20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Xoruz ili və “kotyol” mətbuatı
Tarix: 12-12-2016 14:51 | Bölmə: Mətanət ƏLİYEVA

 24 il əvvəl, 1993-cü il - Xoruz ilində ölkəmizdə vəziyyət ağır idi. 1992-ci ildə Qərb Türkiyənin əli ilə ölkəmizdə silahlı çevriliş edəndən sonra ölkə daxilindəki silahlı qruplaşmalar hakimiyyət uğrunda mübarizə aparırdılar.

Qərb çevriliş etdiyi bütün ölkələrdə müxtəlif qruplaşmalara silah verib, o ölkələrdə vətəndaş müharibələri törədir.

Hakimiyyətə gəlmək istəyən qüvvələr hətta ermənilərlə də sövdələşməyə gedir, Qarabağ torpağından hakimiyyət davasında alət kimi istifadə edirdilər.

Cavanları avtobuslardan düşürüb birbaşa döyüş bölgələrinə tökür, bəzi ordu zabitləri hətta gəncləri "alver” məqsədilə erməni polklarına təhvil verirdilər.

Dediyim faktları vaxtilə erməni əsirliyində olmuş Möhlət Mahmudovun mənə verdiyi "6 ay erməni əsirliyində” başlıqlı müsahibə də təsdiqləyir. Müsahibəni "impulsqazeti.az” saytında oxuya bilərsiniz.

Müsahibədən görünür ki, nə erməni, nə də Azərbaycan xalqının müharibə etmək fikri yox idi. Hər iki tərəfdə millətçilər və onları himayə edən xarici qüvvələr iki xalq arasında münaqişəni qızışdırmaq üçün bütün vasitələrdən istifadə edirlər.

Deyirlər ki, tarix təkrar olunur. Qarşıdan yenə Xoruz ili gəlir. Müxalifət də, iqtidar da deyir ki, yeni ildə vəziyyət daha pis olacaq.

Hökumət adamları müxalifəti ittiham edir ki, onlar yalnız tənqid edirlər, amma çıxış yolunu göstərən proqram təklif etmirlər.

Mənə elə gəlir ki, çıxış yolu çox sadədir. "Obşiy kotyol” məsələsini qurtarmaq, oğurluğa son qoymaq lazımdır. Büdcədən ayrılan pullar təyinatı üzrə xərclənməlidir. Bu, çox sadə görünsə də, əslində mümkün olan iş deyil. 24 ildir ölkədə idarəçilik elə qurulub ki, oğurluğa son qoymaq üçün "obşiy kotyol”u (hökuməti) dağıdıb təzədən qurmaq lazımdır. Amma "kotyol”dan yeyənlərin heç biri buna razı olmaz.

Yeri gəlmişkən, müxalifət partiyalarının çoxu bu "kotyol”dan pay alır. Onlar yalnız paylarının artması üçün hökuməti tənqid edə bilərlər.

Mətbuatın da "kotyol”dan payı var. Real oxucusu olmayan bəzi gündəlik qəzetlər, ayına yüz min manatlarla pul xərcləyən agentliklər "obşiy kotyol”un hesabına fəaliyyət göstərirlər. Məsələn, yol çəkilişinə, köhhə binaların təmirinə, təbii fəlakətlə mübarizəyə və sair üçün ayrılan pulların müəyyən hissəsi "obşiy kotyol”a qayıdır. Oradan bütün havayıyeyənlər, o cümlədən bəzi mətbu orqanlar da hər ay öz payını götürür.

Oğurluq pullardan (kotyol) və büdcə vəsaitlərindən bəhrələnən müəyyən bir qrup var və onlar özlərini mətbuatın generalları hesab edirlər. Mətbuatın generalları da keçmiş MTN generallarının gördükləri işlərlə məşğuldurlar. Mətbuatın generalları heç vaxt istəməzlər ki, "kotyol” siyasəti ləğv olunsun, "kotyol”suz onlar bir gün də fəaliyyət göstərə bilməzlər.

Mənim kimi jurnalistlər o pullara yaxın düşə bilməzlər. Mən 16 il "İmpuls” qəzetini nəşr edəndə bir qəpik də görmədim və maddi imkansızlıqdan qəzeti bağladım, heç səsimi də çıxarmadım, "kotyol”dan yesəydim heç nə yaza bilməzdim və jurnalist kimi tükənərdim.

Son günlər reketliklə məşğul olduğu üçün iki qəzetin baş redaktorunu həbs ediblər. "Kotyol” mətbuatı onları tənqid atəşinə tutub.

Bir qədər də jurnalistlərə verilən mükafatlar haqqında yazmaq istəyirəm. Mətbuatın problemləri ilə məşğul olan çoxlu sayda təşkilatlar var, onlar da "kotyol”dan qidalanırlar. Bu qeyri-hökumət təşkilatlarının əsas işi jurnalistlərə mükafatlar verməkdir. Dəfələrlə onlardan redaksiyamıza zəng edib deyirdilər ki, mənə mükafat vermək istəyirlər. Zəng edənlər bir dəfə də "İmpuls” qəzetini oxumamışdılar. Axırda həyat yoldaşım 100 manat verib Zərdabi mükafatını mənim üçün aldı. Çərçivəyə salınmış mükafatı nəvəm oyuncaq kimi oynadıb sındırdı, zibilqabına tulladıq.

Azərbaycanda 50 mindən artıq jurnalist var. Hər il 100 nəfərə Zərdabi mükafatı verilsə, 10 min manat edir. 100 manat verib mükafat alanlar ondan istifadə etməyi də bacarırlar, reketlik, dilənçilik edəndə titullar işə yarayır. Əslində, elə bəzən Xalq artisti adı da, Nobel mükafatı da, Oskar mükafatı da bu formada verilir. Minlərlə insanın qətlə yetirildiyi Qarabağ problemini yaradan Qorbaçova Nobel sülh mükafatı verildi.

Digər tərəfdən, xalqdan oğurlayıb siyasi partiyaları, QHT-ləri, mətbuatı yemləyən hökuməti qınamaq olmur. Bəzi ziyalılarımızı yemləmək də "kotyol”un boynuna düşür.

Mətbuatda gedən məlumatlara əsasən, ABŞ 2017-ci ildə demokratiyanın inkişafı və insan haqlarının qorunması üçün Azərbaycana 13 milyon dollar ayıracaq. Hökumət siyasi partiyaları, QHT-ləri, mətbuatı yemləməsə, onlar ABŞ-ın pullarını alıb Azərbaycanı İraqın gününə salacaqlar. Qanuni hakimiyyəti devirən ABŞ müxtəlif qruplaşmalara yenidən silah paylayacaq ki, bir-birlərini qırsınlar və 1993-cü Xoruz ilindəki hadisələr təkrar olunacaq. Hələ üstəlik Türkiyədəki İŞİD-çiləri də tökərlər ölkəmizə, terrorun biri bir qəpik olar. Belə görurəm ki, indiki çətin vəziyyətdən çıxış yolu elə də sadə deyil...


Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA



Bölməyə aid digər xəbərlər
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf

bütün xəbərlər