Tarix: 22-04-2017 12:22 | Bölmə: Mətanət ƏLİYEVA
Nəhayət ki, boş qalmış torpaqlarımızı əkməyə başlayıblar. Bu yerdə məni indiyə qədər güldürən bir hadisəni danışmaq istəyirəm. Bir əmim qızı var. İşğal olunmuş torpaqlarımızdan söhbət düşəndə maraqlı təklif irəli sürür. Deyir ki, "bu qədər torpaqlarımız istifadəsiz qalıb, niyə Qarabağ torpağını azad etmək üçün gənclərimizi qırğına veririk? Ermənini də Allah yaradıb. Qoy yaşasınlar Qarabağda".
Hazırda bizdə bir populist cümlə var, hər yerindən duran deyir ki, hamının fikrinə hörmət edir. Biz, əmim qızının fikrində bəzi həqiqətlər olsa da, onu dəli hesab edib, fikirlərinə gülürük. Torpağı düşmənə pay vermək ən azından dəlilikdir.
Əmim qızının dediyindəki həqiqət isə odur ki, torpağı əkib-beçmiriksə, milyon hektarlarla münbit torpağımız ola-ola ərzaq sarıdan az qala aclıq çəkiriksə, bu torpaqlar nəyimizə lazımdır?
O ki qaldı hazırda torpaqlarımızda pambıq əkmək məsələsinə, hamı kimi bu məsələ də mənə gülünc görünür. Əllə yığılan pambığın hər kiloqramına 10 qəpik pul verəcəklər. Sovet vaxtı da belə idi. Günə 100 kiloqram pambıq yığan adam 10 manat alırdı, bu pula bir həftəlik ərzaq tədarükünü görürdü. O vaxt kərə yağının kiloqramı 3 manat 60 qəpik, ətin kiloqramı 2 manat idi. Hazırda isə 10 manat alan adam heç bir günlük bazarlığını da edə bilməyəcək. Kərə yağının kiloqramı 14 manata, ətin kiloqramı 15 manata çatıb.
İkincisi, sovet vaxtının pambıqçılığı xalqımızı xoşbəxt etməmişdi. Sovet vaxtı ən böyük pambıqçılıq rayonlarından biri olan Kürdəmirin Sığırlı kəndində günə 150 kiloqram pambıq yığan qadınlar vardı. Bu qadınlar günün altında tərin, tozun içərisində işləyib evə qayıdandan sonra yuyunmağa su tapmırdılar. Qadınlar içməli suyu kənddəki yeganə su kranından eşşəklə gətirirdilər. Vaxtlı-vaxtında yuyunmamaq, ağır fiziki iş, kəndin tozlu-palçıqlı yolları qadınları elə kobudlaşdırıb eybəcərləşdirmişdi ki, özləri özlərindən xəcalət çəkirdilər.
Ərzaq sarıdan da pambıqçılar normal qidalana bilmirdilər. Bütün torpaqlara pambıq əkildiyindən ət, yağ qəhətə çəkilmişdi. Hansısa ölkələrdən dondurulmuş əti gətirib əhaliyə satırdılar. Yadımdadır ki, nənəm bu əti yeməyi bizə qadağan edirdi, deyirdi ki, murdardır. Təzədən pambıqçılığa qayıtsaq, sovet vaxtı olduğundan da pis günə qalacağıq. Yəqin pambığı xaricə satıb xaricdən ucuz və murdar ətdən, yağdan gətirib bizə yedirəcəklər. Biz buna layiqik?!!
Səhiyyəmizdə və təhsilimizdəki dəhşətli vəziyyət əvvəlki qaydada davam edir. Prezident İlham Əliyev göstəriş verib ki, əhali səhiyyə ocaqlarında pulsuz müayinədən keçsin. Ötən həftə gənc bir qadın müayinə ilə bağlı belə danışdı. Qadının əri vəfat edib, iki məktəb yaşlı övladı var. Sinəsində ağrılar olduğundan el arasında Onkologiya Xəstəxanası deyilən yerə gedib. Dövlət xəstəxanasında müayinə və müalicə pulsuz olmaq əvəzinə, qəbul üçün ondan 20 manat istəyiblər. Rentgenə də 20 manat ödəyib. Növbəti müayinə üçün 75 manat istəyəndə qadın deyib ki, verə bilməyəcək. Beləliklə, müayinə yarımçıq qalıb.
Qadın deyir ki, hər şeyi Allahın ümidinə buraxıb. Bu sözləri danışanda onun 9-10 yaşlı oğlu da qulaq asırdı və hiss olunurdu ki, sarsıntı keçirir. Atasını itirmiş uşaqlar bir gün analarını da itirəcəkləri qorxusu ilə əzab içərisində yaşayırlar. Səhiyyəmizin vətəndaşlara belə münasibəti isə qəddarlıqdır.
Səhiyyəmizdə vətəndaşlar hər addımda elə dəhşətli faktlarla rastlaşırlar ki, bu faktlar ölüm hökmünün bərpasını vacib edir.
Məktəblərin birinci sinfinə şagird qəbulu başlayıb. Valideynlər çalışırlar ki, övladlarını türk litseylərinə, direktorları azərbaycanlı olmayan məktəblərə versinlər. Bu da valideynlərə və şagirdlərə əlavə problemlər yaradır. Əlavə vaxt itkisi, pul itkisi, tıxaclar və s. problemlərə ona görə dözürlər ki, azərbaycanlı direktorların əksəriyyəti məktəblərdə "alverlə" məşğul olur. Düzdür, istənilən məktəbdən asılı olmayaraq valideynlər repititorlara müraciət edirlər, çünki düşünürlər ki, yaxşı təməl olmasa, dərin bilik qazanmaq mümkün deyil, ona görə də nizam-intizamın yüksək olduğu bir neçə məktəbə düşmək üçün hər vasitəyə əl atırlar.
Bu faktı sübut edə bilməsəm də, rayonda belə şaiyələr dolaşır ki, məktəbə müəllim düzəlmək üçün 10 min manat rüşvət vermək lazımdır.
Bir neçə il bundan əvvəl ölkəmizdə Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyətə başlayıb. Həmin vaxt vətəndaşlara dedilər ki, bu idarənin "Qaynar xətt"inə zəng edin, dərhal tədbir görüləcək. Mənim kimi avam adamlar inandılar, "Qaynar xətt"ə oturan prokurorluq əməkdaşlarına (hansılar ki rüşvətlə diplom alıb rüşvətlə işə düzəliblər) zəng etməyə başladılar. Sonradan məlum oldu ki, bu, vətəndaşları ələ salmaq imiş.
Araşdırılsa məlum olar ki, Təhsil Nazirliyindəki bəzi məmurlar keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından da qorxuludurlar. Misir Mərdanovu işdən çıxaranda Təhsil Nazirliyini də ləğv edib yenisini formalaşdırmaq lazım idi.
Düzdür, elə ağır cinayətlər var ki, onları hamı bilir, amma sübut edə bilmirik. Elə cinayətlər də var ki, onlar göz qabağındadır. Məsələn, dənizin hasara alınması cinayətdir, bunu hamı görür, amma cinayətkarı cəzalandıran yoxdur.
Çimərlik mövsümünə az qalıb. Yenə də çimərliklərə zibilqabı qoyulmadığından əhali qarpız qabıqlarının üstündə dincəlməli olacaq. Ölkəmizin qüdrətindən danışanlar çimərliklərə zibilqabı almağa da xəsislik edirlər.
Bölməyə aid digər xəbərlər