Daha iki ölkə Fələstin dövlətini tanımağa hazırlaşır
Tarix: 26-05-2025 17:59 | Bölmə: Dünya
Daha iki ölkə Fələstin dövlətini tanımağa hazırlaşır

Malta dövləti bu ilin iyun ayında Fələstinin müstəqilliyini tanımağa hazırlaşır. "Axios" nəşri yazır ki, Fransa da eyni qərarı qəbul etməyi planlaşdırır.

Reyting.az
-ın "Times of Malta" nəşrinə istinadla verdiyi məlumata görə, Malta dövlətinin baş naziri Robert Abelan bir müddət əvvəl bildirib ki, onun ölkəsi yaxın zamanlarda Fələstinin müstəqilliyini tanıyacaq.

Uzun müddətdir ki, Maltada Fələstinin səfirliyi fəaliyyət göstərir və 2024-cü ildə Malta, BMT Baş Assambleyasının qəbul etdiyi, Fələstin dövlətinin bu beynəlxalq təşkilata tamhüquqlu üzv olmaq istəyini, həmçinin hüququnu tanıyan qətnaməsini dəstəkləyib. Bununla belə, Malta dövləti indiyə qədər Fələstini müstəqil dövlət kimi tanıdığını rəsmən açıqlamayıb.

"Times of Malta" bildirir ki, bu barədə müvafiq bəyanat iyunun 20-də BMT-nin dəstəyi ilə, həmçinin Səudiyyə Ərəbistanı və Fransanın təşkil etdiyi bir beynəlxalq konfransda səslənəcək. Nəşr yazır ki, artıq bu mövzuda qətiyyət göstərməyə qərar verən Maltanın hakimiyyət nümayəndələri tamamilə açıq şəkildə bunu bəyan ediblər.

Maltanı təmsil edəcək hakimiyyət nümayəndələri bu konfransda Fələstinin müstəqil dövlət kimi tanınmasını elan edən yeganə ölkə olmayacaqlarını da vurğulayıblar. Məlumata görə, Fransa dövləti bu məsələdə gecikmək istəmir. Mənbələr bildirirlər ki, Fransa dövləti də iyun ayında Fələstinin müstəqilliyini rəsmən tanımağı planlaşdırır.

Onu da qeyd edək ki, 2024-cü ildə Norveç, İrlandiya, İspaniya, Sloveniya və Ermənistan rəsmi şəkildə Fələstin dövlətinin müstəqilliyini tanıyıblar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər