Yeni təhlükə: Qarabağdakı rus hərbçiləri ilə Avropanın patrulları arasında qarşıdurma qaçılmazdır
Tarix: 01-02-2023 12:18 | Bölmə: Slayd
Yeni təhlükə: Qarabağdakı rus hərbçiləri ilə Avropanın patrulları arasında qarşıdurma qaçılmazdır

“Yanvarın 23-də Avropa Birliyi mülki missiya adı altında 100 nəfərlik hərbi kəşfiyyat qrupunu iki illik müddətə Azərbaycan-Ermənistan sərhəddinə göndərmək qərarı verib. Dövlətimiz haqlı olaraq, Qərbin silahsız taborunun qanuniliyini tanımır və onlarla əməkdaşlığa getməyəcəyini bəyan edir. Sual olunur: o missiya üzvlərini BMT-mi seçib, yaxud Avropa Birliyi nə vaxtdan təhlükəsizlik və hərbi təşkilat olub?”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Z. Oruc əlavə edib ki, bölgəyə gətirilən NATO-nun məxfi emissarlarıdır və qərarı Avroatlantik Alyansın hərbi-siyasi generalları verib. Onun sözlərinə görə, Ermənistanı Rusiya, İran, Türkiyə və Azərbaycanın əlindən almaq, bölgəyə beynəlmiləl muzdluları yerləşdirmək sabitliyə xidmət etməyəcək.

Komitə sədri diqqətə çatdırıb ki, 2020-ci ilin Vətən müharibəsi qəfil başlandığından Qərb dövlətləri müdaxilə imkanları olmadığı üçün regiondan çıxarıldıqlarını düşünürlər: “Ona görə də Minsk qrupunun ləğv edildiyini görən ABŞ, Fransa danışıqlara və Qafqazlara qayıtmaq üçün bütün cəbhə boyu diplomatik-siyasi hücuma keçiblər. Məqsəd Azərbaycan təhlükəsi adı altında öz ordularını və silahlarını İrəvanda yerləşdirməkdir”.


Z. Oruc

Z. Orucun fikrincə, bu qərar regional təhlükəsizliyə və Ermənistanla sülh danışıqlarına zərbə vuracaq: “Digər tərəfdən, Rusiya Avropa Birliyinin addımını ona qarşı açılan ikinci cəbhə sayır və Ermənistanın avantürasını pisləyir. Tarixdə ilk dəfə, Vətən müharibəsi nəticəsində İrəvan və Moskva qarşıduran tərəflərə ayrılıblar. Beləliklə, Rusiyanın Gümrüdəki hərbi bazası, o cümlədən Xankəndi şəhərindəki missiyası ilə Avropa Birliyinin patrul dəstələrinin gələcəkdə toqquşması qaçılmazdır, o zaman NATO qüvvələrini konfliktə cəlb etməyə fürsət yaranacaq. Göründüyü kimi, Ermənistan ərazisi hərbi toqquşmalar meydanına çevrilir və İrəvanı Hələbin, Mosulun taleyi gözləyir”.

Komitə sədri əlavə edib ki, Türkiyə də Qərbin hərbi qüvvələrinin mülki libasda sərhədlərdə yerləşməsini istəmir və bunu Azərbaycanla birliyinə zərbə kimi qiymətləndirir: “Tarixdən məlumdur ki, Şarl de Qolldan sonra Fransa əsgərlərinin ayağı hara dəyibsə, orada kütləvi qırğınlar və dağıntılar törədilib.

İndi sərhəddə yerləşdirilən qüvvələri müxtəlif yollarla - Xankəndidə ermənilərin təhlükəsilziyi və hüquqlarının qorunmasına cəlb etməyə çalışacaqlar. Nəticədə, Qarabağa çoxmillətli missiya gətirmək Ukrayna müharibəsini Qafqazlara keçirmək deməkdir”.

Z. Oruc bildirib ki, NATO-nun Əfqanıstanda və İraqda cinayətlər törətdiyi üçün qovulan, Fransanın Afrikadan nifrətlə çıxarılan qüvvələrini sərhəd monitorinqə cəlb edirlər:

“Ermənistana tərəf atılan hər gülləni aktlaşdırıb saxta beynəlxalq mövqe formalaşdıraraq, ölkəmiz əleyhinə BMT qətnamələrini qəbul edəcəklər. Halbuki torpaqlarımız işğal altında olanda 30 il ərzində Monitorinq Missiyası iki dəfə işğal bölgəsinə gəldi, lakin heç birində yeddi rayonun və 100 minlərlə evin yer üzündən silinməsini görmədi. İndi sərhəd boyu düzüləcək hərbi missionerlər orduzumun qarşısına canlı sipər çəkəcəklərini düşünürlər. Belə mürəkkəb vəziyyətdə alternativ tədbirlərdən biri Ağdamda yerləşən Türkiyə-Rusiya monitorinq mərkəzinin Ermənistanla sərhəddə yerini dəyişməsidir. Çünki İrəvanda sülhü təmin etməyə qadir olan tək dövlət Azərbaycandır”.

AZƏR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}