20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Qəriblər ağası və gömrük münasibətləri
Tarix: 20-11-2017 13:08 | Bölmə: Mətanət ƏLİYEVA
Qəriblər ağası və gömrük münasibətləri

Müsəlmanların üç əsas müqəddəs ziyarətgahı var - İmam Rzanın dəfn olunduğu Məşhəd ziyarəti, İmam Hüseynin dəfn olunduğu Kərbəla ziyarəti və Həcc ziyarəti.

Mən heç vaxt ziyarət arzusunda olmamışam, heç namaz da qılmıram. Həyatda ən çox qorxduğum isti və uzaq yoldur. Ona görə də ziyarətgahların yerləşdiyi isti ölkələrə getməyi heç vaxt arzulamamışam, amma İranı görmək arzum olub.

Düz deyirlər ki, qismətdən qaçmaq olmaz. Qızım məndən xəbərsiz ziyarətçiləri müqəddəs yerlərə aparan firma ilə danışaraq hər şeyi həll etdikdən sonra bu haqda mənə xəbər verəndə elə bil dilim-ağzım bağlandı, etiraz etmədim, başqa vaxt aləmi bir-birinə qatardım.

Noyabrın 9-da İranın Məşhəd şəhərində İmam Rza ziyarətgahında keçiriləcək Ərbəində (İmam Hüseynin 40 mərasimi) iştirak etmək üçün noyabrın 6-da səhər saat 6-da Bakıdan avtobusla yola düşdük. İki gün, 2 gecə yol gedib noyabrın 8-də Məşhəd şəhərinə çatdıq.

Nadir şah Əfşarın dövründə dövlətin paytaxtı olan Məşhəd İranın ikinci böyük şəhəridir, Xorasan vilayətində, Tehrandan 800 km aralıda, Əfqanıstanla sərhəddə yerləşir. Əhalisinin sayı 2 milyona yaxındır.

Yol boyu digər ziyarətgahları, o cümlədən Qum şəhərində İmam Rzanın bacısı Məsumə xanımın məzarını ziyarət etdik. Məsumə xanım qəriblikdə olan qardaşını görmək ücün Məşhəd şəhərinə gedərkən yolda vəfat edib.

Uşaqlıqdan eşitmişdim ki, İmam Rzaya “Qəriblər ağası qərib İmam Rza” deyirlər. Məclislərdə indi də qəriblikdə olanlar üçün dua edəndə deyirlər ki, qəriblər ağası qərib İmam Rza onların dayağında dursun. Müsəlmanlar dünyanın hər yerində İmam Rzanın xatirinə qəriblərə hörmət edir. Qəriblikdə çətinə düşən zaman İmam Rzanın adını çəkmək kifayətdir.

Hər gün 12 min adama pulsuz yemək

Tehrandan Məşhədə kimi olan 800 kilometrlik yolda həyat yoxdur, susuz çöllər bombozdur. Məşhədə su çəkilib deyə bu şəhər abaddır, təmizdir, havası dağ havası kimi yüngüldür, oksigenlə zəngindir. Otellərin sayı-hesabı yoxdur. Məşhəd bazarını gəzməyə bir gün bəs etməz.

İmam Rzanın qızıla tutulmuş məqbərəsi bir neçə hektar ərazini əhatə edir. Ziyarətgahın məscidlərlə əhatə olunmuş dairəvi həyətinə xalçalar döşənib. Məscidlərdən birini Əmir Teymurun gəlini Gövhərşad tikdirib, bu məscid Gövhərşad məscidi adlanır.

İranda tikililər memarlıq baxımından zəngin, dəbdəbəli deyil, çox sadədir, yalnız ziyarətgahlar yüksək memarlıq əsasında tikilib.

İmam Rzanın ziyarətgahında hər gün 12 min adama pulsuz yemək verilir, burada 15 min adam işləyərək yüksək maaş alır.

Ziyarətgaha yığılan nəzirlər hesabına fabrik və zavodlar tikilib, düyü sahələri salınıb. Onlardan gələn gəlirlər də ziyarətçilərə xərclənir.

Danışdılar ki, ziyarətgahda ehsan vermək istəyən adamlar 5-10 il əvvəldən növbəyə dayanır. Azərbaycanlı nazirlər var ki, ziyarətgahın həyətini süpürmək üçün növbəyə durublar.

Ziyarətgahda olduğumuz üç gün ərzində, demək olar ki, yemək almadıq, İmam Rza ziyarətgahının hesabına verilən ehsandan əlavə qrupumuzdan olan zəvvarlar da otelin yeməkxanasında ehsan verirdilər.

İranın yeməkxanalarında qiymətlər çox ucuzdur. Bal, qaymaq və çaydan ibarət bir adamlıq səhər yeməyi bizim pulla 2 manat 50 qəpik edir. İranın əksər yerlərində Azərbaycan manatı işləyir.

İmam Rza ziyarətgahına getmək üçün 200 dollar pul bir nəfərə artıqlaması ilə bəs edir. Ziyarəti təşkil edən qrupun rəhbərinə qabaqcadan 100 dollar, bir də xarici pasport vermək kifayətdir. Bu pul yol xərci və üç gün oteldə qalmağa bəs edir.

İrana viza lazım deyil. Təyin olunmuş vaxtda avtobusa minib yola düşürsən. Azərbaycanda günü 100 manata olan kondisionerli, televizorlu, mətbəxi, vanna otağı olan üçadamlıq otel otağının Məşhəddə günü 15 manatdır.

Həzrəti Zeynəb əzəməti

Müşahidələrimə əsasən belə qənaətə gəldim ki, müsəlmanların çoxu ziyarətgahlara əsasən problemlərinin həllinə çarə tapmaq üçün gedir. Xəstəsi, dustağı, maddi problemi və sair olanlar niyyət edib nəzir deyir, problemi həllini tapanda ehsan verir. İnam böyük qüvvədir və Allah İmam Rza kimi pak adamların xatirinə insanların niyyətlərini həyata keçirir.

Sözün düzü, mən məscidlərə, ziyarətgahlara ilk növbədə insani dəyərlərə xidmət edən, haqq yolunda şəhid olan İmam Hüseyn kimi insanların xatirəsini yad etmək üçün gedirəm. Kərbəla şəhidlərinə məndə ilahi sevgi var.

Hər bir müsəlmana bəllidir ki, İslam dininin yaradıcısı Məhəmməd peyğəmbər olub. Onun Peyğəmbərliyini ilk qəbul edən həyat yoldaşı Xədicədir. Əmisi oğlu Əlinin qılıncı hesabına ölkələri fəth edərək Xilafət yaradan, müsəlman etdiyi insanları haqq yoluna dəvət edən Məhəmməd peyğəmbərdən sonra xəlifə onun yeganə qızı Fatimeyi-Zəhranın həyat yoldaşı Əli olmalı idi. Lakin Məhəmməd peyğəmbərdən sonra Əbu-Bəkir, Ömər, Osman xəlifə oldu. Əli dördüncü xəlifə oldu və onu qətlə yetirdilər. Əlidən sonrakı xəlifələr Peyğəmbərin nəslini kəsməyə çalışırdı. Lakin Kərbəla müsibəti ilə də buna nail ola bilmədilər. Hazırda müsəlman ölkələrinin çoxunda Peyğəmbər törəmələrinə düşmən kəsilən adamların hakimiyyətdə olmasına baxmayaraq, sadə müsəlmanlar Fatimeyi-Zəhra, Əli, Hüseyn, və Zeynəbi ilahi bir sevgi ilə sevir, hər il onlara 2 ay yas saxlayıb, onların adına ehsanlar verirlər.

İslamı qəlbən qəbul edənlər də Əli aşiqləridir. Məkkə ziyarətindən əldə edilən milyardları mənimsəyən Səudiyyə şeyxlərinə, əxlaqsız həyat sürən, xalqı səfalət içərisində yaşadan, müsəlman ölkələrini viran qoyan qərb siyasətçiləri ilə müttəfiq olan bir çox ərəb ölkələrinin başçılarına din heyvani nəfislərini təmin etmək üçün lazımdır. Onlar heç vaxt İslamı qəlbən qəbul etməyiblər. İslam qaydalarına əməl edən insanlar pak olur, onlara yaşamaq rahat olur.

Zəvvar yoldaşlarımız Bakıdan Məşhədə kimi avtobusda mərsiyələr dedilər. İmamın 40-ı (Ərbəin) Məşhəddə əzəmətli keçirildi. Ziyarətgahın yanındakı İmam Rza xiyabanında izdiham zəncir vura-vura, mərsiyə deyə-deyə irəliləyirdi. Mərsiyələr fars və ərəb dilində deyildiyindən mən yalnız “Zeynəb”, “Hüseyn” sözlərini başa düşürdüm. “Zeynəb” sözünü elə bir sevgi ilə deyirdilər ki, gözümün yaşı sel kimi axırdı.

Zeynəb əzəmətli qadın olub. Qardaşları qətlə yetiriləndən sonra qadın və uşaqların məsuliyyəti onun üzərinə düşüb. Zeynəb Kərbəla şəhidlərinin qanını batmağa qoymayıb, şəhid qardaşlarını ilk dəfə lay-lay ilə, bayatı ilə ağlayan Zeynəb olub.

Zeynəb müsəlman qadınlarına bir nümunədir. Bu xanım mənim yadıma İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvini salır. Fərəh xanım xatirələr kitabında ailə qurmazdan əvvəl şahla hovuzda çimməyindən, tennis oynamağından, Parisdə istehsal olunan brend paltarlar geyinməyindən yazır, amma bir dəfə də məhərrəmlik mərasimlərində iştirakından yazmır.

Səfəvilər dövləti İmam Hüseynə sevgi ideologiyası əsasında yaradılıb, Şah İsmayıl Xətainin müridləri döyüşlərdə “Ya İmam, ya Hüseyn”,- deyib, Səfəvilər ordusundan qat-qat böyük orduları məğlub ediblər. Bu ideologiyadan uzaq adam İranda hakimiyyətdə qala bilməz.

Amma bir məsələ ilə razı deyiləm ki, İranın indiki hakimiyyəti qadınları çadraya bürünməyə məcbur edir. Akademik Vasim Məmmədəliyevin həyat yoldaşının dediyi kimi, abır-həyası qadını çadra kimi bürüyür, naməhrəm kişi ona pis nəzərlərlə baxmağa cürət etmir. İran kimi isti ölkədə qadınları çadraya bürümək qəddarlıqdır. Qadınları pis nəzərlərdən qorumaq üçün ilk növbədə kişilərin şüurunu dəyişmək lazımdır.

Bizdəkindən fərqli olaraq İranda küçələri süpürənlər, kafe-restoranlarda, əkin sahələrində işləyənlər kişilərdir. Həm qadın, həm kişi əvəzinə bütün işləri görməkdən kobudlaşan bizim qadınlardan fərqli olaraq İranda qadınlar daha zərifdir.

İranın dünyadakı dəsti-xətti

Ziyarət zamanı ağladığımız kimi ürəkdən güldüyümüz anlar da çox oldu. Əvvəla onu deyim ki, Azərbaycandan qəzəbli, narahatlıq, ümidsizlik içərisində gələn adamların üzünə Məşhəddə nur gəldi, hamı daxilən rahatlaşdı. İranda bizdəkindən fərqli olaraq insanlar aqressiv deyillər, səbirli və nikbindirlər. Xüsusən təbrizlilərdə Azərbaycandan gələnlərə sevgi var.

Bizim qrupdan olan gənc ziyarətçi oğlan dedi ki, nə qədər çalışsa da İmam Rzanın məzarına toxuna bilməyib: “Deyinə-deyinə geri qayıdırdım ki, bu nə ziyarət oldu, adamı zirehə (İmam Rzanın məzarını əhatə edən dəmir “reşotkaya” zireh deyirlər) yaxınlaşmağa da qoymurlar. Bunu fikirləşdiyim vaxt izdiham məni itələyb zirehə yapışdırdı”.

48 yaşında bir qadın yoldaşımız izdihama qoşulub müqəddəslərin adını çağırırmış. Belində problem olan bu qadının yeriməkdə çətinlik çəkdiyini görən iranlılar onu əl arabasına mindirib yürüş boyu arabada gəzdiriblər.

Çətin yola, əziyyətə baxmayaraq, mən bu ziyarətdən sonsuz zövq aldım. İrana sevgim daha da artdı. İranı görməsəm də, bilirdim ki, qərbdən pul alan Azərbaycandakı bəzi dairələr bu ölkəni bizim gözümüzdən salmağa, onu pis qələmə verməyə çalışırlar.
İran Şeytanın yolu ilə gedən, şər qüvvələrə xidmət edən, maliyyə cəhətdən güclü dövlətlərə boyun əyməyən əzmətli dövlətdir. Onun dünya siyasətində öz dəsti-xətti var, İranın indiki rəhbərləri İmam Hüseyn kimi haqqın tərəfindədir.

İran öz kökü üstə möhkəm durub, şərqə məxsus adət-ənənəsinə sadiqdir. İranın torpaqları hədsiz-hüdudsuzdur, təəssüf ki, torpaqların böyük hissəsi susuzluqdan istifadəsiz qalıb. İstifadəsiz torpaq cansıxıcı görünür. O torpaqları əkib Tehran kimi şəhərlərdə sıxlığı azaltmaq, əhalini daha firavan dolandırmaq olar. Məncə, bütün torpaqlara su çəkməyə İran dövlətinin maddi imkanı çatar.

İran haqqında mənfi rəy yaradan birinci səbəb ölkənin zibilli olmasıdır. Ziyarətgahlar yerləşən şəhərlər təmiz olduğu halda digər ərazilər, o cümlədən magistral yolların ətrafı zibillə doludur. İlk daxil olduğumuz Qərib məscidinin ətrafı və həyəti də zibillə dolu idi. İşçilərə maaş verib hər gün zibilləri təmizlətdirmək elə də böyük maliyyə tələb etmir.

Dəvə kimi yüklənmiş qadınları heyvan kimi alçaldırlar

Yazımın sonunda İran və Azərbaycan gömrüyü haqqında yazmaq istəyirəm. Mənə elə gəlir ki, İranın Azərbaycandakı səfirliyində çalışanlar bu ölkə haqqında Azərbaycan mətbuatında yazılanlar barədə əlaqədar orqanlara xəbər vermirlər, halbuki bu onların vəzifəsidir.

Ziyarət üçün İran sərhəddinə girən vaxt sərhəddə bizi dörd saat saxladılar. Qadınlar dedilər ki, rüşvət istəyirlər. Mən qrupun rəhbərinə dedim ki, geri qayıtmaq istəyirəm, İslam respublikasında ziyarətə gedən zəvvarlardan rüşvət istəyirlərsə, belə ölkə nifrətə layiqdir.

Qrupun rəhbəri dedi ki, guya gömrüyün rəhbəri iclasda olduğu üçün bizi yubadırlar. Qayıdan zaman hər zəvvardan 3 manat alıb İran gömrüyünə verdilər, onlar da bizi maneəsiz buraxdılar.

Rüşvət verməyəndə bütün yükləri avtobusdan boşaldıb əlində daşımaqla sərhəddi keçməli olursan. Rüşvət verəndə yükləri avtobusda yoxlayırlar. Yüklər isə danışılası deyil. İranda ucuzluq olduğundan qadınlar sabun, şampun, yuyucu toz və müxtəlif ərzaqlardan alıb dəvə kimi yüklənirlər. Ölkəmizdə inhisarçılıq və bahalıq olmasa heç bir qadın özündən ağır yükü daşımaz.

Azərbaycan sərhəddində, görünür, daha çox rüşvət tələb olunduğundan ziyarətçilərin o pulu verməyə gücü çatmır, sərhədçilər də adamları bacardıqları qədər alçaldırlar. Növbənin ucu-bucağı olmur. Bir dəqiqəlik işi bir saata görürlər. Vətəndaş pasportunu təqdim edib yükünü monitordan keçirməlidir, vəssəlam.

Növbənin yerindən tərpənmədiyini görən ziyarətçilər dəfələrlə xorla “Allahu Əkbər!” qışqırsalar da, əhəmiyyət verən olmadı. Bu yerdə mənim səbrim daşdı və onlara etirazımı bildirdim. Sərhədçilər dediyim sözlərdən hərəkətə gəldilər və rəis də daxil olmaqla bütün rəhbərlik gəldi, bizi bir anın içərisində buraxdılar. Bilmirəm, Gömrük Komitəsinin sədri Aydın Əliyevlə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin sərhəddəki vəziyyətdən xəbərləri var ya yoxdur, amma onlar bilməlidir ki, sərhəddə adamları heyvan yerinə qoyurlar. Zəvvarlar arasındakı şikəst, qoca qadınları da nəzərə almırlar.

Mən ziyarət təəssüratlarımı daha ətraflı yaza bilərdim, təəssüf ki, vaxtımı gələn qonaqlara sərf etməli oluram. İndi isə ehsan süfrəsi açmaq üçün rayona getməliyəm.

Növbəti yazılarımda da Məşhəd ziyarəti və İran dövləti ilə bağlı yazacağam.

Müəllifin bütün yazıları - Mətanət ƏLİYEVA



Bölməyə aid digər xəbərlər
30-11-2017, 12:28 Mətanət ƏLİYEVA - Vacib əməl
14-10-2017, 14:36 Mətanət ƏLİYEVA - Su, su, su!!!
14-03-2017, 12:59 Mətanət ƏLİYEVA - Əsas hədəf

bütün xəbərlər