Müdafiə nazirini ölümlə hədələyən şəxs həbs edilib
Tarix: 19-07-2023 15:22 | Bölmə: Dünya
Müdafiə nazirini ölümlə hədələyən şəxs həbs edilib

Bolqarıstanın paytaxtı Sofiyada Ukraynadakı müharibə ilə bağlı mövqeyinə görə Bolqarıstanın Müdafiə naziri Todor Taqarevi öldürməklə hədələyən 39 yaşlı kişi həbs edilib.

Reyting.az
xəbər verir ki, Bolqarıstanın yeni hökumətinin üzvü olan Todor Taqarev avropapərəstdir və Ukraynaya hərbi dəstəyin tərəfdarıdır.

Sofiya Rayon Prokurorluğunun məlumatına görə, müttəhim iyulun 4-də sosial şəbəkə vasitəsilə Taqarevə hədələr göndərib.

Qeyd olunur ki, təhdidlərə səbəb onun Ukraynadakı müharibə üzrə nazirin mövqeyini bəyənməməsi olub. İstintaq zamanı müəyyən edilib ki, sosial şəbəkə vasitəsi ilə təhdid göndərilən profil təqsirləndirilən şəxs tərəfindən yaradılıb və ondan istifadə edilib. Prokurorluğun qərarı ilə həmin şəxs 72 saat saxlanılıb.

Onu da xatırladaq ki, 10 gün əvvəl rusiyayönlü nümayişçilər Bolqarıstandan Ukraynaya hərbi yardım göndərməməyi tələb edərək Sofiyada etiraz aksiyası keçirmişdilər. Əvvəlcə onların “Sülh marşı” adlanan yürüşünün Taqarev iqamətgahına çatacağı elan edilsə də, sonradan təşkilatçıları marşrutu dəyişib.

İyulun 16-da Taqarev televiziyaya müsahibəsində Kremlin siyasəti və təbliğatının Bolqarıstanda ciddi irəliləyiş əldə etdiyini bildirib. “Onu mühüm ictimai qruplar, partiyalar və müəyyən dərəcədə prezident institutu dəstəkləyir”.

Xatırladaq ki, Bolqarıstan prezidenti Rumen Radev bu yaxınlarda Ukraynanı müharibəni davam etdirməkdə israrda ittiham edib. Radev hesab edir ki, ukraynalılar avropalıların hesabına döyüşmək istəyirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər