Tarix: 30-12-2016 16:31 | Bölmə: Xəqani CƏFƏRLİ
"Reytinq" qəzetinin 25 dekabr 2016-cı il tarixli sayı üçün "Rusiyaya dekabr zərbəsi" başlıqlı köşəni yazarkən Putin hakimiyyəti üçün ən acı hadisələrdən bizi bir neçə saatın ayırdığını təsəvvür etməzdim. Dekbarın sonuna - milad təqvimi ilə yeni ilə cəmi 6 gün qalırdı və belə bir ərəfədə çox ciddi hadisələrin baş verəcəyini proqnozlaşdırmaq çətin idi.
Ancaq Qara dəniz üzərində baş verən təyyarə qəzası Rusiyanın Suriyada hərbi kampaniya apardığı 15 ay ərzində hələlik ən dəhşətli hadisə sayıla bilər.
Bu təyyarə qəzası nəticəsində 92 nəfər həlak oldu. Qəza birbaşa Suriyadakı hərbi əməliyyatlarla bağlı olmasa da, 92 nəfərin ölümünə səbəb olan bu hadisə Rusiyanın Suriyadakı hərbi əməliyyatları ilə əlaqəlidir. Əgər Rusiya Suriyadakı hərbi əməliyyatlarda iştirak etməsəydi, həlak olan 92 nəfər yeni il ərəfəsində Suriyaya getməzdi. İndi Rusiyada Suriya müharibəsində iştirakın əleyhdarları məhz bu dəlili tez-tez səsləndirirlər.
Qara dəniz üzərində 92 nəfərin ölümünə səbəb olan bu qəza Rusiyada içtimai rəyə çox ciddi təsir edib. Kremlin sərt nəzarəti altında olan mediada içtimai rəydəki dəyişiklik öz əksini tapmasa da, sosial şəbəkələrdə bu dəyişiklik çox aydın hiss olunur.
Müxalifyönlü bloq yazarları baş verən hadisəni birmənalı şəkildə Kremlin Suriya avantürasının nəticəsi hesab etməklə yanaşı, məmurların vəzifə borclarına cinayətkarcasına yanaşmasının, hərbi və mülki texnikanın köhnəlməsinin nümunəsi kimi də qeyd edirlər.
Həqiqətən də, "TU-154" təyyarəsinin qəzası ilə yanaşı Rusiyanın yeganə təyyarədaşıyan gəmisindən iki qırıcı təyyarənin suya düşüb məhv olması bu ölkənin hərbi və mülki texnikasının ağır vəziyyətindən xəbər verir. Bu hadisələr Rusiyanın gərgin vəziyyətlərə hazır olmadığını da göstərir. Rusiya Suriya hərbi kampaniyasına özünün supergüc olduğunu təsdiq etmək üçün başlasa da, bukampaniya onun supergüc imicinə ən böyük zərbəyə çevrilməkdədir. Çünki dünya Rusiya ordusunun müasir olmadığını görür.
Belarus prezidenti Aleksandr Lukaşenkonun Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dekabrın 26-da Sankt-Peterburqda keçirilən sammitini nümayişkarənə şəkildə boykot etməsi isə Rusiyanın dekbar ayı ərzində aldığı ən böyük siyasi məğlubiyyətlərin sonluğu hesab edilə bilər.
BMT Baş Assambleyasında məruz qaldığı iki məğlubiyyətdən sonra Lukaşenkonun Sankt-Peterburqa gəlməməsi Putinin xarici siyasətinin iflasa uğramaqda olduğunu göstərir. Lukaşenko Putinin dəstəyə ehtiyacı olduğu ən vacib vaxtda ondan məsafə saxlamağa üstünlük verməklə Rusiyanın faktiki olaraq müttəfiqsiz qaldığını nümayiş etdirdi.
Onu da qeyd edim ki, son zamanlar Qərblə münasibətlərini düzəldən Lukaşenko, belə görünür ki, Putinlə yollarını ayıra biləcəyini nümayiş etdirmək istəyir.
Dekabr ayı ərzində Rusiya özünü supergüc kimi təqdim edən dövlət olaraq nə qədər zərbə aldısa, Putinin alternativsiz lider obrazı da bir o qədər zərbəyə məruz qaldı. Əgər Rusiya dekabr ayında aldığı zərbələrə daha bir neçə ay məruz qalarsa, bu, postsovet məkanında tamamilə yeni siyasi vəziyyətə səbəb ola bilər.
Bölməyə aid digər xəbərlər