığı bir daha vurğulandı. Həmçinin qeyd olundu ki, ölkələrarası mədəni əlaqələrin inkişafında teatr xadimlərinin bilik və bacarıqları əsasında qarşılıqlı əlaqələrin qurulması, kütləvi tamaşalar və teatr festivallarının təşkili, ölkələrarası məlumat mübadiləsinin aparılması, səhnə əsərlərinin, mədəniyyət və teatr sahəsində elmi kitabların və məqalələrin tərcüməsi üçün imkanlar yaradılması əsas istiqamətlərdəndir. Razılaşma əsasında təsis konfransında iştirak edən ölkələr burada qoyulan məqsədlərin müvafiq və effektiv şəkildə yerinə yetirməsini təklif etdilər. Bu məqsədlə niyyət protokolunun sənədləri ilkin variantda hazırlandı. Azərbaycan Dövlət Musiqili Teatrı Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyinə üzv qəbul olundu və bundan sonra bu qurumda Azərbaycanı məhz bizim teatr təmsil edəcək”, - deyə konfransda iştirak edən Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev söyləyib.

Qeyd edək ki, Azərbaycan Dövlət Musiqili Teatrı həm də 2009-cu ildən etibarən Musiqili Teatrların Beynəlxalq Assosasiyasının üzvüdür.




199 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
16-03-2017, 11:31 Gənc yazar intihar edib