Medvedçuk və həyat yoldaşının daha bir neçə əmlakına həbs qoyulub
Tarix: 14-04-2022 12:23 | Bölmə: Dünya
Medvedçuk və həyat yoldaşının daha bir neçə əmlakına həbs qoyulub

Ukraynanın Həyat Uğrunda - Müxalifət Platformu Partiyası Siyasi Şurasının sədri Viktor Medvedçuk və həyat yoldaşına məxsus mənzil, ev, avtomobil və torpaq sahəsinə həbs qoyulub.

Məlumatı Ukrayna Dövlət İstintaq Bürosu yayıb.

Həbs edilən əmlak arasında 26 avtomobil, 30 torpaq sahəsi, 23 fərdi yaşayış evi, 32 mənzil, 17 parkinq yeri və bir mühərrikli yaxta var. Həmçinin benefisiar sahibi Viktor Medvedçuk və ya onun həyat yoldaşı olan 25 şirkətin nizamnamə kapitalındakı payları da həbs edilib.

Bundan əvvəl Dövlət İstintaq Bürosunun müstəntiqləri və Baş Prokurorluğun prokurorları Medvedçukun yaxtasına və digər daşınmaz əmlakına məhkəmə yolu ilə həbs qoyublar/Report.

Xatırladaq ki, Viktor Medvedçuk 2021-ci ilin may ayından dövlətə xəyanət və işğal altındakı Krımın milli sərvətlərinin (neft və qaz) talanmasına cəhddə, oktyabr ayından isə dövlətə xəyanət və kömür alqı-satqısı sxemləri ilə terror təşkilatının fəaliyyətinə yardım etməkdə şübhəli bilinərək ev dustaqlığındadır.

21 fevral 2022-ci ildə V.Medvedçukun Kiyevdəki malikanəsindən əmlak müsadirə edilib. Fevralın 27-də Medvedçukun ev dustaqlığından qaçdığı məlum olub.

Qaçağın axtarışını prokurorluq əməkdaşları ilə birgə Təhlükəsizlik Xidmətinin xüsusi qrupu həyata keçirib.

Martın 18-də məhkəmə V.Medvedçukun qiyabi həbsinə icazə verib.

Aprelin 12-də Medvedçukun Ukraynada saxlanması barədə məlumat yayılıb. O, Ukraynanı tərk etməyə çalışıb. Həbsdən qaçmağın təfərrüatını onun mühafizəçisi danışıb. Aprelin 13-də Medvedçukun həyat yoldaşı Oksana Marçenko yutub vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə “müxalifət lideri olan ərinin dərhal azad edilməsini” tələb edən videomüraciət yayıb. Siyasətçinin həyat yoldaşı həmçinin daha yumşaq və mühafizəkar tərzdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da videomüraciət ünvanlayıb.

Qeyd edək ki, Rusiya ilə sıx əlaqələri olan Viktor Medvedçukun qızının xaç atası Rusiya Prezidenti Vladimir Putindir. Məlumata görə, Rusiyanın Kiyevi işğal edəcəyi təqdirdə V.Medvedçuk oradakı gələcək marionet hakimiyyətin başçısı olaraq görülürdü.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər