Hökumətin pensiya siyasəti ölkədə ciddi narazılığa səbəb olacaq
Tarix: 31-01-2017 15:24 | Bölmə: Slayd

İqtisadi böhranın dərinləşdiyi, insanların narazılığının artdığı bir vaxtda hökumət əhali üçün çətin olan dəyişikliklərə getməyə hazırlaşır.

Belə ki, bir müddət öncə gündəmə gələn pensiya yaş həddinin artırılması məsələsi ilk vaxtlar təsdiqlənməsə də, artıq sözügedən dəyişikliklərin müəyyən hissəsi təsdiqlənməkdədir.

Bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə pensiya islahatına dair parlamentə təqdim edilmiş yeni təkliflər paketinin məğzini açıqlayıb.

Nazir bildirib ki, "Əmək pensiyaları haqqında" qanun layihəsinə təklif edilən yeni düzəlişlərə fevralın 3-də Milli Məclisin müvafiq komitəsində baxılacaq. Bu layihə pensiya sistemində islahatlar konsepsiyasına əsaslanır.

S.Müslümovun sözlərinə görə, dəyişikliklər pensiyaların minimal ölçüsünün tətbiq edilməsini nəzərdə tutur: "Biz qanuna yeni element daxil edirik - minimal pensiya məbləği. Əgər pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə o zaman iş stajından asılı olmayaraq ona pensiya təyin olunacaq. Əks halda iş stajına baxılacaq. Əgər işçinin 25 illik iş stajı varsa biz sistemin vəsaitləri hesabına ona minimal pensiya təyin edəcəyik".

Nazirin açıqladığına görə, əsas dəyişikliklərdən biri də "pensiyaların baza hissəsi" anlayışının ləğvidir.

S.Müslümov qeyd edib ki, nəticədə pensiya sistemi tamamilə sığorta prinsipinə keçəcək: "Pensiyalar ancaq işçinin fərdi hesabında yığılmış vəsaitlərdən çıxış edərək təyin olunacaq".

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda əmək pensiyası iki hissədən ibarətdir - baza və sığorta hissəsi. Baza hissəsi 110 manatdır və dövlət büdcəsi hesabına maliyyələşdirilir. Yeni dəyişikliklər qüvvəyə minəndən sonra isə dövlət pensiyaçılara büdcədən ödəmələri dayandırmış olacaq. Yəni pensiyalar işçinin sığorta hesabında yığılmış vəsaitdən ödəniləcək.

Belə çıxır ki, sığorta hesabında kifayət qədər vəsaiti olmayanlar gələcəkdə daha az pensiya alacaq, yaxud ümumiyyətlə ala bilməyəcəklər. Əslində, pensiyaların baza hissəsindən imtina edilməsi 2009-2015-ci illərdə pensiya-sığorta sistemində islahatlara dair Dövlət Proqramında əksini tapıb. Həmin proqramda göstərilirdi ki, müəyyən müddətdən sonra sığorta ödəmələri, işçilərin əmək haqlarının leqallaşması, fərdi uçot sistemi üzrə qeydiyyata alınanların sayının artması pensiyaların ödənilməsi üçün dövlət büdcəsindən transfertləri dayandırmağa imkan yaradacaq.

Bununla bağlı dəyişikliklər siyasi düşərgədə də narazılıqla qarşılanıb.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Reyting.az-a deyib ki, hökumət qənaətin əhali ilə bağlı bütün mexanizmlərini hərəkətə gətirib və əhalinin "belindən çıxacaq” bütün cəlbetmə əməliyyatlarını işə salıb:

"Baş verənlərin iki səbəbi var: hakimiyyət öz bacarıqsızlığına insanları da şərik edir. İkinci səbəb isə camaatın dözüm həddinin çox olmasına inanclarıdır”.

Böhran zamanı qənaət rejiminin başadüşülən olduğunu deyən Əli Əliyev bildirib ki, belə olduqda ilk növbədə məsrəflər azaldılmalıdır: "Lakin bu ixtisarlar əvvəl büdcədən yemlənən təbəqəyə aid olmalıdır. Birinci addım kiçik hökumət formuluna keçid olmalı idi. Davamı kimi iri smetalı layihələrdən mümkün qədər imtina edilməli və korrupsiyanın miqyası ilə mübarizə virtualdan real müstəviyə keçirilməli idi. Böhranın səbəbkarları cəzalandırılmalı, ən azı vəzifələrindən uzaqlaşdırılmalı idilər. Və çoxlu bu sayaq hərəkətlərin əvəzinə hakimiyyət qaçqın və məcburi köçkünləri böhranın ilk ödəyicilərinə çevirir. Əhalinin azmüdafiəli təbəqəsinin "cibinə girir".

Təqaüd yaşının qaldırılması da bu qəbildən olan işlərdəndir. Yəni, hökumət açıq fırıldaqçılıqla məşğuldur".

Ə.Əliyev bildirib ki, ölkədə orta yaş həddinin 50-də dövr etdiyi zaman əhalinin təqaüd yaşının 65-ə qaldırılması pensiya verməkdən imtinadır: "Stressə salınmış, zəif səhiyyə və sosial şəraitdə cabalayan əhaliyə belə "sürpriz”lər hökumətin anti-milli siyasətinin davamıdır. Əgər əvvəldə deyilən bütün kompleks tədbirlər görülsəydi, təqaüd yaşını da başa düşmək olardı. Lakin belə seçimli qərarlar yalnız hakimiyyətdə olan kastanın maraqlarını əks etdirir".

Müsahibimiz deyib ki, qərar verənlər əhalinin reaksiyasını nəzərə almırlar. Onun fikrincə, bu dəyişikliklərə etiraz edənlərin olacağı təqdirdə, əzəcəklərini düşünürlər: "Amma bu düşüncə yanlışdır. Hakimiyyət hərəkətsizliyi və situasiyaya qeyri-adekvatlığı ilə ac qiyamlara zəmin hazırlayır. Belə olmaz. İqtidar real vəziyyətə real münasibət hissini itirib. Əhalinin son illərdə siyasətdən çəkilməsi hakimiyyəti belə düşünməyə ruhlandırıb. Lakin unudurlar ki, neft pulları ilə susdurulmuş cəmiyyətlə, bioloji aclıq şəraitində olan əhali arasında fərq böyükdür. Məmurların davranışından da sezilir ki, onlar situasiyanı yanlış dəyərləndirirlər”.

Partiya sədri sonda qeyd edib ki, son günlər danışanların davranışı dediklərimin təsdiqidir. "Kim son aylarda danışıbsa, hamısə səhv edir. Son yanlışın müəllifləri isə komitə sədri Əli Həsənov və Ziyafət Əsgərovdur. Bu komanda və psixoloji durumla iqtidar hamını dibə aparır. İlk reaksiyalar artıq gəlməkdədir. Köçkünlərin işıq sayğaclarına münasibəti davamlı olacaq. Pulları olmadığından məcburi köçkünləri də özlərinə qarşı qaldırırlar. Yaxşı olmayacaq. Allah kimisə ziyana salmaq istədikdə, əvvəlcə onu qərar qəbulunda səhvə yuvarladır. Hakimiyyətdə o vəziyyətə düşüb",-deyə Ə.Əliyev fikrini tamamlayıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}