21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İranda etiraz aksiyaları davam edir
Tarix: 10-10-2022 13:38 | Bölmə: Dünya
İranda etiraz aksiyaları davam edir

İranda keçirilən kütləvi etiraz aksiyaları fonunda dövlət televiziyası haker hücumuna məruz qalıb. Hakerlər ölkənin Ali dini lider Əli Xamenəinin çıxışını aksiya zamanı həyatını itirən qadınların görüntüləri ilə kəsiblər.

Reyting.az
xatırladır ki, 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da paytaxt Tehranda “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra ölməsi ilə başlayan etirazlar həftələrdir davam edir.

Təhlükəsizlik qüvvələrinin nümayişçilərə hücumuna cavab olaraq, İranın dövlət televiziyasına kiberhücum təşkil edilib. Hakerlər M. Əminin və etirazlar zamanı həyatını itirən qadınların görüntülərini ekrana əks etdiriblər. Hadisə İranın Ali dini lideri Ayətullah Əli Xamenəinin televiziyada çıxışı zamanı baş verib.

Daha əvvəl Tehran hökumətinə qarşı kiberhücumlar həyata keçirən “Ədalət-i Əli” adlı qrup aksiyaya görə məsuliyyəti öz üzərinə götürüb.

İranın ISNA agentliyi bildirir ki, dövlət televiziyasının 21:00 bülleteni zamanı problem yaranıb və normal axın bir neçə saniyə ərzində kəsilib. Məlumata görə, İran dövlət televiziyası əvvəllər də oxşar kiberhücumlara məruz qalıb.

Bir neçə günlük sakitlikdən sonra ötən axşam İran küçələrində fəallıq yenidən artıb. Dövlət mediası müxtəlif şəhərlərdə keçirilən etiraz aksiyalarında iki polisin öldürüldüyünü bildirib. Etirazların əvvəlindən öldürülən polis zabitlərinin sayı bununla da 14-ə yüksəlib. Bir müddətdir rəsmi rəqəmlər yenilənməsə də, hüquq müdafiə təşkilatları polisin müdaxiləsi nəticəsində azı 90 fəalın öldüyünü bildirir.

Bu arada etirazlar zamanı yoxa çıxan və daha sonra öldüyü bildirilən 16 yaşlı Nika Şaraminin anası qızının təhlükəsizlik qüvvələri tərəfindən döyülərək öldürüldüyünü iddia edib. Dövlət rəsmiləri isə onun “yüksəkdən yıxılaraq” öldüyünü bildirib. Gənc qızın anası deyib ki, qızlarının cəsədi ailənin xəbəri olmadan morqdan çıxarılaraq kənddə basdırılıb.



Bu arada amerikalı reper Kanye Uest “Twitter”də iranlı qadınları dəstəkləyib.

“İran gəncliyi 44 illik diktaturaya qarşı üsyan edib. Dünya onları dəstəkləməli və onların cəsarətinə hörmət etməlidir”, - deyə o bildirib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər