Tarix: 17-01-2017 17:30 | Bölmə: Xəqani CƏFƏRLİ
Türkiyə cəmiyyətinin Atatürkdən sonra siyasi səhnəyə çıxardığı ən istedadlı və harizmatik siyasətçi Rəcəb Tayyib Ərdoğandır. Amma Ərdoğanın hakimiyyəti uzandıqca qazandığı uğurları itirir. Uzunmüddətli hakimiyyət sanki ləntənlənmiş çevrə kimidir.
Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) hakimiyyətə gəlişi ərəfəsində - 2000-2001-ci illərdə Türkiyədə inflyasiya tüğyan edirdi. Türk lirəsinin sürətli inflyasiyası Türkiyə cəmiyyətinin mövcud siyasi qüvvələrdən tamamilə üz çevirib, yeni yaranan AK Partiyə üz tutmasına səbəb oldu. Məhz Türkiyə iqtisadiyyatı və cəmiyyətini sarsıdan yüksək inflyasiya AK Partinin 2002-ci ildə hakimiyyətə gəlişini təmin etdi. Yəqin ki, 2000 və 2001-ci illərdə inflyasiya tüğyan etməsəydi, AK Parti təkbaşına hakimiyyətə gələ bilməzdi.
2002-2012-ci illər ərzində Ərdoğanın rəhbərliyi altında AK Parti hökuməti bir çox uğurlara imza ataraq Türkiyənin 20 inkişaf etmiş dövlətlər sırasına girməsinə və daha böyük hədəflərə üz tutmasına səbəb oldu. O illərdə Türkiyənin 2030-cu ilə kimi iqtisadi gücünə görə ilk ən böyük 10 dövlət sırasına girəcəyi tam real görünürdü.
Ancaq 2012-ci ildən sonra Türkiyədə işlər əks istiqamətə üz tutmağa başlayıb. Bunun əsas səbəbi Ərdoğanın iqtidarda daha çox qalmaq və daha az məhdudlaşdırılmış hakimiyyətə can atmasıdır.
AK Parti hakimiyyətinin ilk 10 illində Türkiyədə demokratikləşmə dövrü idi və bu, iqtisadiyyatın inkişafına sürətli təkan verirdi. Hərbi və mülki bürokratiyanın cilovlanması, onların cəmiyyətin iradəsinin üstündə olan hakimiyyətinin aradan qaldırılması iqtisadiyyatın inkişafının önünü açdı. Uzun illər Türkiyədə qadağan olunan mövzularla bağlı rəy dəyişməyə başladı. Cəmiyyətin demokratikləşmə prosesi ölkənin böyük hədəflərə yolunu açırdı. Ancaq 2012-ci ilin sonlarından, 2013-cü ildən proses geri getməyə başladı.
Ərdoğanın daha uzun müddətli və mütləq hakimiyyətə can atması Türkiyənin xarici və daxili siyasətinə də mənfi təsir etdi. Türkiyənin ABŞ, Avropa Birliyi, İran, Türkiyə, Misir və başqa dövlətlərlə münasibətlərində gərginliyin yaranma kökü də məhz 2012-ci ilin sonu, 2013-cü ilin əvvəllərinə gedib çıxır. Türkiyənin sürətli iqtisadi inkişafında durğunluq dövrünün əsası da məhz həmin illərdə qoyuldu.
Avtoritarizmin güclənməsi xarici və yerli sərmayədarları qorxutdu. İndi Türkiyə sərmayədarlar üçün daha 5 il əvvəlki kimi cəlbedici deyil. Bu gün Türkiyənin üzləşdiyi yeni inflyasiya dalğasının da kökünü burada axtarmaq lazımdır. Ərdoğan isə bunları görmür və yaxud görmək istəmir. Bunun əvəzində dollar və avroya qarşı savaşa başlayır.
Türkiyə hökuməti zəif dövlətlərlə ticarətdə dollar və avrodan imtina edərək milli valyutalarla ticarət aparmağa çalışır. Ölkə daxilində isə vətəndaşları sandıqlarındakı dollar və avronu lirəyə çevirməyə yönləndirmək üçün müxtəlif tədbirlər görülür. Ancaq bütün bunlar türk lirəsinin zəifləməsinin, dəyər itirməsinin qarşısını ala bilmir. Ərdoğan isə Türkiyəyə qarşı təxribatlardan danışaraq məsuliyyəti kənar güclərin üzərinə atmağa çalışır. Ancaq türk lirəsinin dollar və avro qarşısında deyil, əksər valyutalar qarşısında dəyər itirməsini görmək istəmir.
Türkiyədə qızılın və digər qiymətli metalların da bahalaşması problemin dollar və ya avro ilə bağlı olmadığını göstərir. Ərdoğan isə bunları görmək istəmir və yel dəyirmanlarına (dollar və avro) qarşı yeni savaşlara başlayır. Bu isə sonu məğlubiyyət olan Don Kixotluqdur.
Bölməyə aid digər xəbərlər