Ölkə büdcə böhranı ilə üzləşə bilər - Ekspertlər
Tarix: 21-10-2017 13:18 | Bölmə: Slayd
Ölkə büdcə böhranı ilə üzləşə bilər

Dövlətin xarici borcları artır, gəlirlər və sosial sahəyə ayrılan vəsaitlər azalır

2018-ci il dövlət büdcəsinin parametrləri açıqlanıb. Növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat məbləğində kəsirlər icra olunacağı proqnozlaşdırılır.

Reyting.az xəbər verir ki, Milli Məclisin qərarına əsasən, mərkəzləşdirilmiş gəlirlər 19 mlrd. 476,329 mln. manat, yerli gəlirlər 650,671 mln. manat, mərkəzləşdirilmiş xərclər 20 mlrd. 181,608 mln. manat, yerli xərclər 724,092 mln. manat məbləğində təsdiq edilib.

Gəlirlərin mənbələrinə nəzərə saldıqda məlum olur ki, dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən 1,196 mlrd. manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən 2,320 mlrd. manat, əlavə dəyər vergisindən (ƏDV) 4,288 mlrd. manat, ölkə ərazisinə malların idxalına görə ƏDV-dən 1,705 mlrd. manat, sadələşdirilmiş vergidən 380 mln. manat, aksizlərdən 726 mln. manat, ölkə ərazisinə malların idxalına görə aksizlərdən 172 mln. manat, yol vergisindən 91 mln. manat, mədən vergisindən 136 mln. manat, gömrük rüsumlarından 535 mln. manat, aksiz markaların satışından 6,3 mln. manat, dövlət rüsumundan 108 mln. manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat, vergi orqanlarının xətti ilə 140 mln. manat cəlb etmək nəzərdə tutulub.

Xərclərin mənbələrinə nəzərə saldıqda isə məlum olur ki, ümumi dövlət xidmətlərinə 3 mlrd. 620,257 mln. manat (o cümlədən, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə 654,946 mln. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə 215,1 mln. manat, elm xərclərinə 128,060 mln. manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərə 2 mlrd. 262,778 mln. manat, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyaya 281,9 mln. manat), müdafiə xərclərinə 2 mlrd. 738,722 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 mlrd. 329,535 mln. manat, təhsil sahəsinə 2 mlrd. 1,498 mln. manat, səhiyyə sahəsinə 740,661 mln. manat, sosial müdafiə və sosial təminat 2 mlrd. 197,182 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 304,289 mln. manat, mənzil və kommunal təsərrüfatı 457,399 mln. manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitinin mühafizəsi sahəsinə 656,260 mln. manat, sənaye, tikinti və faydalı qazıntılar sahəsinə 4 mlrd. 944,376 mln. manat, nəqliyyat və rabitə sahəsinə 166,791 mln. manat, iqtisadi fəaliyyətə 245,511 mln. manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 1 mlrd. 495,203 mln. manat yönəldiləcək.

Ölkə büdcə böhranı ilə üzləşə bilər

Real Hərəkatının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli “Reytinq”ə deyib ki, büdcə layihəsində ilk nəzərəçarpan məsələ dövlət borcunun qaytarılması ilə bağlı xərclərin atrmasıdır. Onun sözlərinə görə, bu rəqəm ötən ilə nisbətən təqribən 600 milyon manat artıb. Yəni, 2017-ci ildə 1.6 milyard manat nəzərdə tutulmuşdu, 2018-ci il büdcəsində bu rəqəm 2.2 milyard manatdan bir az çoxdur:

“Bu artıq onu deməyə əsas verir ki, Azərbaycan borclanmanın bədəlini hər il daha ağır şəkildə ödəməyə məcbur qalacaq. İllərdir hökumətə xəbərdarlıq edirdik ki, ölkənin borcu artan xətlə çoxalır, bu, Azərbaycan üçün böyük təhdiddir. Hələ ən böyük ödəmələr 2020-dən sonra başlayacaq, indi büdcənin 12 faizini borca xərcləyiriksə, 2-3 ildən sonra bu rəqəm 20-25 faizə qalxacaq, borca yönələn vəsait artıqca daxildə vətəndaşın vergi-cərimə yükü, kommunal xidmətlərin, benzinin qiyməti artacaq, sosial sahəyə ayrılan vəsait azalacaq”.

Cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12045,1 mln. manat, xərcləri 12783,7 mln. manat olub, 783,6 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, doqquz ayda dövlət büdcəsinin mədaxili 12019,0 mln. manat proqnoza qarşı 12045,1 mln. manat və ya 0,2 faiz çox icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1942,0 mln. manat və ya 19,2 faiz çoxdur.

Ekspert büdcə kəsirinin yaranmasının elə də təhlükəli olmadığını bildirib. Lakin bu prosesin davamlı və artan xətt üzrə inkişaf etməsinin narahatedici olduğunu vurğulayıb:

“Büdcədə kəsirin olması böyük problem deyil, bu, bir sıra ölkələrdə ola bilər. Azərbaycanda problem odur ki, bu kəsirin həcmi artır və büdcə kəsirinin maliyyələşmə mənbələri kifayət qədər azdır. Digər ölkələrdə müəyyən aktivlərin satılması, vergi və gömrük rüsumlarının artırılması ilə bağlı addımlar atırlar. Azərbaycanda isə bu, problemdir. Çünki bir tərəfdən kəsirin həcmi artır, digər tərəfdən qaynaqlar məhdudlaşır. Belə olan tədirdə hazırki vəziyyət əndişə doğurur. Əgər proses bu şəkildə davam edərsə, bu, ölkənin üzərində ciddi yük kimi qalacaq”.

Onu da nəzərə çatdıraq ki, gələn il ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2018-ci ilin dövlət büdcəsindən 2 mlrd. 197,2 mln. manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Bu, 2017-ci illə müqayisədə 154,8 mln. manat və ya 6,6 faiz azdır.

Ölkə büdcə böhranı ilə üzləşə bilər

Qeyd edək ki, 2017-ci ilin dövlət büdcəsində 2016-cı ildə təbii qazın əsasən əhaliyə aşağı qiymətə satılması nəticəsində yaranmış zərərin örtülməsi məqsədi ilə 250 mln. manat birdəfəlik təyinatlı xərc (subsidiya) nəzərdə tutulub. Həmin xərclər 2017-ci ilin bazasından çıxıldıqdan sonra 2018-ci ildə real olaraq sosial müdafiə və sosial təminat xərcləri 2017-ci illə müqayisədə 95,2 mln. manat və ya 4,5 faiz artırılıb. Sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 faiz təşkil edir. Gələn il sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1,3 mlrd. manatı (əvvəlki illə müqayisədə 30 mln. manat və ya 2,4% çox) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsinə, 627,2 mln. manat Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və onun müvafiq orqanları vasitəsi ilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 20,1 mln. manatı (əvvəlki illə müqayisədə 15 mln. manat və ya 4 dəfə çox) sosial müdafiə, pensiya və digər sosial təminat xərclərinə yönəldiləcək.

N.Cəfərli sosial sahəyə ayrılan vəsaitlərlə bağlı da narahatedici proqnoz verib. Onun sözlərinə görə, ciddi analiz apardıqda o qənaətə gəlmək olar ki, sosial sahəyə ayrılan vəsaitlər getdikcə azalacaq. Çünki ölkənin xarici borc yükü artır:

“Getdikcə ölkənin gəlirlərində ciddi artım müşahidə olunmadıqca, sosial sahəyə ayrılan vəsaitlərin həcminin artacağını gözləmək əbəsdir. Bu səbəbdən də düşünürəm ki, qarşıdakı dövrdə sosial sahəyə ayrılan vəsaitlər getdikcə azalacaq. Buna paralel olaraq bütün sahələr üzrə qiymətlərin artımı da qaçılmaz olacaq. Bütün dünyada belədir, gərginlik artdıqca, xarici borc çoxaldıqca, gəlirlər azaldıqca vətəndaşın yükü ağırlaşır. Təəssüf ki, Azərbaycan vətəndaşının da yükünün artması labüddür”.

Ölkə büdcə böhranı ilə üzləşə bilər

“Güzəran” İctimai Birliyinin sədri, iqtisadçı Qadir İbrahimli isə “Reytinq”ə bildirib ki, 2018-ci ilin büdcəsi vətəndaşların xeyrinə deyil, zərərinə formalaşıb. İqtisadçının 2018-ci il üzrə dövlət büdcəsi layihəsi ilə tanışlığının ilkin qənaəti müsbət deyil:

“Büdcə gəlirləri 20 milyard 127 milyon manat həddində müəyyən edilib ki, bu da 2017-ci illə müqayisədə 20 faiz çoxdur. Bunun da 11 milyard 96 milyon manatı Neft Fondundan transfertlərdir. Yəni artım yenə neft pulları hesabınadır, qeyri-neft sektorunun inkişafından söhbət gedə bilməz. Büdcənin 50,2 faizi transfertlərdir - sadə dillə desək, sandıq puludur.

İkincisi, büdcə xərcləri 20 milyard 950 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 17,8 faiz çoxdur.

İnvestisiya layihələri üzrə xərclər 62,2 faiz artaraq 8 milyard 512 milyon manata çatıb. Söhbət korrupsiya risklərinin yüksək olduğu layihələrdən gedir.

Sosial təminat xərcləri 6,6 faiz azalıb (159 milyon manat), hüquq-mühafizə xərcləri isə 5,4 faiz artıb (202 milyon manat). Obrazlı desək, islahatın heç "i" hərifi də görünmür”.

Zaur ƏHMƏD




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}