20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
Rusiyaya dekabr zərbəsi
Tarix: 26-12-2016 15:30 | Bölmə: Xəqani CƏFƏRLİ

Rusiya Suriyanın Hələb şəhərinin Əsəd qüvvələrinin nəzarətinə keçməsi üçün bir ildən artıqdır apardığı hərbi əməliyyatların müsbət nəticəsinə nail olsa da, buna sevinə bilmədi. Rusiyanın Hələb qələbəsinə sevinə bilməməsinin ilk səbəbi İŞİD-in Palmir şəhəri üzərində nəzarəti təkrar öz əlinə almasıdır.

Qeyd edək ki, Palmir şəhərinin bu ilin martında İŞİD-dən azad edilməsi radikal islamçılara qarşı ilk böyük qələbə sayılırdı. Rusiya və Əsəd rejiminin başı Hələb üzərində nəzarəti ələ keçirməyə qarışdığı bir zamanda İŞİD Palmir üzərində nəzarəti təkrar öz əlinə aldı. Həm də bu zaman Əsədə bağlı hərbi qüvvələrin və Rusiya muzdlularının döyüş meydanından bibarıcasına qaçması Kremlə Hələb üzərində qələbəyə sevinmək imkan vermədi.

Palmirlə bağlı xəbərin şoku ötüb keçməmiş Rusiya yeni zərbələr aldı. Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli Kremlin Hələb sevincini hüznə çevirdi. Rusiyanın müxalif yönlü fikir adamları bu qətli Moskvanın Suriya siyasətinin nəticəsi və rusiyalılara qarşı terrorun başlanğacı elan etdilər. Kremldə anlayırlar ki, bu növ qətllər artacağı təqdirdə cəmiyyətin Suriyadakı hərbi əməliyyatlara münasibəti mənfiyə doğru dəyişəcək.

Rusiyanın dekabr ayında aldığı zərbələr bunlarla da bitmir. Əksinə, Rusiya beynəlxalq ictimaiyyətdən daha böyük zərbələr aldı. ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi. Bunun ardınca isə BMT Baş Assambleyası Rusiyanın əleyhinə iki qətnamə qəbul etdi. Bunlardan biri - Krım Muxtar Respublikası və Sevastopolda (Ukrayna) insan hüquqları sahəsində vəziyyətlə bağlı qətnamə Rusiya üçün daha ağır zərbə hesab olunur. Çünki bu qətnamədə Rusiya işğlaçı dövlət olaraq tanınır.

Eyni zamanda, Krım Muxtar Respublikası və Sevastopolda insan hüquqlarının pozulmasına görə məsuliyyət də işğalçı dövlət kimi Rusiyanın üzərinə qoyulub. Moskvanın qəti əleyhinə çıxdığı bu qətnamənin qəbulu zamanı cəmi 25 ölkə Rusiyanı dəstəkləyib.

Rusiya eyni diplomatik məğlubiyyəti BMT Baş Assambleyasında - Suriyadakı hərbi cinayətlərinin araşdırılması üçün yeni mexanizmlərin yaradılması iləbağlı qətnamə qəbul edərilərkən yaşayıb. Bu məsələdə Rusiya, Suriya və İranı cəmi 12 dövlət müdafiə edib, 105 dövət isə qətnamənin qəbuluna səs verib.

Qeyd edək ki, Qərb dövlətləri Əsəd rejimi ilə yanaşı Rusiya və İranı Suriyada hərbi cinayətlər törətməkdə ittiham edirlər.

Bu iki qətnamənin qəbulu Rusiyanın diplomatik məğlubiyyətləri ilə yanaşı, onun necə təcrid olunduğunu da göstərir. Hər iki qətnamənin qəbulu zamanı Rusiya çox az sayda dövlətin dəstəyini qazana bilib. Bu dövlətlər Suriya, İran, Şimali Koreya, Sudan, Zimbabve, Eritreya, Venesuela, Özbəkistan, Qazaxıstan kimi çox pis imicə və totalitar rejimlərə malik dövlətlərdir. Postsovet respublikalarının əksəriyyətinin Rusiyanın yanında yer almaması isə rəsmi Moskvanın dünya birliyindən təcridini göstərir.

Moskvanın dekabr ayında aldığı zərbələr eyni sürətlə davam edərsə, 2017-ci ilin yayında Rusiya cəmiyyətində əhval-ruhiyəni tamamilə dəyişdirəcək.


Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər