Amerika əsas müttəfiqini, türklər yüksək yaşam tərzini itirə bilər - Təhlil
Tarix: 01-09-2018 00:32 | Bölmə: Siyasət / Slayd
Amerika əsas müttəfiqini, türklər yüksək yaşam tərzini itirə bilər

ABŞ-la Türkiyə arasında rahib Bransona görə yaşanan sanksiya və dollar böhranı sırasına daha bir yenisi əlavə olunub. ABŞ son bir həftə ərzində ən yüksək səviyyələrdən rəsmi Ankaraya Rusiyadan alınacaq “S-400” raketlərinə görə xəbərdarlıqlar edir.

“Reytinq” qəzetinin məlumatına görə, bir neçə gün əvvəl Tramp dindar qrupla keçirdiyi görüşdə “Biz Türkiyə ilə rahim Bransona görə savaşırıq”,- desə də, Amerikalı konqresmenlərin Ankaraya səfəri və keçirdikləri görüşlərdəki ana xətlə yanaşı, müdafiə naziri Ceyms Mettisin bəyanatları qarşıdurmanın, əslində, Bransona görə deyil, Rusiyadan alınacaq “S-400” raket kompleksləri ilə bağlı olduğunu təsdiqləyir.

Xatırladaq ki, konqresmenlər Türkiyəyə səfər edərək, Rusiyadan alınacaq “S-400”-lərdən imtina edilməsinin vacibliyini vurğulayıblar. Ancaq onların Türkiyənin Xarici İşlər və Müdafiə nazirliklərində keçirdikləri görüşlərdən verilən məlumatlardan aydın olub ki, rəsmi Ankara konqresmenlərə müsbət cavab verməyib. Bunun isə Ankaranın ABŞ-a hələ də güvənmədiyindən qaynaqlandığı iddia olunur.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, ölkəsinin havadan müdafiə sisteminə təcili ehtiyacı var, amma müttəfiqləri ABŞ bunu onlara satmır: “F-35”-in ortağıyıq. ABŞ kovboy filmində olduğu kimi “mən hər istədiyimi edərəm”,- deyərsə, bunun qarşılığı olacaq”.

Nazirin sözlərinə görə, iki ölkə arasında dialoq vacibdir: “Xarici işlər naziri kimi mən də diplomatiyanın tərəfdarıyam. Problemləri həll etmək üçün çox səy göstərdik. Konqres üzvlərinin Türkiyəyə səfəri önəmlidir. Çünki Amerikada fərqli qruplar, qarışıqlıq var.

Türkiyənin əhəmiyyətini başa düşən konqresmenlər də az deyil. Təhdid dilindən vaz keçmək lazımdır. Təbii ki, FETÖ ucbatından zəhərlənən, FETÖ-nun zəhərlədiyi qruplar da mövcuddur”.

M. Çavuşoğlu həmçinin qeyd edib ki, Türkiyənin Rusiya ilə əlaqələri Avropa İttifaqı və ya ABŞ-a alternativ deyil:

“Türkiyənin xarici siyasəti balansı qorumaqdan ibarətdir”.

Türkiyənin xarici işlər naziri Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınmasından imtina ilə bağlı Amerikanın rəsmi Ankaraya ünvanlanan çağırışlarına da cavab verib:

“Biz hava məkanımızı qorumağa borcluyuq. Onlar bunu dərk etməlidir. ABŞ “Patriot” raket komplekslərinin satışı ilə bağlı bizə təminat verə bilərmi?”.

Sonuncu cümlə də təsdiq edir ki, Türkiyə ABŞ-a güvənmədiyindən “S-400”-ün alınmasından imtina etmək niyyətində deyil.

Çavuşoğlunun bu açıqlamasından sonra ABŞ müdafiə naziri Ceyms Mettis jurnalistlərin qarşısına çıxaraq deyib ki, ABŞ Türkiyəyə Rusiya “S-400”-lərini almağı məsləhət görmür.

Mettis əlavə edib ki, Türkiyə istənilən ölkədən silah ala və bununla bağlı suveren ölkə kimi müstəqil qərarlar qəbul edə bilər: “Amma aydındır ki, NATO-ya üzv ölkə olan Türkiyə tərəfindən Rusiyanın raket əleyhinə sistemlərinin alınması bizi narahat edir və bunu ona məsləhət görmürük”.

Diqqətçəkən məqam budur ki, Trampın Türkiyəyə “F-35”-lərin satışına qadağa qoymasına baxmayaraq, Mettisin bu açıqlamasından az sonra ABŞ-da olan türk pilotlar həmin təyyarələrin sükanı arxasına keçərək, ilk təlimi yerinə yetiriblər. Bu da o qənaəti yaradır ki, ABŞ konqresi Trampın “F-35”-lərlə bağlı qadağasını təsdiqləməkdən vaz keçəcək. İddia olunur ki, C. Mettis bununla bağlı konqresə əhatəli məktub göndərib, qərarın təsdiqlənməsinin ABŞ-a zərərlərini qabardacaq.

ABŞ mətbuatı qeyd edir ki, Trampın “F-35”-lərlə bağlı qadağası qüvvəyə minərsə, bundan Amerikanın özü də milyardlarla dollar zərərə düşəcək. Çünki həmin qırıcıların bir çox elektorn hissələrini Türkiyə şirkətləri istehsal edir. Əgər qadağa olarsa, o zaman türk şirkətlərini əvəzləyəcək yeni şirkətin seçilməsi, istehsal və s. təminat azı 1.5-2 il çəkə bilər. Bu isə əvvəlcədən xeyli sifariş alımış ABŞ-ın da ciddi zərəri deməkdir.


İndi ekspertlər düşünür: Əgər Türkiyə Rusiyadan “S-400”-ləri alarsa, ABŞ hansı addımı atacaq? “F-35”-lərlə bağlı sanksiya qüvvəyə minəcəkmi? Yaxud iki ölkə arasındakı böhran nə vaxtadək davam edəcək? Bu qarşıdurmadan kim qazanacaq?

“Reytinq”in məlumatına görə, bu və ya digər məsələlərlə bağlı Enn Krüger “Project Syndicate” nəşrində maraqlı təhlillə çıxış edib.

Həmin təhlilin tərcüməsini təqdim edirik:

ABŞ prezidenti Donald Trampın ticari-siyasi səhvləri arasında Türkiyə bu günə qədər ən dəhşətli fenomendir. Bir neçə il əvvəl Türkiyə – iqtisadi və geosiyasi uğur hekayəti idi və Birləşmiş Ştatlar qürurla bunda əsas rol oynadığını iddia edə bilərdi.

Bəzi ikitərəfli mübahisələr olsa da, Türkiyə onilliklər boyu etibarlı müttəfiqi olub. Ancaq son illərdə münasibətlərdə dəyişiklik baş verib. Bu yay Türkiyə iqtisadiyyatı olduqca sərbəst maliyyə siyasətinin ağırlığı altına girib. Daha sonra ABŞ-ın ticarət maneələri və sanksiyalarla “cəzalandırma” tədbirlərinə baxmayaraq, türk hökuməti həbsxanadakı amerikalı pastoru azad etməyib. Tramp türk alüminiumu və poladına idxal tariflərini iki qat, müvafiq olaraq 20 və 50 faiz artırdığını açıqlayıb.

Türkiyənin valyuta böhranı qeyri-sabit iqtisadi siyasətdən geri çəkilmə üçün hökumətə çağırış ola bilərdi. Ancaq Tramp administrasiyasının hərəkətləri sayəsində prezident Rəcəb Tayyib Ərdoğan problemi “bu, ölkəmizə qarşı iqtisadi müharibənin güllələri, mərmiləri və raketləridir”, – deyə dərinləşdirib.

Sözsüz, Ərdoğan da günahsız deyil. Ancaq Türkiyənin Qərbə inteqrasiyasının uzun müddət Avropa və ABŞ-a əhəmiyyətli strateji fayda verdiyi xatırladılmalıdır. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının parçalanması ilə dünyəvi modernləşdirici Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyə Qərbə qoşulmaq istəyən milli iradəli müstəqil ölkə olaraq ortaya çıxıb. İkinci Dünya müharibəsindən sonra Türkiyə bu layihəni NATO, Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı, Tariflər və Ticarət Baş Sazişinə (Dünya Ticarət Təşkilatının sələfi) qoşulmaqla, ciddi şəkildə təqib edib. 1950-1953-cü illərdə türk əsgərləri BMT-nin Koreya Müharibəsi Komandanlığı altında mübarizə aparıblar.

1963-cü ildə Türkiyə Avropa İqtisadi Birliyi ilə Birlik Sazişi imzalayıb; 1995-ci ildə Aİ ilə gömrük birliyinə girib. Son zamanlar Türkiyə Avropa İttifaqının köçdən azad edilməsinə mühüm dəstək verib.

Beləliklə, Avropa İttifaqı Trampın Türkiyəyə qarşı mövcud siyasətinə dəstək verməkdə çətinlik çəkir. Amma Avropanın insan haqları və qanunun aliliyinə dair Ərdoğan hökumətinə iradları, narahatlığı var.

Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) 2002-ci ildə hakimiyyətə gəlib və bundan əvvəl, 2001-ci ildə ölkə ciddi maliyyə böhranı yaşayıb. BVF proqramının dəstəyi ilə yeni hökumət öz sələfinin (Turqut Özalın – tərc.) başladığı islahatları davam etdirib və proqramın müvəffəqiyyəti bütün gözləntiləri aşıb. 2007-ci il seçkilərində AKP-yə dəstək daha da artıb; 2010-cu ilə qədər ölkənin adambaşına düşən gəlirləri, əsrin başlanğıcı ilə müqayisədə, üç dəfə artıb. Türkiyə orta gəlir statusuna çatan işlək demokratiyaya çevrilib.

Ancaq son illərdə Türkiyə iqtisadiyyatı böyüdükcə, Ərdoğan hökuməti daha da avtoritarlaşıb. Bu ilin iyun ayında Ərdoğan yenidən prezident seçilib. Seçki ərəfəsində hökumət xərcləri kəskin şəkildə artırıb və Ərdoğan faiz dərəcələrini aşağı həddə saxlamaq üçün Türkiyə Mərkəzi Bankına təzyiq göstərib.

Bu siyasət sayəsində Türkiyə iqtisadiyyatı 2017-ci ildə böyüyərək 7,5 faiz səviyyəsinə çatıb. Ancaq davamlı genişlənmə xarici borc hesabına maliyyələşdirilib və inflyasiya 5 faizdən çox artıb, cari hesabdakı kəsir isə ÜDM-in 5 faizindən çoxdur.

ABŞ-da pul şərtlərinin sərtləşdirilməsi və Ərdoğanın mənasız maliyyə-pul siyasəti ilə bu ilin ilk yarısında türk lirəsi dəyərinin təxminən 20 faizini itirib. Bir çox türk şirkətlərinin dollarla olan borclarını lirə ilə ödəməsi çətinləşib.

Türkiyədə ortaya çıxan böhranın əlamətləri kəskinləşən ABŞ-Türkiyə münasibətlərindən əvvəl də açıqca görünürdü. Lakin ABŞ-ın idxal tariflərini artırması ilə lirə bir gündə daha 12 faiz dəyərsizləşib. İndi o, dollara qarşı 50 faizdən çox ucuzlaşıb.Ərdoğan ABŞ-dan gələn bəzi mallara idxal tariflərini artırıb; Tramp da qətiyyətlə cavabsız qalmayacağını deyib.

Keçmişdə tariflər başqalarına təzyiq göstərmək üçün alət olmayıb. ABŞ, əlbəttə, pastorun azad edilməsi üçün hərəkət etmiş olsa da,əlavə tariflərin tətbiqi ilə həddi aşıb. Çünki digər ölkələr daha ağır cinayətlər üçün daha yüngül cəzalara məruz qalıb.

Beynəlxalq birlik uzun müddət ticarət müharibələrinin qlobal ticarət sisteminə qarşı birbaşa təhlükə yaratdığını qəbul edib vəbeləliklə, bu, son fövqəladə tədbir (və çoxtərəfli təşkilatlar vasitəsilə) kimi istifadə olunmalıdır.

Tramp Türkiyə böhranına qatılmasaydı, Ərdoğanın populyarlığı mütləq şəkildə düşər və hökumət iqtisadi siyasəti dəyişmək məcburiyyətində qalardı. Türk ictimaiyyətinə ölkənin iqtisadi problemlərinin evdə yaradılması və yaxşı zamanların davam etmədiyi aydın olardı. Ancaq indi Ərdoğanın inandırıcı etibarı var. Türkiyəyə qarşı “iqtisadi müharibə aparan” əcnəbilərə qarşı müqavimətlə, o, daha çox ictimai dəstək əldə edib.

Maliyyə böhranlarında zərər çəkmiş əksər ölkənin hökuməti zəruri islahatlar aparmaqla, maliyyə yardımı üçün BVF və digər qurumlara müraciət edir. Ancaq Türkiyənin vəziyyətində, perspektiv dəhşətlidir. Ərdoğanın Qərbi iqtisadi müharibə aparmaqda ittihamını nəzərə alsaq, onun kursu necə dəyişə biləcəyi və xalqdan necə dəstək alacağını təsəvvür etmək çətindir.

Ancaq bəzi dəyişiklikləri istisna etməklə, qarşıdurma hər iki tərəf üçün faciə ilə sona çatacaq. ABŞ əsas müttəfiqini itirəcək; türklər tərəqqi və daha da yüksək həyat standartlarında yaşamaq şanslarını.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}