Pentaqon Ukraynaya əlavə hərbi yardım göndərəcək
Tarix: 07-05-2022 10:04 | Bölmə: Dünya
Pentaqon Ukraynaya əlavə hərbi yardım göndərəcək

Pentaqon (ABŞ Müdafiə Nazirliyi) Ukraynaya 150 milyon dollara qədər əlavə hərbi yardım göstərəcəyini bildirib.

Reyting.az
xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, hərbi yardım paketinə 155 mm-lik artilleriya mərmiləri, AN/TPQ-36 artilleriya əleyhinə radarlar, elektron tıxaclar, sahə avadanlığı və ehtiyat hissələri daxildir.

Pentaqonun bəyanatında deyilir ki, Bayden administrasiyası əvvəldən Ukraynaya təhlükəsizlik üçün təxminən 4,5 milyard dollar, o cümlədən Rusiya 24 fevralda Ukraynaya hücum etdikdən sonra təxminən 3,8 milyard dollar ayırıb. Bildirilir ki, 2014-cü ildən bəri ABŞ Ukraynaya təhlükəsizlik üçün 6,5 milyard dollardan çox yardım edib.

Qeyd olunur ki, Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə Ukraynaya özünümüdafiə imkanlarını müəyyənləşdirmək və təmin etmək üçün işlərini davam etdirir.

Bildirilir ki, müharibənin növbəti mərhələsində Ukraynanın uğur qazanması üçün ABŞ və beynəlxalq tərəfdaşlar birlik nümayiş etdirməli və Ukraynaya fasiləsiz olaraq silah və sursat tədarükü əzmini nümayiş etdirməlidirlər.

Onu da qeyd edək ki, ABŞ prezidenti Co Bayden cümə günü Ukraynaya 150 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib.

"Reuters" xəbər verir ki, yardım Kiyevə əlavə artilleriya sursatları, radarlar və digər avadanlıqların verilməsini nəzərdə tutur.

"Bu gün Birləşmiş Ştatlar öz ölkəsini müdafiə edən cəsur Ukrayna xalqına güclü dəstək verməyə davam edir", - deyə Bayden bildirib.

Bayden əlavə edib ki, ABŞ Konqresi Ukraynanı döyüş meydanında və danışıqlar masası arxasında gücləndirmək üçün tələb olunan maliyyəni tezliklə təmin etməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər