Böhrandan çıxış yolları: Nəyi necə etməli, xalqla necə davranmalı?
Tarix: 19-01-2016 15:45 | Bölmə: Araşdırma / Slayd


Milli valyutamız olan manatın devalvasiyasından sonra ölkədə başlayan qiymət artımı əhalinin narazılığı ilə qarşılanıb. Artıq bir neçə rayonda qiymət artımına etiraz olaraq, aksiyalar keçirilib.Hətta bəzi rayonlarda etirazçılarla polis arasında gərginlik də yaranıb.


Rayonlarda baş qaldıran narazılıqla bağlı rəsmi mövqe də açıqlanıb.Amma Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı məlumat ölkənin bəzi ictimai-siyasi təşkilatlarını qane eləmir.

Azərbaycan Liberal Partiyası ölkədə yaranmış gərginlikdən son dərəcə narahatdır.

 

Partiya sədri Əvəz Temirxan «Reytinq»ə bildirib ki, uzun illərdir dünyada analoqu olmayan və cəmiyyətdə tüğyan edən məmur özbaşınalığı, korrupsiya və rüşvətxorluq ölkədə dözülməz şərait yaradıb.

Ə.Temirxan iddia edir ki, yeridilən səmərəsiz iqtisadi siyasət nəticəsində ölkə problemlər bataqlığına sürüklənib, iqtisadiyyatın qeyri-neft sektorunun ixracatı, demək olar ki, heçə enib:

«Neftin qiymətinin dünya bazarlarında düşməsi nəticəsində, cəmi 10 ay ərzində manat dəyərdən ikiqat düşüb, bu isə iqtisadiyyatı iflic edib. Çörəklə imtahana çəkilmiş xalq arasında işsizlik və yoxsulluq daha kütləvi və dözülməz olub”.

ALP sədri deyib ki, məmurlar tərəfindən insan yerinə qoyulmayan, dinlənilməyən, çıxılmaz vəziyyətə düşdüyünü iqtidarın nəzərinə çatdırmağın yeganə yolunu yalnız kütəvi aksiyalarda görən yoxsul, işsiz və ac insan kütlələri bu günlərdə Azərbaycanın müxtəlif bölgələrində küçələrə axışıb və öz etiraz səsini qaldırıb: "Təəssüf ki, məsul iqtidar mənsubları acınacaqlı günə düşmüş xalq kütlələrininin qarşısına polis, daxili qoşun, çevik polis alayı çıxarıb, onları döydürüb, onlarla insanı həbs etdiriblər. Yüzlərlə insana bədən xəsarəti yetirilib. KİV-lərdə verilən məlumatlara görə, bir neçə adam özünü yandırıb və ya aldığı xəsarətdən həlak olub. Biz hesab edirik ki, xalqla güc strukturlarında çalışan onun övladlarnı qarşı-qarşıya qoymaq, dünc nümayişçilərə qarşı güc tətbiq etmək, onları həbs etdirmək yolverilməzdir və böhrandan çıxış yolu deyil».

Partiya sədri dinc aksiyaçılara qarşı güc tətbiq edilməsini pislədiklərini nəzərə çatdırıb və deyib ki, böhrandan çıxış yolu iqtidarın təxirəsalınmaz, kəsərli, dinc tədbirlər görməsində – cəmiyyətin müxtəlif nümayəndələrinin iştirakı ilə dialoqa, sabitliyin qorunması və qarşıdurmaya keçməməsi üçün köklü siyasi və iqtisadı islahatlara başlamasındadır: «Sonra gec ola bilər. Ona görə də iqtidarı həbs olunmuş bütün nümayişçiləri dərhal azad etməyə, onlara qarşı əsassız güc tətbiqində təqsiri olan vəzifəli şəxsləri müəyyənləşdirməyə və məsuliyyətə cəlb etməyə çağırırıq».

İctimai Tədqiqatlar Mərkəzinin sədri, müstəqil ekspert İlqar Altay da mövcud duruma münasibət bildirib. Əməkdaşımızla söhbətində İ.Altay deyib ki, Azərbaycandakı qiymət artımı ümumi qlobal böhranın, illərlə bir sıra məmurların və onlara yaxın "sahibkarların" sabotajının nəticəsi olaraq, ölkə iqtisadiyyatının bu böhrana hazır olmamasının və milli valyutamız olan manatın devalvasiyasının nəticəsidir. Onun qənaətincə, illərlə məmur özbaşınalığına, ədalətsizliklərə, rüşvətə birtəhər dözmüş xalq bu dəfə artıq adicə qida məhsulları ala bilməməsi qarşılığında etiraz hissini boğa bilmir:

«Bu etirazlar da daha imkansız maddi durumda olan bölgələrdə açıq və hiddətli formada təzahür edir. Bu halda, illərlə ölkəsini yüksək iqtisadi inkişaf templi, böhranlara immunitetli sabit dövlət kimi tanıtmış və insafən də, bunun üçün çalışmış Azərbaycanın dövlət rəhbərliyi, onun yaratdığı hökumət yaranmış böhranlı vəziyyətin götürülməsi üçün əlindən gələni edir. Maliyyə-iqtisadi və ərzaq sahədə təxirəsalınmaz əməli addımlar atır. Bunun üçün hətta, indiyədək görünməmiş radikal dövlət strukturu dəyişikliyinə gedilir. Ölkəni silkələyən böhrandan xilas edə biləcək hüquqi baza yaratmağa çalışılır. Qiymətlərin tənzimlənməsi, süni bahalaşmanın qarşısının alınması üçün qəti tədbirlər görülür. Böhrandan qurtulmağa mane olan rüşvət, korrupsiya, monopoliya hallarının təcili aradan götürülməsi üşün hüquq-mühafizə orqanlarının səlahiyyətləri artırılır. Bütün bu addımların atılması təbiidir, vacibdir, qaçılmazdır. Çünki ölkə iqtisadiyyatının bu gərgin, böhranlı dövrdə daha da çökməsi və xalqın yaşayış imkanlarının ən minimuma enməsi birinci növbədə, buna məsul olan hökumətə ziyandır. Camaatın çətinliklərinin və narazılığın böyüməsi, üstəlik, hökumətin anti-böhran tədbirlərinə inamsızlıq ölkədə qarışıqlıq yarada bilər. Üstəlik də, Azərbaycanda xaos yaratmaq arzusunda olan daxili ekstremist və xarici təxribatçı qüvvələrin bir sıra çalışmalarını nəzərə alsaq, bu gedişat ümumi vətənimiz üçün təhlükəli xarakter ala bilər».

İ.Altay vəziyyətdən çıxış yolu kimi təkliflər də irəli sürüb:

«Birincisi, hökumət bu cür gözlənilməz böhranlı vəziyyətə hazırlıqlı olmamasının səbəblərini aydınlaşdırsın. Bu duruma səbəb olmuş bütün məmurları və "yarımməmur sahibkarları" aşkar edib, oları güzəştsiz olaraq xalq qarşısında cəzalandırsın.Bundan sonra radikal mütərəqqi islahatları, struktur və kadr dəyişiklərini birə beş qat gücləndirsin.

İkincisi, xalqı qıcıqlandırıb narazı salan inzibati qadağaları, cəzaları, cərimələri minimum qədər yumşaltsın. Ən öncəsi, xalqın imkansız təbəqəsinin qida və sair təminatı üçün təcili müvafiq tədbirlər görsün.

Üçüncüsü, tarix boyu dəfələrlə olub ki, hökumətlərin çətin böhranlı günlərdə idarəetmədə vətəndaş cəmiyyətinin köməyinə ehtiyac yaranıb. Xalqın, cəmiyyətin sağlam, vətənpərvər və ağıllı, ixtisaslı nümayəndələrini ya məsləhət, ya da idarəçilik formasında çəlb etsinlər. Çünki hökumət öz gücü hesabına bunu edə bilsəydi, belə bir gözlənilməzliyə qarşı hazırlıqsız olmazdı. Ölkə ciddiyə alınmamaq, ürəkli olub "əşşi, keçib gedər" və ya inad göstərib "özünü sındırmamaq" yanaşmasından xeyli uzaq bir kritik duruma düşməzdi. Belə bir vəziyyətdə təbii ki, cəmiyyət içindən ölkənin varlığını, gələcəyini düşünən insanlarımız, aydınlarımız tərəfindən bəzi müxtəlif çıxış yolu təklifləri eşidilir. Təkliflər əsasən,müxtəlif iqtisadçılarıın ölkə problemlərinin həllinə cəlb olunması barədədir. Bunlar təqdiredicidir, çünki bu gün əsasən iqtisadi problem qarşısındayıq. Ancaq söhbət bu problemi yaratmış diğər hüquqi, inzibati, ictimai-siyasi amillərdən gedirsə,o zaman vətəndaş cəmiyyəti içindən olan digər ixtisaslara sahib insanlarımızın da ümumi işə cəlb edilməsindən gedir.

Bu mənada mən, təklif edərdim ki, Nazirlər Kabineti və yaxud digər ali idarəetmə orqanı yanında vətəndaş cəmiyyəti içərisindən ölkənin bugünkü durumuna biganə olmayan layiqli, bilgili, qabiliyyətli və xüsusiylə xalqın içində nüfuzu olan insanlarımızdan ibarət İtimai Palata yaradılsın. Bu qurum - narazı xalq kəsimi ilə hökumət arasında bir inam və etimad körpüsü ola bilər. Çünki bu vəziyyətdə hökumətin bütün anti-böhran tədbirləri xalq içində narazılığın səngiməsi, camaatın bu etiraz hisslərini buraxıb öz gündəlik problemlərinə qoşulması üçün kifayət etməz. Bu vəziyyətdə hökumətin iradəsi və istəyinə, gördüyü işlərin, atdığı addımların bu çətinlikdə olan narazı insanların rifahı üçün edildiyinə əminlik və arxayınlıq da lazımdır».

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev ölkədə dərinləşən böhran fonunda müxalifətin və hakimiyyətin tutduğu mövqeyi şərh edib. Partiya sədri deyib ki, ölkədə yaşanan böhran səbəbli etiraz dalğası, vəziyyətin ciddiliyindən xəbər verir. Belə təəssürat yaranır ki, iqtidarlı-müxalifətli siyasi kəsim, baş verənlərin ciddiliyini sona qədər qiymətləndirə bilmir.

Onun sözlərinə görə, hakimiyyət güc, müxalifət isə kabinet taktikasını seçib və müxalifətin ehtiyatlı mövqeyinin səbəbi, hakimiyyətin uzun illər apardığı siyasətdir:

«Partiyaların yerli strukturlarının sıradan çıxarılması, cəmiyyətlə müxalifətin əlaqələrinin düşünülmüş məhvi, yerli siyasi liderlərin iqtisadi və nüfuz baxımından zəiflədilməsi müxalifətin proseslərə müdaxiləsini minimuma endirib.

Hakimiyyət də səhv yol, əzici və səthi dəyişiklik modelini seçib. Əgər yaranmış iqtisadi və maliyyə reallığı müvəqqəti və təsadüfi olmuş olsa idi, bu taktikanı effektiv saymaq olardı. Lakin iqtisadiyyatın neft tutumlu strukturu qısa müddətdə transformasiya edilə bilməz. Neft qiymətlərinin eniş dinamikası da göz önündədir. Bütün ekspertlər tendensiyanın yaxın illərə qalacağını proqnoz edir. Hakimiyyətin xalqla güc və xof vasitəsilə deyil, başqa "dildə" danışması daha düzgün olardı.

Etirazçıların da təsnifatında müxtəlif yaraşmaz epitetlərə yer verilməsi yanlış kimi dəyərləndirilməlidir».

 

VİPsədrideyibki,insanların sosial durumu kritik həddə çatdığından, son devalvasiya dalğası etirazların "domino" effekti ilə cəmiyyətə yayılmasını şərtləndirib:

«Amma insanlarımızın etirazı heç bir halda "icra başçısı pisdir" səviyyəsinə endirilməməli, hakimiyyətdaxili qrupların və xarici güclərin alətinə çevrilməməlidir.İstisna deyil ki, rayon miqyaslı oyunbazlar, bu qarışıqlıqdan öz marginal maraqları üçün istifadəyə cəhd göstərəcəklər. Artıq mətbuatda və bəzi çəkilişlərdə narazılığın miqyası rayon səviyyəsinə endirilir, ünvan isə başçıya yönəldilir. Eyni zamanda,mürəkkəb beynəlxalq şəraitdə, geopolitik baxımdan da daxili situasiyamızdan yararlanmaq istəyənlər tapılacaq. Uzun illər qisas ehtirası ilə alışanların da prosesə qarışmasına yol verilməməlidir. Mümkündür ki, hakimiyyət daxilindəki qruplardan da hansılarsa imkanlarını artırmaq və ya saray çevrilişinə cəhd göstərmək üçün bu potensialdan yararlanmaq məqsədi güdsün. Bir sözlə, insanların yerlərdə başlatdığı bu səmimi mübarizənin dövlətə qarşı çevrilməsinə, lokal klan intriqalarına endirilməsinə yol vermək olmaz.

Bunun üçün müxalifət kabinetlərdən çıxıb xalqa qarışmalı, mübarizəni sistemləşdirməli, natəmiz qüvvələrin xalqı aldatmasına yol verilməməlidir. Müxalifət təşkilatlarının yerli qurumları mərkəzləşdirilmiş qərargahlar yaratmalı, narazılığın xaotik deyil, sistemli və qanuni mübarizə xətti seçilməlidir».

Ə.Əliyev hesab edir ki, spontan, toqquşma ilə nəticələnən çıxışlardansa, icazəli, həbs və itki ilə nəticələnməyən taktika daha düzgündür. Onunfikrincə,xalqın fəallığının uğuru koordinasiyalı mübarizədədir:

«Hakimiyyət güc və hikkə dilindən imtina etməli, böhranı etiraf edib, cəmiyyətdə konsensusa gətirəcək taktika seçməlidir. Bunun üsulları çoxdur. Lakin ilk addım həbsə alınmış şəxslərin azad edilməsi və bu yöndə ölkə rəhbərliyinin xalqa çağırışı, yaranmış vəziyyətə adekvat reaksiyası olmalıdır.

Küçələrdəki etirazçılar bizim xalqın övladları, hakimiyyətin mənbəyi olan xalqdır. Onunla zor dili ilə ünsiyyət yol verilməzdir”.

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə deyib ki, regionlardakı etiraz dalğası iqtidarın illər uzunu apardığı siyasətin, göstərdiyi fəaliyyətin məntiqi nəticəsidir. Onun fikrincə, bu, hələ başlanğıcdır:

«Əlbəttə, insanların küçələrə çıxması, problemlərinin həllini emosiyalarla, sərt şəkildə tələb etmələri xoşgörü deyil. Lakin onları bu həddə çatdıran, qəzəbləndirən iqtidar anlamalıdır ki, bu cür yanaşma, bu cür idarəciliklə çox getməzlər. Onlar qaldıqca insanların əsəbləri ilə, hissləri ilə oynayırlar. Qorxulusu odur ki, günü-gündən artan narazılıqlar lokal xarakterdən çıxaraq ümumxalq qəzəbinə, qarşısıalınmaz və idarəolunmaz xaotik prosesə çevrilsin. Təbii ki, bundan da yararlanmaq istəyən qüvvələr olacaq».

Ə.Orucovun sözlərinə görə, kosmetik dəyişikliklərlə, hansısasa xırda-para tədbirlərlə, bir-iki sərəncamla kütləvi narazılıqların qarşısını almaq mümkün deyil. AMİP yetkilisi hesab edir ki, zorakılıqla, inzibatı və güc aparatı ilə bunu susudurmaq da ağlabatan deyil:

«İqtidar bu vasitələrin hər ikisini eyni anda işlətməklə narazılıqları yatırmaq istəyir. Lakinbunların uğurlu alınacağına şübhələr var. Daha pis nəticələrin, daha pis olayların baş verməməsi üçün xalqa istədiyini vermək lazımdır ki, bu istəkləri də indiki rejim vermək istidarında deyil. Çıxış yolu təcili surətdə hökümətin istefaya getməsi, sistemın dəyişməsindədir. Bu parlamentlə, bu hökümətlə Azərbaycanın xilası yoxdur».





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}