İqtisadi islahatlar müzakirəyə çıxarılıb - Tədbir
Tarix: 15-12-2017 15:38 | Bölmə: İqtisadiyyat / Xəbərlər
İqtisadi islahatlar müzakirəyə çıxarılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə “Texnologiyalar və İnnovasiyalar: İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirib.

Mərkəzdən Reyting.az-a verilən məlumata görə, konfrans ölkədə innovativ inkişaf perspektivlərinin müzakirəsinə həsr olunub.

Tədbirdə dövlət, özəl və xarici qurumlardan 100-dək mütəxəssisin iştirak etdiyi bildirilir.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı çıxışında bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahat prosesi innovasiya yönümlü inkişaf üzərində qurulub. Ölkəmizdə innovativ layihələrin dəstəkləndiyini bildirən V.Qasımlı elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərin səmərəli nəticələr verdiyini vurğulayıb.

O əlavə edib ki, Strateji Yol Xəritəsində nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə real ÜDM-in 235 milyon manat artacağı və telekommunikasiya sektorunda 1450 iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə isə qeyd edib ki, innovativ inkişaf üçün ölkəmizdə müvafiq institusional qurumlar yaradılıb, bu prosesə dəstək vermək üçün əlverişli mühit formalaşdırılır. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Strateji Yol Xəritələri ölkəmizin innovativ inkişafının daha da sürətlənməsinə xidmət edir. Bu fəaliyyət ölkənin elmi, istehsalat, tədris, iqtisadi və kadr potensialının qarşılıqlı əlaqəsinin güclənməsinə və nəticədə yeni elmi ixtiraların, müasir texnologiyaların və məhsulların, perspektiv həllərin meydana çıxmasına səbəb olacaqdır.

Konfransda “İslahatların innovasiyaların və İKT-nin inkişafında rolu” və “İnnovativ məhsullar və İT xidmətlərin ixrac potensialı” mövzularında panel müzakirələr təşkil edilib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}