Siyasi qətl Türkiyəni savaşa sövq edir
Tarix: 04-11-2018 17:53 | Bölmə: Slayd
Siyasi qətl Türkiyəni savaşa sövq edir

7 dəqiqəyə parçalanaraq öldürülən jurnalistin qətl işini Ər-Riyadın ört-basdır etməsi Ankaranı sərt addımlar atmaq məcburiyyətində qoyub

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilən jurnalist Camal Kaşıqçının cəsədi hələ də tapılmayıb.

“Reytinq”in məlumatına görə, hadisə ilə əlaqəli 18 nəfər həbs olunsa da, bu qətlin əsl sifarişçilərinin Ər-Riyad rejimi olduğunu düşünən dünyanın bəzi liderləri onların da cəzalandırılmasını tələb edirlər. Bu zaman əsas diqqət Səudiyyə kralının varisi, şahzadə Məhəmməd bin Salmanın üzərində cəmləşir.

Qeyd edək ki, 18 nəfərin tutulmasından sonra Ər-Riyad rejimi Türkiyə ilə daha yaxından əməkdaşlıq edəcəkləri haqda rəsmi bəyanat verdi. Hətta İstanbula xüsusi istintaq qrupu göndərməklə, bu qətl hadisəsinin şəffaf və operativ araşrırılmasında maraqlı olduqlarını göstərməyə çalışsalar da, son həftə ərzində baş verənlər bunun əksini göstərir. Bu, rəsmi Ankaranın son bəyanatından da açıq görünür.

Mövzuya keçməzdən öncə diqqətinizə çatdıraq ki, bu həftənin əvvəli Səudiyyənin baş prokuroru İstanbula gəlib, rəsmilərlə görüşdü. Həmin gün dünya mediası Kaşıqçının hələ də üzə çıxarılmayan cəsədinin artıq yerinin açıqlanacağını gözləsə də, səudiyyəli prokuror ümumi sözlərdən ibarət bir neçə açıqlama verib, ölkəsinə döndü. Onun ölkəsinə dönüşdən 2 gün sonra isə rəsmi Ankara dilə gəldi.

İstanbul prokurorluğu jurnalist Kaşıqçının konsulluqda boğulduqdan sonra, cəsədinin hissələrə ayrılaraq yox edildiyini rəsmən bəyan elədi. Bu sensasiyalı bəyanatın mürəkkəbi qurumamış rəsmi Ankara Səudiyyə rejimini bu qətldə suçlayan daha bir açıqlama yayıb.

“Reytinq”in məlumatına görə, Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül yenidən diiqqəti Ər-Riyad rejiminə yönəldib. O bildirib ki, Səudiyyə Ərəbistanının məsul şəxsləri Camal Kaşıqçının öldürülməsi ilə bağlı cinayət işinin istintaqına dəstək vermir:

“Heç kim məsuliyyətdən qaça bilməz. Bu, bütün dünyaya məlum olan məsələdir. Bu cinayət ört-basdır edilə biləcək bir məsələ deyil. Bütün hadisələrin aydınlaşması üçün Səudiyyə Ərəbistanının məsul şəxslərinin əməkdaşlıq edəcəyini gözləyirik. Türkiyənin Baş Prokurorluğu bu məsələ ilə bağlı Səudiyyə Ərəbistanına yazılı müraciət etsə də, heç bir cavab almayıb”

Dünya mediası yazır ki, Kaşıqçının cəsədinin ortaya çıxarılmaması, eyni zamanda istintaqın uzadılması məqsədli xarakter daşıyır.

Məsələn, ABŞ və Türkiyə mətbuatı bildirir ki, Ər-Riyad rejimi bununla dünyanın gündəmini məşğul edən qətlin unudulmasına çalışır. Hətta bir çox ekspertlər iddia edirlər ki, bu taktika ABŞ kəşfiyyatının diqtə və planı əsasında həyata keçirilir.

Bu yerdə unutmayaq ki, ABŞ kəşfiyyat idarəsinin direktoru iki həftə əvvəl Səudiyyəyə, sonra isə Ankaraya səfər edib. Lakin onun səfərinin məqsədi dünyaya aydın olmadı. Ötən gün isə Tramp açıq şəkildə bəyan edib ki, Vaşinqton Səudiyyə Ərəbistanına qarşı daha sərt addım atmaq niyyətində deyil: “Çünki bizim Səudiyyə ilə çox mühim işbirliyimiz var”.

Görünən odur ki, Səudiyyə rejimi ilə trilyonluq silah və neft məsələlərində anlaşan ABŞ, jurnalistin qətlinin ört-basdır edilməsinə maraqlıdır. Hiss olunur ki, Tramp, Kral və şahzadəni Ərdoğanla da “anlaşma”ya sövq edir. Elə noyabrın 1-də Trampın Ərdoğana zəng etməsinin əsas səbəbini İdlib, Menbic olmadığını, əslində, jurnalistin qətli olduğunu güman edənlər də var.

Lakin rəsmi Ankaranın son addımları göstərir ki, bu qətlin üstünün ört-basdır edilməsində maraqlı deyil. Əksinə, bu qətldən yararlanaraq, Səudiyyənin bölgədə “atılıb-düşməsi”nin qarşısını almağa çalışır.

“Reytinq” qardaş ölkə mətbuatına istinadən bildirir ki, hadisələrin belə cərəyan etməsi rəsmi Ankaranı Ər-Riyada qarşı daha sərt tədbirlərə məcbur edə bilər.

Məsələn, bir müddətdir ki, dünya mətbuatında “Kaşıqçının qətl anı ilə bağlı Türkiyənin əlində səs yazısı var”,- deyilsə də, hələki rəsmi Ankara bunu təsdiqləməyib. Düzdür, Ərdoğan bir çıxışında bu səs yazısına eyham vuraraq, “Əlimizdə çox ciddi sübutlar var. Gün olar, açılar”,- deyə, sətiraltı xəbərdarlıq edib və artıq həmin səs yazısı ilə bağlı kiçik hissələr Türkiyə mətbuatına da sızdırılıb.

Bu arada isə Türkiyənin “Habertürk” nəşrində Sevilay Yılman çox maraqlı köşə yazısı ilə çıxış edib.

“Reytinq” həmin yazını təqdim edir:

Hər kəs, bütün dünya “Cəsəd haradadır?”- deyərək, Səudiyyə Ərəbistanından soruşur.

Məncə, boş yerə soruşuruq. Bilirsinizmi, niyə? Çünki Səudiyyə Ərəbistanı əsla bu suala cavab verə bilməz. Verə bilməyəcək. Axı, elə bir cəsəd yoxdur. Bizə cəsədi necə göstərəcəklər?

Yazıq adamı sadəcə öldürmədilər ki... Həm də cəsədini parçalayıb hissə-hissə turşularla və ya başqa kimyəvi maddələrlə yandıraraq, peşəkarcasına buxarlandırdılar.

Xülasə, insanlığa bu vəhşiliklərinin izahatını anlada bilməyəcəklərinə görə heç vaxt bu suala cavab verməyəcəklər.

İndi gələk yazının başlığındakı sualın cavabına.

Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı öncə Kaşıqçının ölümü ilə əlaqələrinin olmadığını bildirərək, ələsalma tərzində, öz vətəndaşlarının yox olmasının onları da qayğılandırdığını söylədi. Lakin sonra Türkiyənin əlində bu cinayəti öz adamlarının etdiyini isbat edən səs yazısının olduğunu öyrənincə, etiraf etməyə məcbur qaldılar.

Bəs, öncə ABŞ xarici işlər naziri Mayk Pompeoya, sonra Səudiyyə Ərəbistanı Kralının bir nömrəli kəşfiyyatçısına, ən sonda da MKİ direktoru Cina Haspelə dinlədilən o səs yazısında nə var?

Əslində, bu səs yazısı ilə bağlı həm türk, həm də dünya mediasında çox şey yazılıb, ondan bəzi detallar çatdırılıb. Məsələn, mərhumun boğularaq öldürülməsi, sonra da cəsədinin parçalara ayrılması kimi…

Türk dövlətinin əlində olduğu bildirilən səs yazısının bir gün ictimaiyyətlə paylaşılıb-paylaşılmayacağını bilmirəm. Ancaq o səs yazısını şəxsən dinləyən bir xəbər qaynağımdan öyrəndiyim bəzi qandondurucu məlumatları bu gün sizinlə paylaşmaq istəyirəm.

Kaşıqçının öldürüldüyü otağın konsul Məhəmməd Uteybinin iş otağı olduğu və mərhumun otağa girər-girməz boğularaq öldürüldüyü artıq yazılıb.

Bəs, görüntü olmamasına rəğmən, Kaşıqçının sellofan torba ilə boğularaq öldürüldüyü sadəcə səs yazısına əsasən necə anlaşılıb? Əlbəttə ki, səs yazısında qeyd olunan danışıqlardan…

Qeyd olunan danışıqlara əsasən, otaqdakılardan biri qəflətən əli ilə Kaşıqçının ağzını qapayır. Bunun belə olması da rəhmətliyin “Etməyin! Ağzımı bağlamayın, çünki bronxial astma xəstəsiyəm!”-deyərək, bağırmasından anlaşılır.

Sonra o bağırtıların bir anda kəsilməsinə baxmayaraq, Camal bütün gücü ilə müqavimət göstərməyə çalışarkən, otaqdakılardan birinin onu boğmağa çalışana “Yaxşı sıx! Yaxşı sıx torbanı!” - deməsindən başa düşülür.

Boğulmamaq üçün cəmi 7 dəqiqə səy göstərən Kaşıqçının öldüyünə tam əmin olan canilər yazıq adamın cansız bədənini yerə sərirlər. Bu arada onlardan biri, anlaşılana görə, Məhkəmə-Tibbi Ekspertizanın rəhbəri S. Məhəmməd əl-Tubaiqi “Xeyli uzunmuş bu, ancaq problem deyil, öhdəsindən gələrəm!”,- deyir. Sonra da Səudiyyə Ərəbistanından gələrkən yanında gətirdiyi və hələ də nə olduğu məlum olmayan bir alətlə cəsədi parçalamağa başlayır. Bu arada da otaqda olan digər şəxslərə “musiqi” dinləmələrini tövsiyə edir. Və təqribən, 20 dəqiqə davam edən parçalama prosesi bitincə, parçalar öncə paketlərə, sonra da 5 ədəd olduğu təxmin edilən çamadanlara yığılır.

Öncə bu çamadanların “Qapalıçarşı”dan alındığı yazılmışdı. Lakin mənbələrim qətiyyətlə bu məlumatın doğru olmadığını söyləyir. Çünki çamadanların İstanbulda haradan satın alındığına dair çox genişmiqyaslı araşdırma aparılmış, ancaq hər hansı bir məlumat əldə edilməmişdir. Mənbəmin verdiyi məlumata görə, səudilər cəsədin yerləşdirildiyi bu çamadanları İstanbula gələrkən özlərilə gətirdikləri çamadanların içərisində gizlədə bilərmişlər.

Təqribən, saat 15.00-da qatillər əllərində Kaşıqçının cəsədinin parçaları olan çamadanlarla birlikdə otaqdan çıxırlar.

15.08-də isə şüşələrinə qara pərdə çəkilmiş mikroavtobusla konsulun 250 metr aralıda yerləşən rezidensiyasına doğru hərəkət edirlər.

MİT və polisə görə, o çamadanlar həmin mikroavtobusla rezidensiyaya daşınıb. Onların rezidensiyadan hər hansı bir sübut əldə edib-etmədiklərini tam olaraq bilmirəm, ancaq İstanbul Polis İdarəsinin cinayət-axtarış şöbəsinin “Melo” adlı “cəsəd” itinin rezidensiyada bir qarderobun önündə xeyli durub hürüməsi və onu pəncələrilə cırmaqlayaraq işarə verməsi haqqında məlumat aldım.

Qarderobun içərisində hər hansi bir izə rast gəlinməyib, lakin iyə qarşı son dərəcə həssas olan “Melo”nun səhv etməsi mümkün olmadığı üçün bu, ağıllara Kaşıqçının cəsədinin daha öncə həmin qarderobda saxlanmış ola biləcəyi ehtimalını gətirib.

Bilirəm ki, bu sətirləri oxuyarkən hamınızın mədəsi bulanır, üzü turşuyur və öz-özünüzə “Bunlar necə insanlardır?” - deyərək, deyinirsiniz. Əmin olun, mən də eyni halda yazıram. Tamamilə dəhşətdir, lakin bu detalları mütləq yazmalıyıq və cinayət məsələsini canlı tutmalıyıq. Çünki vəhşicəsinə cinayət törədərək, insanlıq tarixinə qara ləkə salan Səudiyyə Ərəbistanının istədiyi şey bu hadisənin gündəlikdən çıxması və həmən unudulub getməsidir.

Lütfən, buna izn verməyək!

Bəli, ola bilsin, bizə bir cəsəd göstərə bilməyəcəklər, lakin biz ən yüksək tonla soruşmağa, araşdırmağa davam edərək, ən azı, adamı necə boğub, parçalayıb, buxarlaşdırdıqlarını da etiraf etdirə bilərik!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}