20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Qarabağ atı, Heydər Əsədov və üç qadın
Tarix: 11-04-2017 16:07 | Bölmə: Mətanət ƏLİYEVA


Rusiya ilə İranın yaxınlaşması İŞİD terrorçularını himayə edən Qərb dövlətlərinə ağır zərbədir. Çünki İran və Rusiya sözün həqiqi mənasında İŞİD-lə mübarizə aparır. Buna görə də bu ilin mart ayında İran prezidenti Həsən Ruhaninin Moskvaya səfəri ərəfəsində Rusiyadakı qərbpərəst qüvvələr (Qərbdən idarə olunan 5-ci kolon) etiraz aksiyalarına başladılar. Aleksey Navalnının rəhbərlik etdiyi bu qüvvələr baş nazir Medvedevi korrupsiyada ittiham etdilər. Halbuki Navalnı Rusiyanın ən böyük korrupsionerlərindən olub.

Maraqlısı odur ki, Azərbaycandakı qərbpərəst qüvvələr də eyni vaxtda Navalnı tərəfdarlarına dəstək verməyə başladılar. Bu dəstək kampaniyasından məlum oldu ki, Azərbaycandakı mətbu orqanların əksəriyyəti Qərbin maraqlarına xidmət edir. Bu qüvvələr Rusiya ilə müharibə vəziyyətində olan Qərbin maraqlarına xidmət etdikcə Qarabağ münaqişəsinin həlli sual altında qalır.

Deyəsən, bizim hökumətdəki bəzi şəxsləri Qarabağdan daha çox, nefti-qazı Qərbə satıb pulunu oradakı banklardakı şəxsi hesablarına yerləşdirmək maraqlandırır. Bu maraq məmurlarımızı qonşularımız Rusiya və İranla düşmənçilik münasibətlərini davam etdirməyə sövq edir.

Hökumətimiz Qarabağ haqqında kitablar yazmaq, konfranslar keçirmək, filmlər çəkməklə əhaliyə göstərmək istəyir ki, guya Qarabağ münaqişəsinin həlli ilə məşğuldur. Nəhayət, problemin həlli üçün təzə bir şey də fikirləşiblər. Avropada - Belçikanın hansısa şəhərində Qarabağ atına heykəl qoyublar.

Ölkədə isə bahalaşma davam edir. Jurnalistlər kənd təsərrüfatı naziri Heydər Əsədovdan ətin nə üçün baha olduğunu soruşduqda, Əsədov qarmaqarışıq bir cavab verdi, heç kim heç nə başa düşmədi.

Nazir cavab verməli idi ki, yem baha olduğu üçün ət bahadır. Amma bunu desəydi jurnalistlər soruşa bilərdilər ki, yem niyə bahadır? Və beləliklə, növbəti suallar və cavablar ona gətirib çıxarardı ki, torpaqlar susuzluqdan əkilmir, su çəkmək üçün ayrılan pullar oğurlanır, iqtisadi inkişaf barədə deyilənlər cəfəngiyyatdır və s.

Belə getsə, ətin kiloqramı 30 manat olacaq, çünki bu il quraqlıq oldu, heyvanlar acından öləcək. Otun, yemin az olması ət, süd, ət və süd məhsullarının daha da bahalaşmasına səbəb olacaq.

Hökumətimiz əhalinin ərzaq təminatını fikirləşmək əvəzinə pambıq əkib valyuta qazanmaq istəyir. Mən bunun səbəbini başa düşə bilmirəm. Yəqin pambıqdan əldə edilən valyutaya inhisarçılar xaricdən ucuz və keyfiyyətsiz ərzaq məhsulları alıb əhaliyə yedizdirəcəklər.

Mən həmişə hesab etmişəm ki, dünyanı kişilər idarə edir, kişiləri isə qadınlar. Ona görə də ailənin və dövlətin faciəsində qadını günahkar saymışam. Əbəs yerə deməyiblər ki, uğur qazanmış hər bir kişinin arxasında ağıllı bir qadın dayanır. Ona görə də bu yazımda üç qadından bəhs etmək istəyirəm:

Həmidə xanım Cavanşir

Qarabağ xanının nəslindən olan, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşirin, Bakı milyonçuları Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi Baninin (Ümbülbani), İran şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvinin xatirələrini təkrar oxudum. Hər bir qadın xatirələrində öz obrazını yaradıb. Mənim fikrimcə, bu qadınlardan ən ağıllısı Həmidə xanımdır. Bu qadın ailəsinə, vətəninə, xalqına sıx bağlı olub, kökü üstündə dayanmaq onu əzəmətli edib.

Onu əzəmətli edən əsas xüsusiyyətlərindən biri də odur ki, Həmidə xanım heç kimdən heç nə ummayıb, əksinə, hamı üçün nəsə edib, hamıya yaxşılıq etməyə sanki özünü borclu bilib.

Adam var elə hesab edir ki, hamı ona borcludur, adam da var Həmidə xanım kimi hesab edir ki, hamıya kömək etmək onun borcudur.

Həmidə xanım yaşadığı Kəhrizli kəndində kəhrizlər vasitəsilə torpaqları su ilə təmin etmək hesabına böyük məhsuldarlığa nail olub, kənddə dəyirmanı, toxuculuq dəzgahları olub. Öz puluna kənd uşaqları üçün məktəb açdırıb, öz pulu ilə yolxucu xəstəliklərə qarşı peyvəndlər edib, xəstələrə iynələri özü vurub.

Həmidə xanım insanların sevgi və hörmətini qazanıb. Xatirələrində bütün tarixi hadisələri ardıcıllıqla və ustalıqla qeydə alan Həmidə xanım, geyim-kecimi, var-dövləti, kef məclisləri barədə bir kəlmə də yazmayıb.

Həmidə xanımın tarixi xidmətlərindən biri də o olub ki, o dövrdə Şimali və Cənubi Azərbaycanda problemlərdən yazan yeganə mətbuat orqanı "Molla Nəsrəddin" jurnalının nəşrinə kömək edib.

Həmidə xanım yazır ki, bolşeviklər Qarabağa gələndə ailəsi ilə müvəqqəti olaraq İrana mühacirət edib və Təbrizdə borc-xərc edərək "Molla Nəsrəddin" jurnalının 6 nömrəsini çıxarıblar.

Satmalı nə varsa hamısını satıblar, Həmidə xanımın satmağa qır-qızılı olmayıb, çünki heç vaxt ziynət əşyalarından istifadə etməyib.

Təbrizdəki hadisələrlə bağlı Həmidə xanım yazır ki, çətinliklə "Molla Nəsrəddin" jurnalının çapına razılıq alıblar. 1000 nüsxə ilə çapdan çıxan jurnalın ilk nömrəsinin 600-ü həmin gün satılıb, qalan 400 nüsxəni müsadirə etmək üçün gələnlərə Həmidə xanım elə qəzəb nümayiş etdirib ki, onlar fikirlərini dəyişiblər. Həmidə xanım onlara deyib ki, Təbrizdə yaşayan ermənilər öz dillərində 4 qəzet çıxarırlar, amma Azərbaycan dilində bir dənə də qəzet çıxmır.

"Molla Nəsrəddin" jurnalı Təbrizdə Azərbaycan dilində çıxan ilk nəşr olub və qısa müddət ərzində çox böyük işlər görüb. Jurnaldakı bütün tənqidi faktlarla bağlı ölkə rəhbərliyi dərhal tədbir görüb və həmin problem düzəlib.

Həmidə xanım sovet dövründə ondan bacarıqsız, ondan savadsız adamlar ölkəni idarə edəndə də vətənini tərk etməyib, sadə bir insan kimi yaşayıb, sadə bir insan kimi həyatını başa vurub.

Banin (Ümbülbanu Əsədullayeva)

Şəmsi Əsədullayevin və Musa Nağıyevin nəvəsi Banin uşaqlıqdan hərtərəfli təhsil alsa da, bir neçə xarici dil bilsə də, var-dövlət içərisində yaşasa da onun dərin ağlı və zəngin mənəviyyatı olmayıb. Milli adət-ənənələrinə, dininə nifrət edən bu qadın xəsis və eqoist olub, heç kimə yaxşılıq etmək fikri olmayıb, həmişə hamıdan nəsə umub. Ağıllı və hökmlü qadın olan nənəsinə (Şəmsi Əsədullayevin həyat yoldaşı) nifrət edib, əxlaqsız bibisi qızı onun üçün nümunə olub. Nəyin bahasına olursa-olsun Avropaya mühacirət etməyə can atıb. Amma Avropa ona xoşbəxtlik gətirməyib. Ailəsi, övladı olmayıb. Sevgilisi olduğu kişi onu atanda ağlayaraq bibisi qızına deyib ki, nənələri kimi çarşab örtüb çoxlu uşaq doğsaydılar daha xoşbəxt olardılar.

SSRİ dağılandan sonra onun bacısı Züleyxa Əsədullayeva dəfələrlə Azərbaycana gəlsə də, Banin bir dəfə də olsun vətəninə gəlmədi. Xatirələrindən görünür ki, bu qadın vətəninə və xalqına ikrah hissi ilə baxıb. Bununla belə, Banin inqilab ərəfəsində Bakı milyonçularının həyat tərzini, mənəvi cəhətdən çürüməsini, inqilabdan sonra mühacir həyatı yaşayan Çar Rusiyasından olan insanların həyatını ustalıqla qələmə alıb.

Baninin anası Ümbülbani Musa Nağıyevin qızı idi və o, Şəmsi Əsədullayevin oğluna ərə getmişdi, 4-cü qızı Banin anadan olanda vəfat etmişdi.

Fərəh Pəhləvi

Xatirələrini oxuduğum üç qadından ən ağılsızı Fərəh Pəhləvi olub. Fərəh Pəhləvi xatirələrində öz axmaqlığını qəhrəmanlıq kimi, xalqa, dövlətə xidmət kimi təqdim edir.

Faciənin böyüklüyü ondadır ki, bu qadın öz qəddarlığını, acgözlüyünü dərk etmir və bunu təsvir etməkdən çəkinmir.

Fərəh neftdən gələn pulları brend paltarlara, ziyafətlərə, beynəlxalq konfranslara, özünü reklam etmək üçün "xeyriyyəçiliyə" sərf etməklə kasıb xalqın sonsuz nifrətini qazanıb.

Özünə dəbdəbəli tacqoyma mərasimi və sair beynəlxalq səviyyəli tədbirlər keçirməklə şahı da nüfuzdan salıb. Əhalinin narazılığı güclənəndə Fransadan şahın nüfuzunu qaldırmaq üçün mütəxəssis (imicmeker) gətiriblər, amma o, heç nə edə bilməyib.

Fərəhin israfçılığının pik nöqtəsi İmperator Kirin məzarı ətrafında İranın 2500 illiyini qeyd etməsi olur. Şirazın 60 hektarlıq səhrasında 50 çadır qurdurub, parad keçirəcək 1700 əsgər üçün xarici firmalara Kirin dövrünə aid paltar, silah hazırlatdırıb, Hollivud üslubunda film çəkdirib, təşkilati işlərin hamısını xarici şirkətlərə gördürüb ki, bu da əhalini hiddətləndirib.

Heç bir hökumət strukturu işləmədiyindən hamı ümid yeri kimi Fərəh xanıma müraciət edib. Fərəh dayaz ağlı ilə bunu dövlət strukturlarının ifilc olması kimi dərk etməyib, özünün qeyri-adi uğuru kimi qarşılayıb. Başa düşməyib ki, dəbdəbəli beynəlxalq tədbirlərlə ölkənin nüfuzunu qaldırmaq olmaz, ölkənin nüfuzunu bu ölkədə qanunların işləməsi, əhalinin firavan yaşaması qaldıra bilər.

Əslən azərbaycanlı olan bu qadın bir dəfə də Təbrizin adını çəkmir. Daha çox Fransanın brend mağazalarından, fransız salonlarından, şaha ərə getməzdən əvvəl onunla görüşlərindən, hovuzda çimməsindən, şah arvadı olandan sonra xizək sürməsindən, tennis oynamasından, motosiklet sürməsindən yazır.

Hazırda ABŞ-da yaşayan Fərəhin 79 yaşı var. Mənə elə gəlir ki, hələ də onun gözü doymayıb. O yenə də şahbanu kimi İrana qayıtmaq fikrindədir. Yəqin Fərəh xalqından oğurladığı milyardları artıq xərcləyib qurtarmış olar, axı, israfçı adam milyardları da bir neçə ilə havaya sovurmaqda ustadır.

 


Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA



Bölməyə aid digər xəbərlər
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf

bütün xəbərlər