Əməkdar artist Vahid Əliyev: "Bu ölkədə aktyoru sürüyürlər"
Tarix: 22-09-2016 13:30 | Bölmə: Mədəniyyət / Xəbərlər


Hər il teatr mövsümü başlayanda bəzi sənət adamları buna paralel olaraq, öz haqlarını tələb edirlər. Hətta bəzən onların bu çıxışları böyük mübahisələrə də səbəb olur. Amma bu dəfə nə danışan var, nə də giley-güzar edən.

Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Vahid Əliyev "Reytinq"ə deyib ki, danışmaq aktyora ziyan edir:

"Azərbaycan Televiziyasına baxmıram, bütün günü eyni insanlardı. Belə vəziyyət nə qədər olar?

Sənət adamlarının yubileylərini keçirirlər. Bəs mənim zəhmətim hara getsin? Müsahibə verməyin, danışmağın mənası varmı? İstəmirəm ki, müsahibə verim. Dəyirman bildiyini edir, çax-çax baş ağrıdır. Yenə də atam söyülsün?

İnsanın şəxsiyyətini təhqir eləməzlər".

Teatr sənətində tənqidin azalmasına gəldikdə, V.Əliyev "Kim tənqid edəcək? Mədəniyyət və İncəsənət Akademiyası ildə "N" qədər teatrşünas buraxır. Əgər tənqid yoxdursa, deməli, hər şey gözəldir",-söyləyib.

Teatrlardakı vəziyyətə gəlincə, əməkdar artist bundan danışmaq istəməyib: "Tamaşalara baxıram, anası tərəfindən yaxşı öyrədilmiş qız kimi başımı aşağı salıb, tamaşamı oynayıb, gedirəm.

Təzə tamaşalara isə baxmıram. Məsələ burasındadır ki, mən bütün aktyorların potensial imkanlarını bilirəm. Bilirəm ki, hansı aktyor hansı yükü daşıya bilər.

Onu da qeyd edim ki, rejissor tərəfindən düzgün işlədilsək bizim aktyorlara çatan olmaz".

Onun sözlərindən belə anlaşılır ki, problem rejissorlardan qaynaqlanır: "Mən belə demədim, aktyorun potensial imkanından danışdım. Bizdə həmişə aktyor məktəbi güclü olub. İndi bir az tendensiya dəyişib. Televiziya işi ilə aktyorların işinə sirayət edən insanlar var. Hərçənd, onlar da özlərini aktyor adlandırırlar. Onlar nizamı pozublar.

Bizim güclü rejissorlarımız var. Amma bir-iki rejissorla iş bitmir. Bizdə əsas teatr aktyorlarıdır. Əsas teatrdan kinoya keçiddir. Ona görə də kino aktyorlarını da yetişdirmək lazımdır. Xaricdə belə edirlər.

Vaqif Mustafayevin bütün filmlərində eyni aktyorlardır. Bu kinorejissor artıq öz komandasını yığıb".

Əməkdar artist bildirib ki, teatr aktyoru ilə kino aktyoru arasında fərq böyükdür: "Kinoda o qədər təbii oynamaq lazımdır ki... Bunu da hər aktyor bacarmır, ildə ən azı iki filmə çəkilən aktyor artıq kameraya uyğunlaşır. Amma "Azərbaycanda kino çəkmək istəyirəm, aktyor tapa bilmirəm",- ittihamı yalandır. Bəs necə oldu Rasim Balayev, Səməndər Rzayev, Fuad Poladov, Ramiz Əzizbəyli kimi aktyorlar yetişdi? Onu deyənlərin özlərində problem var".

Bəzi aktyorların çox ucuz qiymətə, hətta 5 manata seriallara çəkilməsi ilə bağlı məsələyə gəldikdə, aktyor bildirib ki, 50 manatdan aşağı rola çəkilməyib: "Məni belə rola dəvət ediblər, amma çəkilməmişəm. Mənim vətənimdə çəkilən filmlərə və kinoya buraxılan pula görə dözməliyik. Küçədə gedərkən "Niyə görünmürsünüz?" sualına cavab olaraq bu filmlərə çəkilirik. Bir gündə 50 manata 3 seriyaya çəkilməyin əleyhinəyəm".

Belə məbləğə seriala çəkilmək aktyorun rejissor tərəfindən istismarı sayılmalıdır. V.Əliyev isə bu səbəbdən neçə serialdan imtina edib: "Bu ölkədə aktyoru sürüyürlər. Mən buna görə bir neçə serailadan imtina etdim. Dedim, başım xarab olmayıb ki, bir gündə 3 seriyaya çəkiləm. Təhmasib mənə mənliyimi təhqir etməyi öyrətməyib. Onda deyirlər ki, mən səni 300 manata çəkirəm".

Aktyor sonda deyib ki, bütün sənətlərin başında diqqət dayanır: "Bir ömür yaşayırıq, heç olmasa hərdən vicdanınızın səsinə qulaq asın".

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}