20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Putin Rusiyanı xilas edə biləcəkmi?
Tarix: 03-02-2020 20:41 | Bölmə: Xəqani CƏFƏRLİ
Putin Rusiyanı xilas edə biləcəkmi?

Rusiya prezidenti Vladimir Putin yanvarın 15-də Federal Məclisə ənənəvi müraciətində Konstitusiyaya dəyişikliklər təklif etdi. Dövlət başçısının bu təklifi bütövlükdə dövlət idarəçiliyində ciddi dəyişikliklərə səbəb olacaq. Rusiya Konstitusiyasında dəyişikliklərin mahiyyətini bir cümlə ilə belə ifadə etmək olar: Putin avtoritar rejimini institutlaşdırmaqla qorumağa çalışır.

Putinin dəyişikliklər təklifində ən çox diqqət çəkən məsələ dövlət idarəçiliyində dəyişiklikləri prezidentlik müddətinin bitməsinə dörd ildən artıq vaxt qalarkən həyata keçirməyə başlamasıdır.

Məlum olduğu kimi, Putin Rusiya prezidenti vəzifəsinə 2018-ci ilin mart ayında altı il müddətinə seçilib. Növbəti seçki 2024-cü ilin martında olmalıdır. Amma Putin prezidentlik müddətinin bitməsinə dörd ildən artıq vaxt qalmasına baxmayaraq, indidən dövlət idarəçiliyində ciddi dəyişikliklər etməyə çalışır. Onun bu tələskənliyi daha çox diqqət çəkir.

Rusiyada ən məlumatlı şəxslərdən biri olan “Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktov dövlət başçısının Konstitusiyaya dəyişiklik təklifi ilə bağlı yazısında prezident Putinə ünvanlanmış sualında soruşur ki, nə baş verib və bu nə qaçdı-qovdudur?

Putin Rusiyanı xilas edə biləcəkmi?

Qarşıda dörd ildən artıq prezidentlik müddəti olan avtoritar bir liderin hakimiyyətini xoş niyyətlə Dövlət Şurası, Təhlükəsizlik Şurası, Federasiya Şurası və Dövlət Duması ilə bölüşmək istəməsinə inanmaq mümkün deyil.

Venediktovun bu sualı ilə bağlı rəsmi Moskva heç bir açıqlama verməsə də, baş reaktorun sualına Rusiyanın nüfuzlu politoqlarından biri - Valeri Soloveyin yazılarında və açıqlamalarında cavab tapmaq olar.

Putinin Federal Məclisə məlum müraciəti ilə bağlı professor Valeri Solovey yazır:

“2019-cu il - Rusiyanın sonuncu sakit ili idi. Böyük dəyişikliklər böyük bəlalarla müşaiyyət olunacaq”.

Daha sonrakı açıqlamalarında nüfuzlu politoloq bir qədər də irəli gedərək 2022-ci ildə Putinin səhnədə olmayacağını bəyan etdi.

V. Solovey Putinin 2022-ci ilə kimi siyasi səhnəni hansı səbəbdən tərk edəcəyi ilə bağlı sualları cavablandırmaqdan yayınsa da, yaxın iki ildə ciddi dəyişikliklərin baş verəcəyini və Putinin 2022-ci ildə səhnədə olmayacağı iddiasında təkid edir.

Onu da qeyd edək ki, Putin Konstitusiyaya dəyişikliklər təklif etməzdən bir neçə ay əvvəl də professor Solovey Rusiyanın 2020-2021-ci illərdə ciddi dəyişikliklərə məruz qalacağını dəfələrlə bəyan edib.

Putinin 2022-ci ildə səhnədə olmayacağı iddiasının arxasında Rusiya prezidentinin səhhətində hansısa ciddi problemlərin olduğu ehtimalı önə çıxan bir vaxtda, 2020-2021-ci illərdə Rusiyanın ciddi dəyişikliklərə məruz qalacağını professor Solovey günü-gündən pisləşən sosial-iqtisadi vəziyyətin tətiklədiyi ictimai-siyasi proseslərlə izah edir. Çoxsaylı sosial-iqtisadi araşdırmalara əsaslanan professor Solovey hesab edir ki, Rusiya vətəndaşlarının mühüm bir hissəsi dəyişiklik istəyir. Onun bu qənaətini müstəqil rəy sorğuları da təsdiqləyir.

Nüfuzlu araşdırma təşkilatı olan “Levada Mərkəz”in ötən ilin sonlarında keçirdiyi bir rəy sorğusunda Rusiya vətəndaşlarının 60 faizinin dəyişiklik istədiyi məlum olmuşdu.

Dünya bazarlarında təbii qazın kəskin ucuzlaşması, neftin qiymətində də kəskin enmələr olacağı ilə bağlı ehtimalların reallığa yaxınlaşması Rusiyada sosial-iqtisadi vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırmağa imkan verir. Daha da pisləşən sosial-iqtisadi vəziyyət isə siyasi prosesləri sürətləndirəcək ki, bu da hakimiyyət əleyhinə güclü çıxışlara səbəb olacaq.

