17:26 / 09-12-2018
Messi təyyarə aldı - Fotolar
23:15 / 08-12-2018
50-dən artıq startap...
20:10 / 08-12-2018
Parisdə barrikadalar qurulur
Nəmişliyin əl işi (Hekayə)
Tarix: 25-09-2018 22:43 | Bölmə: Azad MÜZƏFFƏRLİ
Nəmişliyin əl işi (Hekayə)


Hündürmərtəbəli binanın həyətindəki zeytun ağaclarının kölgəsinə sığınan birnəfərlik oturacaq tənha ahılların ixtiyarındaydı. Sanki, bütün sakinlər sözü bir yerə qoyub elliklə belə qərar qəbul eləmişdilər. Əslində isə bədahətən bu cür alınmışdı. İndi burada yaşlı bir rəssam oturardı. Ələlxüsus da, o, axşamlar saatlarca buradan ayrılmazdı. Çox vaxt da diqqəti bir nöqtəyə yönəlmiş olardı. Hiss olunurdu ki, canı sustalsa da, fırçasını yerə qoymaq fikrindən tamam uzaqdı. Xəyalında nələri canlandırdığını kimsə ehtimal belə eləyə bilməzdi. Çöhrəsində bundan əsər-əlamət yoxdu. Bu ya qocalıqdandı, ya da qocafəndindən.

Bakıdakı nəmişlikdən isə danışmağa dəyməz. Bu əbləh təkcə adamların yox e, qırsaqqız olub yapışıb bütün tikililərin də canına. Bina ilə üzbəüzdəki qazanxana da nəmişliyin qurbanlarındandı. Hər il həmin qazanxananı təmir eləsələr də, divarlarını boyasalar da, di nə faydası, cəmi bir neçə ayın içindəcə əvvəlkindən də betər günə düşərdi. Nəmişlikdən divarlar çeşidbəçeşid bəzəkli-düzəkli donunu yenidən əyninə keçirərdi. İllah da ki, qazanxananın yola baxan ön divarında nəmişliyin “avanqard” rəsmləri sıralanardı. Ən azı, qoca rəssamın gözlərinin əyarı ilə bu beləydi.

Günlərin birində rəssam qarşısındakı mənzərədən dik atıldı. Qazanxananın ön divarının orta hissəsinin aşağısında insan kəlləsi onunla gözbəgözdü. Nəmişliyin növbəti əl işi həsəd doğuracaq löyündəydi, sanki canlıydı. Baxışları çox nisgilliydi. Nəinki bir bəni-insanın, şəksiz, bir qoşunun belə çəkə bilməyəcəyi yük vardı həmin çöhrədəki gözlərdə. İnan ki, say-seçmə rəssamlar nə qədər cani-dildən çalışsaydılar da, çətin ki, bu cür nadir bir portret yaradaydılar. Burnunun duruşundan bəlliydi, baş azacıq sola yönəlmişdi. Gözlər isə əks tərəfə zillənmişdi, ələlxüsus da, sağ göz. Şişirtmək olmasın, təkcə həmin gözdə bir romanın yükü vardı, nisgilini yığıb-yığışdırmaqla qurtaran deyildi. İllərin mənəvi əzabları xırdalıqlarına qədər kor-kor, gör-gördü. Özü də həmin gözlərdəki həsrət hələ də tərdi. Çöhrədə min bir məna cəmlənmişdi. Oğul istəyirdi, kaş, heç olmasa, bunun ucundan-qırağından bir cıqqa höccələyə biləydi. Adətən əksər cizgiləri göydə tutan qoca rəssam da başda nəmişlik olmaqla təbiətin araya-ərsəyə gətirdiyi bu “portret”dən axıra qədər baş çıxarmaqda acizdi.

Neçə gündü rəssam axşamlar bu “insan”la üzbəsurətdi. Demək olar ki, hər gün onda hansısa yeniliklər aşkarlayırdı. Bir daha tam əminlikə təkrarlayıram, ən mahir rəssamlar da bir yerə cəmləşsəydilər, təbiətin (nəmişlik başda olmaqla!!!) araya-ərsəyə gətirdiyi bu “portret”in yanından yel olub belə ötə bilməzdilər. Divardakı hörgü daşlarının (mişar daşları) şirəsini əsasən bir qarışlıqdakı torpaqdan çəkdiyi bəlliydi. Bu portretin araya-ərsəyə gəlməsində yağış, qarla yanaşı Günəşlə, küləyin də əvəzsiz payı danılmazdı. Həmin “əsər” bir neçə saatın, bir günün işi deyildi. Buna aylar ancaq yetərdi. Hamıya bəllidir ki, istər foto, istərsə də portret olsun, buradakı gözlərin yönü aydınca görünsə də, sən ha tərəfə çəkilsən, onlar paralel olaraq qarabaqara səni də izləyəcək. Sola addımlasan, sola, sağa irəliləsən, sağa, tən ortada dayansan, orada da həmən gözlərin nəzarətindən yayına bilməyəcəksən. Qazanxananın divarındakı “portret” də beləydi, baxışların yönü daim sağa sarı olsa da, eyni zamanda səni də gözündən kənara buraxan deyildi.

Bu nadir tapıntı ağsaqqalın tükənməz ilham mənbəyinə çevrilmişdi. Ömrün payızında xeyli gümrahlaşmışdı da. Divardakı kəs ona nəinki günbəgün, saatbasaat doğmalaşırdı. Elə bil, uzun illərin ayrılığından sonra əzizini tapmışdı. Baxışları da qarşılıqlı məhrəmləşmişdi. Divardakı dipdiri insandan qətiyyən fərqlənmirdi. Rəssamın qəflətən bundan karıxdığı anlar da az olmamışdı. Hərdən ona elə gəlirdi ki, deyəsən, qarşısındakının kirpikləri ara-bərə qırpınır da. Çəkinməsə, hətta, günlərin birində onun dil açacağına da inanmağı gəlirdi. Rəssamı belə qarmaqarşıq düşüncələr tez-tez ağuşuna alardı. Sonda bunu təxəyyülünün icadı sanıb, özünə toxtaqlıq vermək məcburiyyətində qalardı.

Günlərin birində evdə oturduğu yerdəcə hansısa qüvvə onu güclə həyətə itələdi. Bina ətrafa kölgə salsa da, hava qızmardı. Gün adamın başını deşirdi. Rəssamın gözləri qazanxananın ətrafının abadlaşdırıldığını, burada növbəti təmir işlərinin aparıldığını alınca, ödü qopdu. Qaranəfəsə həmin səmtə götürüldü. Bu dəmdə ahıllara xas yorğa yerişindən əsər-əlamət yoxdu. Sanki, cıdırdaydı, özü-özünü qamçılayırdı. Birnəfəsə özünü ustalara yetirərək onlardan təkidlə, yalvar-yaxarla əl saxlamalarını rica elədi. Lap vaxtında yetişmişdi. Artıq “dost”unun bir addımlığınacan qazanxananın ön divarına üzlük boya çəkilmişdi. Bircə gözqırpımı da geciksəydi, nəmişliyin sənət əsəri tarixə qovuşacaqdı. Burda ani tutdu ki, “portret” axşamlar küçə işığında sən demə daha canlı olurmuş. İndi həmin qərib kəsin gözlərindən imdad ələndiyi apaydınca sezilirdi. Divardakının ötən qısa müddətdə ona hədsiz dərəcədə doğmalaşan rəssamdan əlac umduğunu korlar belə sezərdi.

Gündüzün günorta çağında bu gözlənilməz səs-küyə qazanxananın müdiri çölə atıldı. Heç nə anlamadığından, kal-kal bir qoca rəssama, bir də məchulluqdan keyimiş ustalara baxdı. Fürsəti fövtə verməyən rəssam hövlnak özünü ona yetirdi.

- Qardaş, sizdən əlahiddə bir xahişim var, tapşırın divarın bu azacıq hissəsini rəngləməsinlər, orda canlı bir insan məskən salıb.

Karıxmışcasına rəssamı ayaqdan başa seyr edən müdir ilk baxışdan heç nə tutmadı. Xaraktercə insanpərvər olduğundan qarşısındakını axıracan dinləməyi məqbul saydı. Di gəl, nə soruşacağını hələ də axıra qədər kəsdirə bilmirdi. Ahıl kəs isə dil boğaza qoymur, günahkar təkin üyüdüb tökürdü.

- İnın mənə, yaşlansam da, ağlım yerindədi, mən təsadüfi adam deyiləm, illərin peşəkar rəssamıyam, bəlkə də, diqqət yetirsəniz, tanıyarsınız da. Dünyanın ən azı yarısını da ayaqalatı eləmişəm. Tam doğru sözümdü, yarım əsri də üstələyən təcrübəmdə hələ bu səviyyədə mükəmməl, canlı əsərlə rastlaşmamışam. Xahiş edirəm, sözümü qəribçiliyə salmayın. Hərdən ondan özüm də diksinirəm, acizanə şəkildə bunu da boynuma alıram. İstəsəniz dediklərimin əyani şahidi ola bilərsiniz. Bunun üçün sizdən yalnız beş-on addımlıqdakı o oturacağa sarı getmənizi rica edəcəm. Özü də, axşamlar həyət-baca işıqlandırılanda həmin oturacaqdan onu bircə dəfə seyr etsəniz, əminəm, mənimlə tam şərik olacaqsınız. Allaha şükür, əlim də çox yerə yetir. İnanıram ki, bu ixtiyar çağımda kimsə sözümü yerə salmaz. Əgər, xahişim sizin iradənizdən kənardısa, eybi yox, deyin, mən yoluna qoyum. Elə bilin, keçinirəm, taleyim sizin əlinizdədir, biganə qalmayın, təvəqqe edirəm.

Bayaqdan bəri özünü əməllicə-başlı itirən müdir, sanki, yuxudan ayıldı. Bədahətən qocaya təzim edərək iti addımlarla onun işarə verdiyi oturacağa sarı yönəldi. Ustalar da dünyanın növbəti möcüzəsi ilə qarşılaşcaqları sayaq qıvraq yerişlə ona qoşuldular. Deyilənlər, hərfbəhərf doğruydu. Məgrur, amma dünyanın yükünü özünə şələləmiş “şəxs”lə göz-gözəydilər. Həqiqətən, bu “portret” insanlar üçün əlçatmazdı. Bunu qanmaq üçün heç peşəkar olmağa da ehtiyac duyulmurdu. Qazanxananın müdiri özünü məzəmmətləyirdi; necə olub ki, indiyəcən belə bir sənət incisi gözündən yayınıb. Həmin mənzərədən olmazın təsirlənən müdir var gücü ilə rəssamı qardaşı təkin bağrına basdı.

- Sən Allah, bizi bağışlayın, Siz olmasaydınız, özümüz də bilmədən qırtlağa qədər günaha batacaqdıq. Üzürlü sayın, söz verirəm, elə bu axşam mütləq “onun” görüşünə də gələcəm. Təbii, siz bu oturacaqda əyləşməyi rəva bilsəniz, lap qiyamət olardı.

- Bəlkə də, özünüz də nə qədər savab iş tutduğunuzun umurunda deyilsiniz, cani-dildən minnətdaram. Axşam səbirsizliklə gözləyəcəm, istəsələr, rica edirəm, ustalar da sizə qoşula bilərlər.

Sağollaşanda illərin doğmaları təkin yenidən bir-birlərinə sarıldılar. Şadyanalıqlarından çiçək açmışdılar.

Axşamkı görüşləri də beləcə yaddaqalan oldu. Gördüklərindən necə təsirlənmişdilərsə, müdir və ustalar könül səltənətlərinin yuxarı başında qoca rəssama heykəl ucaltmalı oldular. Onları məhrəmcəsinə yola salan ağsaqqal da özündə deyildi. Göyün yeddinci qatında pərvaz edir, iç dünyasındakı tükənməz fərəhini Ay və ulduzlarla bölüşürdü.

Nəhayət, biqafil “dost”unu xatırlayıb, göylərdən yerə endi. Xeyli sürən bu diqqətsizliyə görə özünü məzəmmətlədi. Qarşısındakı əməlli-başlı doluxsunmuşdu, gözləri tumurcuqlamışdı. Baxışlarından minnətdarlıq yağırdı.

- Bu mənim insanlıq, eyni zamanda dostluq borcumdu. Başqa cür ola bilməzdi, - deyə rəssam ürəyində dilə gəldi.

Qarşısındakının da qəlbi doluymuş. Gözlər danışdı, nə danışdı. Sən demə, gözlər doğrudan da dil-dil ötərmiş.

- Nəmişlikdən sonra Siz məni duydunuz. Mən ruham. 20 ildən çoxdu buradayam, məni ilkin kəşf edən nəmişlik oldu. Sonra da Siz. Ötən müddətdə başqa bir ins-cins məni görmək gücündə olmadı. İnanılmaz gəlsə da, bu belədir.

- Dostcasına soruşuram, incimə, xeyirdimi illərdi buradan ayrıla bilməməyin? Mən təxmin eləsəm də, bir də dəqiqləşdirmək istərdim?

- Bax, o sağdakı birinci bloku görürsünüz, ilkin könül verdiyim qızın mənzili oradadı. Çoxdan ailə qurub, İsveçdə yaşayır. Mən də ailəliyəm. Ta o vaxtdan buradan aralana bilmədim ki, bilmədim. Özümlə heç cür bacarmadım...

Rəssam kimdən söhbət getdiyini anındaca tutdu. O da həmən blokda yaşayırdı. Bunu büruzə verməməyə çalışdı. Haqqında söhbət gedən Hicrandı. Üzbəüz qonşusunun böyük qızı. Ağıllı-kamallı balaydı, mərifətliydi. İncəsənət İnstitutunu bitirdiyindən rəssam da onu özünkülərdən bilirdi. Doğma balalarından ayırmazdı. Həmin ailədə ata sözü qanundu. Ölçülü-biçili ailəydi. Hicran ildə bir-iki dəfə fürsət tapıb valideynlərini mütləq ziyarət edərdi.

- Ata-anasının sözündən çıxmadı, yəqinki çıxa bilmədi. Onların seçimi ilə barışdı. Zənnimcə, həya elədiyindən bizim münasibətlərimizdən evlərində söz açmamışdı. Sonradan mənə elə gəldi ki, deyəsən anası da bundan xəbərsizdi. Məni sevsə də, bəlkə də, taleyinin rəvan olacağına özünü axıra qədər inandıra bilmədi. Nə deyim, həyat suallar labirintidir. Ola bilər, mən bilmədiyim başqa nəsə vardı deyə belə alındı. Hər il valideynlərinə baş çəkir, balalarını da görmüşəm. İlk baxışdan hiss olunur ki, taleyindən, ailəsindən narazı deyil.

- Dedin mən də ailəliyəm, övladların varmı?

- Bəli, mənim də onun kimi iki övladım var. Ondan sonra bir neçə il ailə qurmasam da, mən də taleyimlə barışası oldum. Valideynlərimin israrıyla ailə qurdum, peşiman deyiləm. Normal güzaran sahibiyəm, evimdə də əmin-amanlıqdı. Həyat adi axarı ilə davam edir. Di gəl, ha çalışsam da, mən ruhən buralardan bir qarış da olsun aralana bilmədim, bəzən özüm də özümü axıra qədər başa düşməsəm də... Ötən müddətdə tam dəqiqləşdirdiyim bircə mətləb var; ilk sevgi əlifbaya bənzər, vəssalam, şüttamam.

Söhbətləri aylarla səngimədi. Ona hər dəfə toxtahlıq verməyə çalışsa da, reallığın gözünə dik baxmağa çağırsa da, ruh burada necə kök salmışdısa, eləcə onu hər gün yerindəcə gördü. Ötən müddətdə qəlbən bölüşdükləri bir sicilləmə dastana sığmazdı. Doğmadan da doğmaydılar.

Aylar ötdü, il dolandı, günlərin birində ona da o dünyadan məktub gəldi. Daimi qeydiyyata çağırırdılar. Fırçasını Sahibi Zamana təhvil verməyin vədəsiydi. Son nəfəs üstəydi. Doğmaları, əzizləri, qonum-qonşu başının üstünü kəsdirmişdilər. Halallaşırdılar. Ata-anasını yoluxmağa gələn Hicran da oradaydı. Vəsiyyətini başa vuran rəssam son nəfəsdə ona səsləndi:

- Qızım, əziz balam, sən də incəsənət adamı olduğundan, xahiş edirəm, mənim həyətdə oturacaqdakı yerimi nəqədərki buradasan axşamlar boş qoyma, rica edirəm, ruhumu sevindirmiş olarsan...

- Əmican, xahiş nədir, bu mənim üçün əmrdir, sizi doğma atam qədər çox istədiyimi yaxşı bilirsiniz. Hələki ikigünlüyə buradayam, axşamlar mütləq orada olacam, əmin edirəm...

Sanki, rəssam bu kəlmələrə bəndmiş. Elə o andaca arxayıncasına gözlərini əbədilik yumdu.

Nə qədər çətin olsa da, Hicran sözünü tutdu. Axşamı oturacaqda keçirdi. Yerini təzəcə rahatlamışdı ki, nəsə anlaşılmaz hisslər onu ağuşuna aldı. Qurcuxdu. Fikirləşdi ki, yəqin rəssamın ruhu yaxınlıqdadı. Doğrudan da, bir anlığa onun aurasını duydu. Əmi-bala o qədər doğmacasına söhbətləşmişdilər ki. Hansısa qüvvə onun diqqətini qarşıdakı qazanxanın divarına sarı yönəltdi. Gözləri bərələ qaldı. Önündəki Vüsaldı. Bir vaxtlar könül bağladığı kəs. Söz verməsə də, Hicran ona qarşı biganə deyildi. Valideynləri ona ailə qurmağı təklif edəndə Vüsala olan münasibətini dilinə gətirə bilməmişdi. Elə bil, dili qıfıllanmışdı. Körpəlikdən beləcə böyümüşdü. “Günahsız günahkar olduğunu” özü də yaxşı anlayırdı. Vüsala söz vermədiyindən bununla təskinlik tapırdı.

Bədahətən, rəssamın onu nə üçün bu oturacağa yönəltdiyini anladı. Əmindi, bu əlahiddə mənzərənin rəssamın iti gözlərindən yayınması qeyri-mümkündü. Amma ağsaqqalın onların 20 il bundan əqdəmki münasibətlərindən necə hali olduğunu isə heç cür andıra bilmədi. Bu, sağlam qafaya yerləşəsi mətləb deyildi.

“Vüsal” da içindəcə göynəyə-göynəyə qalmışdı. Deməyə o qədər sözləri vardı ki... Di gəl, qarşısındakı artıq başqasının qadınıydı. Cınqırını da çıxarmadı. Bu, onluq deyildi. Gözləri susdu, daşa döndü, elə bil, ahıl rəssamla dil-dil ötən bu gözlər deyildi. Sanki, lal-kardı. Nitqi qurumuşdu.

Hicran tez-tez gözlərini yayındırmağa çalışsa da, bu onda tam alınmırdı. Çöhrəsindəki bu amansız nisgili Vüsal heç cür haqq etmirdi. Hicran üçün bu aksiomdu, vaxtında onu qədərincə tanımağa macal tapmışdı. İş-işdən keçmişdi, indi nə etmək olardı ki. Onların nakam münasibətləri artıq tarixdi...

Bütün gecəni gözlərinin çimirini ala bilməyən Hicran İsveçə yollanacağı günün öncəsi günortaya qədər özünə gələ bilmədi. Nisgili sözlə ölçüyəgəlməyəcək gözlər onu rahat buraxmadı. Günəşin yandırıb-yaxdığı, küçədə kimsənin gözə dəymədiyi çağda o, nəzərlərdən oğurlanıb evlərinin beş addımlığındakı tikinti materialları mağazasına sarı qoşdu. Bir qab tümtünd boya, bir də iri bir fırça aldı. Yenə də gözdən yayınıb bunları qazanxananın ətrafındakı sıx kolluqda gizlətdi.

Hicran qaranəfəsə axşamın düşməsini gözlədi. Səbri tamam daralmışdı. Axşamçağı rəssamın ruhunu şad eləməyə yollandı. Oturacağa çatar-çatmaz uzaqdan nəzərlərini o nisgilli gözlərə yönəltdi. “Vüsal”ın da onunla göz-gözə gəlməkdən yayındığına şübhəsi qalmadı. Artıq onun bir addımlığındaydı. Bu gözlərdəki buzu andıran həsrətdən az qala canına üşütmə düşə. Rəssama söz vermişdi, onun yerini tutmaqdan başqa çarəsi yoxdu. Oturacaqda əyləşdi. Qarşısındakı dipdiri insanın gözləri bircə dəfə də olsun ona sarı yön almadı. Baxışları eyni bir nöqtəyə zillənmişdi. Xəyalının uzaqlarda olduğu ilk baxışdanca bəlliydi. Beləcə saatlar ötüşdü.

Elə ki, qonşularının evlərinə yığışdığını qət elədi, Hicran birnəfəsə kolluqdan boya və fırçanı götürüb qazanxanaya yaxınlaşdı. Son dəfə bu nisgilli gözlərə nəzər yetirib var gücüylə qollarını çırmaladı. Nəmişliyin əl işinə “qəddarcasına” divan tutmağa başladı. Becidlikdən qolları görünməzdi. Divara neçə qat boya yaxdığı saya gəlmirdi. O, yoruldum demək bilmirdi. Nəhayət, nəmişliyin bir daha divardakına can verə bilməyəcəyinə tam arxayın olandan sonra sustalan qolları yanına düşdü. Nəfəsini belə dərmədən balalarının yanına tələsdi.




Bölməyə aid digər xəbərlər