16:39 / 28-11-2024
Sabah qar yağacaq
Çin Ukraynanı və Amerika kəşfiyyatını ruslara satıb - “Nyu-York Tayms”
Tarix: 02-03-2022 12:38 | Bölmə: Dünya
Çin Ukraynanı və Amerika kəşfiyyatını ruslara satıb

ABŞ prezidenti Cozef Baydenin administrasiyası Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsinin qarşısını almaq üçün bir neçə ay ərzində ardıcıl olaraq Çindən kömək istəyib, amma Si Cinpinin başçılıq etdiyi Çin Xalq Respublikası hər dəfə Vaşinqtonun xahişini rədd edib. Reyting.az-ın məlumatına görə, bunu “Nyu-York Tayms” qəzeti yazır.

Qəzetin iddiasına görə, Vaşinqton Pekini Moskvanın Ukraynaya ordu yeridəcəyinə inandırmaq üçün Çinə çoxlu kəşfiyyat məlumatı verib. Pekin isə nəinki Moskvaya təzyiq etməyib, əksinə, amerikalılardan aldığı kəşfiyyat məlumatlarını ruslara ötürərək bildirib ki, ABŞ bunu Çinlə Rusiyanın arasını vurmaq üçün edir.

Çinin ABŞ-a cavabı isə belə olub ki, Pekin Rusiyanın Ukraynaya hərbi müdaxiləyə hazırlaşdığını düşünmür.

“Nyu-York Tayms”ın yazdığına görə, Amerika tərəfi Çinə təqdim etdiyi kəşfiyyat məlumatlarının oradan Rusiyaya ötürüldüyünü ötən ilin dekabrında bilib. ABŞ-ın bu bilgini də kəşfiyyat vasitəsilə əldə etdiyi vurğulanır.

2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, həmçinin Donbas bölgəsində iki separatçı rejimin – “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.

2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.

2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb. Fevralın 24-də isə Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlara əmr verib. Həmin gündən Ukrayna torpağında qanlı döyüşlər gedir.(Novator.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər