Nazirlər Kabineti 6951 təhsil, səhiyyə və mədəniyyət işçisini acınacaqlı vəziyyətlə üzləşdirib – Müraciət
Tarix: 29-06-2017 12:01 | Bölmə: Slayd


Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlər Azərbaycan prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş nazir Artur Rasi-zadəyə, Milli Məclisin sədrinə və üzvlərinə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova müraciət ediblər.

Təxminən 6951 məcburi köçkünün (Bu sırada təhsil, səhiyyə, mədəniyyət və s. sahələrin təmsilçiləri vardır-red.) üzləşdiyi ciddi problemdən bəhs edilən müraciətdə yüzlərlə müəllim ölkənin rəhbər şəxslərindən kömək istəyir. Buna səbəb işğalın ilk illərindən onlara verilmiş dondurulmuş minimal əmək haqlarını 2017-ci ilin yanvar ayından ala bilməmələridir.

Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 10 rayonu (Şuşa, Xocalı, Xocavənd, Ağdam Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər) təmsil edən müəllimlərin (Bir müraciəti 118 nəfər imzalyıb) Reyting.az saytına da təqdim etdiyi müraciətdə işlə təmin edilmə və ya Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 saylı qərarının 2-ci bəndinin müddətinin 2017-ci il üçün uzadılması xahiş olunur.

Problemlərinin həllində dövlət başçısına və Birinci vitse-prezidentə böyük ümidlər bəslədiklərini yazan təhsil işçiləri qeyd edirlər ki, Nazirlər Kabinetinin qeyri-rəsmi şəkildə onların əmək haqlarını dayandırması (təxminən 3 min nəfərindən çoxu müəllimdir) 6951 məcburi köçkünün simasında (6951/3=20853) sosial baxımdan həssas olan 20 mindən (orta hesabla) çox insanı acınacaqlı vəziyyətlə üzləşdirib. Çünki artıq altı aydır minimal əmək haqqı ala bilməyən bu insanların əksəriyyəti ailə başçısıdır və bu günə qədər hər hansı işlə təmin edilməyiblər.

Müraciətdə yazılır:

"Biz, işğal faktı ilə əlaqədar el-obamızı, əzizlərimizin gorgahını, uzun illər çalışıb minbir əziyyətlə düzəltdiyimiz ev-eşiyimizi, iş yerimizi itirərək öz vətənimizdə didərgin həyatı yaşayan insanlarıq.

"Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 181 nömrəli qərarının 2-ci hissəsinin müddətinin uzadılması barədə hər il verdiyi qərarların hər birində müvafiq nazirliklərə "tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsi” ayrıca maddə ilə tapşırılsa da, bu tapşırıq hər il kağız üzərində qalmış, bu istiqamətdə heç bir addım atılmamışdır. Məsələn, 1994-cü ildən sonra hər il minlərlə müəllim işlə təmin edildiyi halda, bunların arasında iş yerini itirmiş məcburi köçkün müəllimlərdən bir nəfər də olsun işlə təmin edilməyib. Yəni, hökumətin müvafiq qərarlarının tələbi tabeliyində olan Təhsil Nazirliyi tərəfindən yerinə yetirilməyib”.

Müraciət müəllifləri bildirirlər ki, əgər müvafiq nazirliklər Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbini yerinə yetirsəydilər, ötən 23 il ərzində həmin müəllimlərin hamısı işlə təmin edilərdi və Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 181 nömrəli qərarının 2-ci hissəsinin müddətinin ilbəil uzadılmasına ehtiyac qalmazdı:

"Hazırda bizim yeganə gəlir mənbəyimiz "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli, 181 nömrəli qərarının 2-ci hissəsinin tələbinə uyğun olaraq, 1994-cü ilin may ayından indiyədək bizə dövlət tərəfindən ödənilən dondurulmuş iş yeri üzrə orta aylıq əmək haqqıdır, heç bir yerdə işləmirik və pensiya yaşına da çatmamışıq.

Hər yeni ildə Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 saylı qərarının 2-ci bəndinin müddətinin uzadılmasına aid müvafiq qərar bu il gecikdiyinə görə sosial durumumuz (qərarın verilməsi müddətinədək) daha da pisləşib, ən zəruri ehtiyaclarımıza görə borclarımız yaranır və indi də həmin durumdayıq.

Artıq 2017-ci ilin 5 ayı keçməsinə baxmayaraq, bu il müvafiq qərar verilməyib.

Nazirlər Kabinetindən bizə verilən qeyri-rəsmi məlumata görə, bu ildən Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 saylı qərarının 2-ci bəndinin müddəti uzadılmayacaq. Belə çıxır ki, dövlət bizi zəruri həyati ehtiyaclarımızı ödəmək üçün yeganə imkandan da məhrum edəcək”.

Müraciət müəllifləri belə bir suala da cavab istəyirlər:

"1. Dövlət səviyyəsində verilmiş qərarın tələblərini hökumətin müvafiq strukturları yerinə yetirmirsə, burada məcburi köçkün vətəndaşların nə günahı var və bu köçkünlərin yeganə sosial təminat imkanı əlindən niyə alınmalıdır? Bəs onda harada qaldı hökumətin sosial yönümlü dövlət siyasəti? Axı, təxminən, 2 il əvvəl Nazirlər Kabineti hüquqlarımızım məhdudlaşdırılması istiqamətində belə bir qərar verdi ki, işğal faktı nəticəsində iş yerini itirmiş və işlə təmin edilməmiş məcburi köçkünlərə orta aylıq əmək haqqı pensiya yaşına çatdıqda dayandırılsın: hökumət öz verdiyi qərara niyə əməl etmir? Belə olan halda, hökumətin vətəndaşdan öz vətəndaşlıq öhdəliyini yerinə yetirməsini tələb etməyi nə dərəcədə ədalətlidir?

2. Bizə dondurulmuş iş yeri üzrə orta aylıq əmək haqqının təyin edilməsinə aid müvafiq qərarın verilməsi üçün göstərilən əsasların (işlədiyimiz müəssisələrin işğal altında qalması, iş yerimizi məcburi olaraq itirməyimiz vəişlətəmin edilmiş olmamağımız, pensiya yaşına çatmamağımız və s.) hansı biri aradan qaldırılıb ki, Nazirlər Kabineti dondurulmuş iş yerləri üzrə orta aylıq əmək haqqının dayandırılması qərarını verib?

Biz, – işğal faktı nəticəsində iş yerini itirmiş və işlə təmin edilməmiş məcburi köçkünlər – hesab edirik ki, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq hüquqi aktlarda və Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış humanitar prinsiplərin tələblərinə görə özündən asılı olmayan səbəblərdən minimal yaşayış imkanlarını itirmiş vətəndaşlara onların minimal həyat şəraitinin yaradılması üçün dövlət yardım etməlidir.

Məhz bu prinsipdən çıxış edərək hesab edirik ki, minimal həyat şəraitimizin təmin edilməsinə dövlət yardımı olaraq;

1. Dövlət iş qüvvəsinə malik olan, pensiya yaşına çatmamış, işğal faktı nəticəsində büdcədən maliyyələşən təşkilatlarda iş yerini itirmiş və işlə təmin edilməmiş məcburi köçkünləri ixtisasları üzrə işlə təmin etməlidir,

2. İşlə təmin edilənədək müddətdə Nazirlər Kabineti 10 may 1994-cü il tarixli, 181 saylı müvafiq qərarının 2-ci bəndinin müddətini uzatmalıdır ki, onların minimal sosial ehtiyacları təmin edilsin”.

Müraciət müəllifləri Azərbaycan prezidenti başda olmaqla, səlahiyyətli şəxslərdən xahiş edirlər ki, işğal faktı nəticəsində büdcədən maliyyələşən təşkilatlarda iş yerini itirmiş və işlə təmin edilməmiş məcburi köçkünlərin ixtisas və ya peşələri üzrə işlə təmin edilməsinə yardım etməklə yanaşı, işlə təmin edilənədək Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 181 saylı qərarının 2-ci bəndinin müddətini 2017-ci il üçün də uzatsınlar.

Reyting.az






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}