Tarix: 19-02-2017 14:55 | Bölmə: Xəqani CƏFƏRLİ
ABŞ prezidenti Donald Trampın dövründə Ağ Evdə ikinci şəxs olacağı güman edilən Maykl Tomas Flinn milli təhlükəsizlik üzrə müşavir vəzifəsində cəmi 23 gün çalışdı. İstefada olan general-leytenant Flinn yanvarın 20-də təyin olunduğu Prezidentin milli təhlükəsizlik üzrə müşaviri postundan siyasi dairələrin, vətəndaş cəmiyyətinin və medianın təzyiqi ilə fevralın 13-də istefa vermək məcburiyyətində qaldı.
Flinnin istefasının səbəbi vəzifəsinin icrasına başlamazdan əvvəl Rusiyanın Vaşinqtondakı səfiri ilə danışıqlar aparması və bunu gizlətməyə cəhd etməsidir.
Rusiyaya xüsusi rəğbəti və sərt anti-islam mövqeyi ilə seçilən Flinnin milli təhlükəsizlik üzrə müşavir postuna gətirilməsi ABŞ-ın siyasi dairələrində narahatlığa səbəb olmuşdu.
Xatırladım ki, milli təhlükəsizlik üzrə müşavir Ağ Evin siyasətinin formalaşmasında xüsusi rola malikdir. Bunu anlamaq üçün Cimmi Karterin prezidentliyi dövründə milli təhlükəsizlik üzrə müşaviri olmuş Zbiqnev Bjezinskini xatırlamaq kifayətdir. Belə hesab olunur ki, Ağ Evin siyasətinin formalaşmasına Bjezinski dövlət katibi Vensdən daha artıq təsir göstərib. Əksər siyasi şərhçilər hesab edir ki, 1978-ci ildə məşhur Kemp-Devid sazişi də Bjezinskinin fəaliyyətinin nəticəsidir.
Hərbi kəşfiyyat üzrə peşəkar mütəxəssis olan Flinnin milli təhlükəsizlik üzrə müşavir təyin edilməsi ilə peşəkar neftçi, "ExxonMobil” neft şirkətində işləyən Reks Tillersonun dövlət katibi kimi Ağ Evin siyasətinin formalaşmasına təsirinin formal xarakter ala biləcəyi də ehtimal edilirdi. Artıq Flinn sabiq müşavirə çevrildiyindən dövlət katibi Tillersonun mövqeyi daha da güclənəcək.
Yeri gəlmişkən onu da qeyd edim ki, Zbiqnev Bjezinski kimi Reks Tillerson da Rokfeller klanına yaxın şəxs hesab olunur.
Flinnin istefası ilə ABŞ-Rusiya münasibətlərində ehtimal olunan yaxınlaşmanın da artıq 13 fevraldan əvvələ nisbətən reallaşması daha azdır. Təsadüfi deyil ki, bəzi şərhçilər Flinnin istefa verdiyi 13 fevralı Rusiya diplomatiyasının "qara günü” adlandırırlar. Hətta Flinnin istefasından sonra Vaşinqtonda Rusiya ilə münasibətlərdə güc nöqteyi-nəzərdən çıxış edənlərin tərəfdarlarının, xüsusilə də müdafiə naziri Ceyms Mettisin mövqeləri güclənib.
Flinnin istefası Trampın prezident seçilməsi ilə ABŞ-ın avtoritar ölkə kimi dövlət başçısı tərəfindən təkbaşına idarə olunacağı haqqında yaranmış təsəvvürlərin nə qədər yanlış olduğunu da üzə çıxardı. Avtoritar ölkələrdən fərqli olaraq, ABŞ-ın dövlət başçısının sərəncamları ilə idarə olunan ölkə olmadığı bir daha təsdiqləndi. ABŞ-da Prezidentin, bütövlükdə iqtidarın iradəsindən üstün bir iradə mövcuddur ki, bunun da adı ictimai rəydir. Məhz ictimai rəyin təzyiqi ilə Tramp Flinniyə vəzifəyə təyin olunmasının 23-cü günü istefa verməyi təklif etdi. Başqa çıxış yolu olmayan müşavir isə istefa verməli oldu.
Flinnin istefası Trampın dövlət başçısı kimi komandansının məruz qaldığı ilk itkidir. Ancaq bu itki o qədər böyükdür ki, 2018-ci ildə Konqress Demokratlar Partiyasının nəzarətinə keçənə kimi təsirini göstərəcək.
Bölməyə aid digər xəbərlər