Ötən ilin payızından Moskvanın siyasi dairələrində belə şayiələr yayılmağa başladı ki, ölkənin maliyyə elitası Putinin Qərblə qarşıdurmasının başa çatmasını istəyir və bunun üçün siyasi olimpin zirvəsində dəyişikliyin əsas şərt olduğunu dərk edir. Bu şayiələr isə Sergey Markov kimi hakimiyyətyönlü ekspertlərin Putinə qarşı sui-qəsd ehtimalının artması haqqında bəyanatlar verməsinə yol açdı. Kremlə bağlı ekspertlər Rusiyanın maliyyə elitasının Putinə sui-qəsd hazırladığını da bəyan etməkdən çəkinmədilər. Bu iddiaların nə qədər əsaslı olduğunu söyləmək çətindir. İstisna deyil ki, bu bəyanatlar Rusiyanın maliyyə elitasının gözünü qorxutmağa və onların hakimiyyətə qarşı daha loyal olmasına hesablanıb.

Bununla belə, Rusiyanın biznes və maliyyə elitasının Qərblə qarşıdurmadan yorulduğu həqiqətdir. Biznes və maliyyə elitasının təmsilçiləri, eləcə də onların maraqlarını müdafiə edən ekspertlər ötən ilin yayından başlayaraq Qərblə münasibətlərin yumşaldılmasına çağırışlar edirlər. Biznes və maliyyə elitasının Aleksey Kudrin və German Qref kimi təmsilçiləri isə Qərblə münasibətləri yaxşılaşdırmadan Rusiyann inkişaf edə bilməyəcəyini daha uca səslə bəyan edirdilər. Biznes və maliyyə elitasındakı əhval-ruhiyyə dəyişkənliyi istənilən hakimiyyəti narahat edəcək qədər ciddi məsələdir.

Baş verənlər Putinin dövlət idarəçiliyində dəyişikliklərin nədən qaynaqlandığı haqqında təəssürat yaradır. Belə görünür ki, Putin Konstitusiyaya dəyişiklik etməklə prezident səlahiyyətlərinin bir hissəsini Dövlət Şurası, Təhlükəsizlik Şurası, Federasiya Şurası və Dövlət Dumasına verməklə özünün yoxluğu şəraitində 20 illik hakimiyyətinin uğurlarını kimliyindən asılı olmayaraq, bir nəfərin ümidinə buraxmaq istəmir. O, Rusiyanın son yüzillik tarixi ərzində eyni siyasi elita daxilində olsa belə, hakimiyyət dəyişikliyinin kəskin siyasi dəyişikliklərə səbəb olduğunu çox gözəl bilir. Buna görə də, Putin özündən sonra hakimiyyəti ən çox inandığı adama verməkdən də ehtiyat edərək, onu müxtəlif dövlət institutları arasında bölməyin daha effektli olduğunu düşünür.

Putin Rusiyanı xilas edə biləcəkmi?

“The Financial Times”dəki bir məqalədə Putinin yaxın adamlarından birinə istinadla belə bir fikir yer alıb ki, Kreml sahibi özünün yoxluğunda hər şeyin dağılacağından ehtiyat edir. Oxşar fikirlərə Fransanın “Liberation” qəzetində də rast gəlmək olar. Qəzet yazır ki, Putin siyasi səhnədən gedişi ilə hər şeyin dağılacağından qorxur.

Putinin təlaş işərisində olduğunu göstərən başqa məqamlar da var. Belə ki, bir neçə gün öncə İctimai Palata xarici sosial şəbəkələrin qarşısının alınmasını mümkün edən qanunvericilik təklifləri ilə çıxış edib. Bu qanunvericilik təşəbbüsləri qəbul olunarsa “Youtebe”, “Facebook”, “Twitter”, “Instagram” və hətta “Telegram”ın bloklanması qaçılmaz ola bilər.

Putinin əl atdığı bu tədbirlərin isə effektli olacağına, Rusiyanı qarşıda gözləyən ictimai-siyasi fırtınalardan salamat çıxaracağına çox az adam inanır.

Rusiyanın bir çox fikir adamları hesab edir ki, Putindən sonra Rusiyanın parçalanacağı realdır. Məsələn, məşhur publisist Aleksandr Nevzorov Rusiyanın parçalanacağını bəyan etməkdən çəkinmir. Oxşar fikirlərə bir çox politoloq və ekspertlərin açıqlamalarında da rast gəlinir. Doğrudur, professor Solovey Rusiyanın parçalanacağı haqqında fikirləri bölüşmür. Ancaq o da, Putindən sonra mərkəzi hakimiyyətin kəskin zəifləyəcəyini mümkün hesab edir.

Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının bir müddət əvvəl hazırladığı səs-küylü hesabatda da Rusiyanın parçalana biləcəyi nəzəri cəhətdən mümkün hesab edilmişdi.

Rusiya çox az sayda ölkələrdən biri, hətta birincisidir ki, bu ölkədə baş verən proseslər Azərbaycanın daxili siyasətinə çox ciddi təsir göstərir. Buna görə də Azərbaycanın siyasi elitası Rusiyada baş verən prosesləri daha yaxından izləməlidir.

Müəllifin bütün yazıları - Xəqani CƏFƏRLİ



Bölməyə aid digər xəbərlər
bütün xəbərlər