Tarix: 14-06-2017 12:04 | Bölmə: İqtisadiyyat / Xəbərlər
"Növbəti il Beynəlxalq Bank və Daşkəsən Filizsaflaşdırma Kombinatının səhmləri satışa çıxarılacaq”.
Reyting.az-ın xəbərinə görə, bunu tanınmış iqtisadçı–alim Qubad İbadoğlu bildirib.
Q.İbadoğlunun sözlərinə görə, indiyə qədər Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 2 Dövlət Proqramı həyata keçirilib. Bu proqramlar çərçivəsində kiçik və orta ölçülü dövlət müəssisələrinin böyük əksəriyyəti özəlləşdirilib:
"Növbəti ildən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan iri dövlət müəssisələrinin özəlləşdirilməsi gözlənilir. Milli iqtisadiyyat perspektivində ikinci hədəfi də özəlləşdrmə yolu ilə dövlət müəssisələrinin mlkiyyətçisinin dəyişdirilməsi, onların fəaliyyətində səmərəliliyin artırılması və bununla da iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir”.
İqtisadçı qeyd edib ki, son məlumatlara görə, özəlləşdirilməyə açıq elan edilə biləcək müəssisələrin siyahısında öndə Beynəlxalq Bank və Daşkəsən Filizsaflaşdırma Kombinatı gəlir.
Q.İbadoğlu hər iki müəssisənin strateji əhəmiyyətini nəzərə alaraq qeyd edib ki, özəlləşdirməyə start verilməzdən əvvəl bir sıra məsələlərə aydınlıq gətirilməlidir:
1. Üçüncü özəlləşdirmənin miqyas və məqsədlər baxımından fərqli olacağını nəzərə alaraq, özəlləşdirmənin hədəflərini aydın ifadə edən yeni hüquqi və normativ baza hazırlanmalıdır.
Özəlləşdirmənin fərdi investisiya müsabiqələri formalarına üstünlük verilməklə peşəkar və effektiv menecer cəlbinə nail olunmalı, özəlləşdiriləcək əmlakın dəyərinin qiymətləndirilməsi və götürüləcək investisiya öhdəliklərinin həcminin müəyyənləşdirilməsi beynəlxalq nüfuzlu qiymətləndirici şirkətlər tərəfindən həyata keçirilməlidir.
2. Özəlləşdirmədə xarici investorların iştirakına məhdudiyyət qoyulmamalı, investorların cəlbi üzrə aydın və təminatlı dövlət siyasəti həyata keçrilməli, xarici sərmayə qoyuluşunun hüquqi və iqtisadi əsasları müasir tələblərə uyğunlaşdırılmalıdır. Belə ki, xarici sərmayələrin cəlb edilməsinə daha səmərəli biznes-investisiya mühiti formalaşdırılmalı, onların özəlləşdirmədə iştirakının stimullaşdırılması və sərmayələrinin qorunması üçün dövlət zəmanətlərinin verilməsi nəzərdə tutulan xarici investisiyaların qorunması haqqında yeni Qanun layihəsi qəbul edilməlidir.
3. Özəlləşdirmədə sosial ədalətin qorunması üçün əmək kollektivlərinin iştirakını təsbit edən yeni hüquqi normalar yaradılmalı və səhmlərin bir hissəsi şərt qoyulmadan onların ixtiyarına verilməlidir.
4. Özəlləşdirmə zamanı investisiya müsabiqəsinin qaliblərinin götürdükləri öhdəliklərin icrasının monitorinqi nəzərdə tutulmalı və bu sahədə dövlət nəzarəti ilə yanaşı əmək kollektivinin ictimai nəzarəti də təmin olunmalıdır.
5. Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dair bütün informasiyalar açıq olmalı, dövlətsizləşdirmə prosesi şəffaf və hesabatlı olmalıdır.
Bölməyə aid digər xəbərlər