“Təhsil Nazirliyinin əməkdaşlarını müzakirələrə dəvət edirik” - Müsahibə
Tarix: 20-06-2017 17:37 | Bölmə: Müsahibə

Məleykə Abbaszadə deyir ki, keçirilmiş imtahanın nəticələri ilə bağlı məlumatlar Təhsil Nazirliyinə də göndərilib 

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə APA-ya müsahibə verib. Keçirilən qəbul imtahanlarından söz açan M.Abbaszadə, növbəti tədris ili üçün qəbul qaydalarında hansısa yeniliklərin nəzərdə tutulmadığını da deyib.

Reyting.az saytı M.Abbaszadənin müsahibəsini təqdim edir:

- Bu ay IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları keçiriləcək. İlk növbədə ondan başlayaq ki, IX siniflər üçün bu imtahanların I mərhələsi mart ayında təşkil olunub. Bu mərhələdə şagirdlər hansı nəticələr göstərib?

- IX sinif buraxılış imtahanı fənləri proqramı, onun mahiyyəti, proqramların şagirdlər tərəfindən necə mənimsənilməsini müəyyən edən qaydaların layihəsi Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin əməkdaşlarından ibarət birgə işçi qrup tərəfindən işlənib hazırlanmış, Nazirlər Kabinetinə təqdim olunmuş və təsdiq edilmişdir.

Xatırladım ki, hələ 1999-cu ildə təhsilin məzmununun yeni standartlar əsasında formalaşdırılması məqsədilə Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi əsasında "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları”, 2006-cı ildə isə "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” sənədləri hazırlanaraq təsdiq edilib. 2008-ci ildən başlayaraq, artıq 9 ildir ki, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Təbii ki, yeni təhsil proqramları ilə təhsil alan şagirdlərin bacarıqlarının ölçülməsi sahəsində yeni yanaşmanın, yeni qaydaların tətbiq olunmasına ehtiyac duyulurdu.

Biz artıq yeni qaydalar əsasında keçirilmiş imtahanın birinci mərhələsinin nəticələrini elan etmişik və imtahan nəticələri ilə bağlı müvafiq statistik məlumatlar Direktorlar Şurasının iclasında şura üzvlərinə təqdim edilmişdir. Təhsil nazirinin müavini də iclasda iştirak etmiş və nəticələrə dair material Təhsil Nazirliyinə də göndərilmişdir. Buraxılış imtahanının II mərhələsindən sonra tam biləcəyik ki, şagirdlər tərəfindən məminsənilmiş bilik və bacarıqlar dövlət standartlarına uyğundur, ya yox? Yekun nəticələrlə bağlı hansısa ictimai müzakirədən əvvəl elmi-metodiki müzakirələr keçirilməli, mütəxəssislər tərəfindən fikir mübadiləsi aparılmalıdır. Bundan sonra ictimaiyyətə ümumi nəticələri təqdim edə bilərik.

Yeri gəlmişkən, biz bütün pedaqoji ictimaiyyəti, təbii ki, Təhsil Nazirliyinin müvafiq sahə ilə məşğul olan əməkdaşlarını müzakirələrdə iştiraka dəvət edirik. İndi ictimaiyyətə yalnız o məlumatı verə bilərik ki, bu il IX siniflər üzrə keçirilən buraxılış imtahanlarının I mərhələsində 116 148 nəfər iştirak edibsə, onların yalnız 81 188 nəfəri DİM saytında yerləşdirilimiş öz cavabına – balına baxıb. Yerdə qalan təqribən 35 min şagirdi heç nəticəsi maraqlandırmayıb. Axı biz təkcə şagirdlərin ballarını deyil, cavab vərəqələrini, həm də açıq tipli tapşırıqlar üzrə qiymətləndirmə meyarlarını təqdim etmişdik və düşünürdük ki, şagirdlər valideynləri, yaxud müəllimləri ilə birgə öz cavablarını bu meyarlarla müqayisə edəcək, səhvlərini təhlil edəcəklər. Təəssüf ki, reallıqda başqa cür oldu: hələ ki ana dili fənni üzrə öz cavab vərəqinə baxanlar 29 486 nəfər, riyaziyyat fənni üzrə 27 661 nəfərdisə, hər iki fəndən cavab vərəqələrinə baxanlar, ümumilikdə 24 263 nəfərdir. Bu da imtahan iştirakçılarının heç 25%-ni təşkil etmir (imtahanın birinci mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına açıq tipli tapşırıqlarla əlaqədar 234 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,20%-i ) müraciət edib). Ümidvaram ki, II mərhələnin cavabları açıqlanandan sonra şagirdlərin öz nəticələri ilə tanış olmağa marağı artacaq.

Bu günlərdə şagirdlərin yazdığı 27 min esse - yazı işi də yoxlanılır. Tezliklə onların qiymətləndirilməsinin nəticəsi elan olunacaq. Hər bir şagirdin yazdığı essenin qrafik təsviri Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək. Biz yenə də şagirdlər və onların valideynlərini bu yazı işləri, onların qiymətləndirilməsi ilə tanış olmağa dəvət edirik. Bundan əlavə, gələn həftə martın 5-də keçirilmiş buraxılış imtahanında istifadə edilmiş test tapşırıqları da saytımızda yerləşdiriləcək. Digər tarixlərdə keçirilən buraxılış imtahanlarında da istifadə olunmuş tapşırıqları açıqlamaq fikrindəyik. Qeyd edim ki, bu sual variantları, eləcə də şagirdlərin suallara verdikləri cavabların təhlili növbəti il üçün hazırladığımız vəsaitdə də yer alacaq. İyunda keçirilən buraxılış imtahanlarının II mərhələsinin nəticələrinin yoxlanması prosesi daha tez başa çatacaq. (Ayın 17-də keçirilən imtahanların nəticələri artıq elan olunub - red.) Daha sonra isə iki mərhələnin nəticələrinə əsasən aparılacaq elmi-statistik təhlil Direktorlar Şurasının üzvlərinə və Təhsil Nazirliyinə təqdim ediləcək, elmi müzakirə təşkil olunacaq. Elmi müstəvidə aparılmış müzakirədən sonra ictimaiyyət bu nəticələrlə tanış olacaq.

- İyun ayında keçirilən buraxılış imtahanlarında neçə şagird iştirak edəcək? Onların buraxılış imtahanlarından göstərdikləri nəticələrdən asılı olmayaraq, hər birinə sonda attestat veriləcəkmi? XI sinif şagirdləri ilə yanaşı, IX sinif şagirdləri də buraxılış imtahanında əldə etdiyi nəticədən asılı olmayaraq attestat ala biləcəkmi?

- Bununla əlaqədar yeni normativ sənədlər var. Qaydalara əsasən IX sinif üzrə dövlət nümunəli təhsil sənədinə, yəni attestata buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin illik qiyməti və buraxılış imtahanının balı yazılacaq. Misal üçün, şagird buraxılış imtahanında ana dili və ya riyaziyyat fənni üzrə 1-ci mərhələdə 30 mümkün baldan 20 bal toplayıbsa, ikinci mərhələdə isə 70 mümkün baldan 50 bal toplayıbsa, hər iki mərhələ üzrə topladığı ballar cəmlənəcək (20+50=70 bal) və attestatına yazılacaq. Buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə şagirdin buraxılış sinfinin illik qiyməti təhsil sənədinə yazılacaq. Tam orta təhsil səviyyəsində isə təhsil sənədinə buraxılış imtahanı aparılan hər bir fənn üzrə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik və buraxılış imtahanının qiymətlərinin ədədi ortası, buraxılış imtahanı aparılmayan hər bir fənn üzrə isə şagirdin buraxılışdan əvvəlki və buraxılış siniflərinin illik qiymətlərinin ədədi ortası yazılacaq. Buraxılış imtahanlarında iştirak etməyənlər attestat ala bilməyəcək.

- Bu ildən ali məktəblərə qəbul imtahanının 2 dəfə keçirilməsi nəzərdə tutulub. Aprel-may aylarında ali məktəblərə keçirilən ilk qəbul imtahanları hansı nəticələri üzə çıxardı? Tədris proqramını tam başa çatdıra bilməyən abituriyentlər imtahanda kifayət qədər bilik nümayiş etdirə bilirmi?

- Təbii ki, abiturİyentlər müəyyən səviyyədə bilik nümayiş etdiriblər və birinci mərhələdə 600-700 bal toplayan abituriyentlər olub. Elə abituriyentlər var ki, onlar yalnız yazda keçirilən imtahanda iştirak edib, yay imtahanına gəlməyəcək. Elə abituriyentlər var ki, hər iki imtahanda iştirak edəcək. Elə gənclər də var ki, yalnız yayda keçirilən imtahanda iştirak edəcək. Belə gənclərin sayı 8 mindən artıqdır. Ona görə, yalnız hər iki imtahan başa çatdıqdan sonra bu ilin qəbul imtahanının nəticələrini ötən il keçirilən imtahanların nəticələri ilə müqayisə etmək olar.

- Bu il məktəblərdə dərslərin bitməsinə bir neçə ay qalmış qəbul imtahanının I mərhələsinin keçirilməsi ilə əlaqədar müəyyən fikirlər səsləndirildi. Kimsə bunu düzgün hesab etmədi, kimsə bunu sizin əlavə pul əldə etməyiniz məqsədilə keçirildiyini dedi və s. Sizin bu deyilənlərlə bağlı fikirləriniz necədir?

- Abituriyentlər, gənclər qəbul imtahanlarında iki dəfə iştirak etmək şansının olmasını çox yaxşı qəbul edirlər. Birinci imtahanda 65 minə yaxın imtahan iştirakçısı var idisə, onlardan 53 mindən artığı ikinci imtahana da yazılıb. Onları heç kim məcbur etməyib, müstəqil şəkildə ikinci dəfə özlərini sınamaq istəyirlər. Bu abituriyentlər arasında kifayət qədər həm yüksək, həm də aşağı nəticə göstərənlər var. Aşağı nəticə göstərənlərin arasında bir qisim var ki, onlar yay imtahanına yazılmayıblar, V ixtisas qrupunu və ya orta ixtisas təhsili müəssisələrində oxumaq istədiklərini qeyd ediblər. Biz onlara seçim sərbəstliyi veririk. Təbii ki, kim istəsə imtahana yazılmaya bilər və yaxud yaz imtahanında topladığı nəticələri onu qane etmirsə, yay imtahanında iştirak edə bilər. Bir qisim abituriyent yaz imtahanını sınaq imtahanı kimi qəbul edib. İlk imtahanda 200-300 bal toplayan abituriyent yayda keçiriləcək imtahanda daha yüksək nəticə göstərəcəyinə inanır. Amma imtahanların iki dəfə keçirilməsinin ümumi nəticəsi odur ki, abituriyentlərin imtahanda iştirakı zamanı keçirdikləri psixoloji sıxıntı aradan götürülüb.

- İyul ayında ali məktəblərə növbəti qəbul imtahanı keçiriləcək. Bu imtahanlarda ümumilikdə neçə abituriyentin iştirak edəcəyi gözlənilir? I mərhələdə müsabiqə şərtini ödəyə bilən neçə abituriyent yenidən II mərhələdə iştirak etmək üçün qeydiyyatdan keçib?

- Ümumilikdə iyul ayında I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçiriləcək növbəti qəbul imtahanında 62 minə yaxın abituriyent iştirak edəcək. 8 mindən artıq abituriyent ilk imtahanda iştirak etməyib və yalnız yayda keçirilən imtahana yazılıb. 53 mindən artıq abituriyent isə ilk imtahanda iştirak edib və ikinciyə də yazılıb. İkinci imtahana yazılmayanlar əsasən aşağı nəticə göstərənlərdir. Amma IV ixtisas qrupunda yuxarı bal toplayanlar da ikinci imtahana yazılmayıb. Bu onunla bağlıdır ki, ixtisasların sayı daha çox olan I-III qruplarda abituriyentlər tərəddüd edir və kimin hansı ixtisası seçəcəyini əvvəlcədən bilmirlər. IV ixtisas qrupunda isə əsasən bir hədəf var və bu da Azərbaycan Tibb Universitetində "Müalicə işi” ixtisasıdır. Plan yerləri hər il təxminən eyni olur və bu ixtisas qrupunda təqribən 550 baldan yuxarı nəticə göstərənlər bilirlər ki, artıq Azərbaycan Tibb Universitetinə qəbul olunacaqlar.

Bundan əlavə, ödənişli təhsil almaq istəyən və 500-dən yuxarı bal toplamış abituriyentlərin də bir qismi yay imtahanında iştirak etməyəcək. Burada qərarların qəbul edilməsində hər bir abituriyent sərbəstdir. İstənilən halda, abituriyentlər bizə inanırlar, çünki bilirlər ki, qiymətləndirmə düzgün aparılıb, növbəti imtahan və qiymətləndirmə də eyni şəraitdə və eyni şərtlər əsasında aparılacaq.

- Sizin fikrinizcə, qəbul imtahanlarının ildə 2 dəfə keçirilməsi abituriyentlər arasında rəqabətin artmasına, yüksək bal toplayanların sayının çoxalmasına, ali məktəblərdə yüksək müsabiqə vəziyyətinin yaranmasına, qəbul planı yerlərinin tam dolmasına səbəb ola bilərmi?

- İmtahanların iki dəfə keçirilməsi, ilk növbədə, abituriyentləri psixoloji sıxıntıdan azad etmək, öz biliklərini iki dəfə sınamaq imkanı yaradır. Bu, dünya praktikasında da tətbiq olunur. Kim özünü hansı zaman imtahana hazır hesab edirsə, həmin vaxt öz biliyini qiymətləndirmək üçün imtahana gedir. Məsələn, bilirsiniz ki, indiyədək biz çoxsaylı sınaq imtahanları keçirmişik və bu imtahanlarda həmin il XI sinifdə oxuyan şagirdlərlə yanaşı, kifayət qədər X sinifdə oxuyan şagirdlərin də iştirak etdiyini müşahidə etmişik. Onlar əsas qəbul imtahanında bir il əvvəl biliklərini sınamaq istəyirlər. İmtahan bir bilik müsabiqəsidir. Bilik yarışında hər bir kəsin imkanı var ki, öz nəticəsini ölkə üzrə nəticələrlə müqayisə edə bilsin. Kimsə oxuduğu məktəbdə, sinifdə ən yaxşı oxuyan şagirddirsə, bu o demək deyil ki, o, ölkə üzrə də ən yaxşı nəticə göstərə biləcək. Çünki siniflər arasında qiymətləndirmədə fərq var. Bir sinifdə "5” qiymət alan şagird, ola bilsin ki, digər sinifdə "5” alan şagirddən daha biliklidir. Bu, müəllimlərin qiymətləndirməyə subyektiv yanaşması nəticəsində baş verir. Müəllim şagirdi sinifdə qiymətləndirəndə digər şagirdlərlə müqayisə edir. Əgər sinfin ümumi bilik səviyyəsi zəifdirsə, müəllimin şagirdlərin arasından nisbətən daha üstün biliyə malik olanını seçərək ona "5” yazmağa psixoloji nöqteyi-nəzərdən hüququ var. Lakin bu şagirdin biliyinə görə ölkə səviyyəsində hansı yer tutduğunu yalnız kütləvi imtahanların nəticələri göstərir. Mərkəzləşdirilmiş qaydada keçirilən kütləvi imtahanlarda qiymətləndirmə eyni meyarlar əsasında, subyektivliyin, insan faktorunun təsiri olmadan aparılır. Ona görə bütün imtahanlar başa çatandan sonra hər bir bal intervalında nə qədər abituriyentin olduğu, imtahanda iştirak edən abituriyentlərin neçəsinin 700, neçəsinin 600 baldan yuxarı, neçə faizinin isə 100 baldan aşağı nəticə göstərdiyi açıqlanır. Biz bunu həmişə elan edirik. Hər bir şəxs öz nəticəsinə baxıb, ölkə üzrə olan statistik nəticələrlə müqayisə edəndə görür ki, birinci yüzlüyün və ya birinci min nəfərin və yaxud axırıncı 10 min nəfərin sırasındadır. Beləliklə, imtahandan sonra nəticələr hər bir abituriyentin ölkədə olan bilik yarışında öz yerini müəyyən etmək üçün elan olunur.

- Bu il ali məktəblərdə ayrılan plan yerləri və qəbul planının sayı məlumdurmu? Bu il hansı ixtisaslarda qəbul planının azaldılması, hansılar üzrə azaldılması nəzərdə tutulur?

- 2017/2018-ci tədris ili üçün il ali təhsil müəssisələrinin I-V ixtisas qrupu üzrə 42806 plan yeri ayrılıb. Bu ötən illə müqayisədə 861 plan yeri və ya 2.05 faiz daha çoxdur. Konkret ixtisas qrupları üzrə ayrılan plan yerlərini ötən illə müqayisə etsək, I ixtisas qrupu üzrə 1.09 faiz, II ixtisas qrupu üzrə 4.95 faiz, V ixtisas qrupu üzrə 7.98 fazi artım, III və IV ixtisas qrupu üzrə isə müvafiq olaraq 0.13 və 3.47 faiz azalma var. Elə ixtisas var plan yeri cüzi də olsa artıb, elə ixtisas da var ki, azalıb. Abituriyent jurnalının 4 saylı buraxılışında ali təhsil müəssisələri və ixtisaslar üzrə plan yerləri dərc olunacaq.

- Son günlər müzakirə edilən məsələlərdən biri də abituriyentlərin qəbul imtahanı vermədən ali məktəblərə qəbul olacağı ilə bağlı yayılan xəbərlərdir. Bildirilir ki, ali məktəblərdə yaradılan hazırlıq siniflərinə müsabiqə şərtini belə ödəməyən, az bal toplayan abituriyentlər də qəbul ola biləcək. Əslində, bu məsələ ilə bağlı vəziyyət necədi, bu qruplara qəbul necə aparılacaq?

- Bu məsələ ilə bağlı Milli Məclisdə "Təhsil haqqında” qanuna dəyişikliklər qəbul edilib. Qanuna dəyişikliklərdə hər şey aydın yazılıb. Qanun qüvvəyə minəndən və edilən dəyişikliklərə əsasən yeni normativ-hüquqi sənədlər hazırlanıb təsdiq olunandan sonra orada nəzərdə tutulanlar icra ediləcək.

- Yaxın gələcəkdə, qarşıdakı 2 il müddətində buraxılış imtahanlarında və ya ali məktəblərə qəbul imtahanlarında hansı dəyişikliklərin edilməsi, hansısa fənlərin azaldılması və ya artırılması nəzərdə tutulurmu?

- Bu məsələ təkcə bizim tərəfimizdən yox, ölkədə təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi ilə müzakirə olunaraq müəyyən edilir. Buraxılış imtahanları bu il IX siniflər üzrə yeni formatda aparılıb. Bu il IX sinfi bitirənlər 2 ildən sonra XI sinfə gəlib çatacaqlar. Təbii ki, onların bilik və bacarıqlarının qiymətləndirilmə üsulları da fərqlənməlidir. Çünki onlar fərqli təhsil proqramı - kurikulum əsasında təhsil alıblar. Bununla bağlı hər hansı bir qərar qəbul olunanda dərhal ictimaiyyətə açıqlanacaq. Qəbul qaydalarında növbəti 2018/2019-cu tədris ili üçün hansısa yeniliklərin edilməsi nəzərdə tutulmur. Çünki gələn il axırıncı ildir ki, ənənəvi proqramla təhsil alan şagirdlər məktəbi bitirəcək.

- Dövlət İmtahan Mərkəzi publik hüququ şəxs olduqdan sonra imtahanların pullu olması bəzi cəmiyyət üzvləri tərəfindən də narazılıqla qarşılandı. Magistratura, rezidentura və digər təhsil pillələri üzrə bu il sənəd verənlərin sayının azalması imtahanların ödənişli olması ilə əlaqələndirildi və bu, oxumaq istəyənlərin qarşısını almaq kimi qiymətləndirildi. Sizin bu məsələyə münasibətiniz...

- Mən bu müzakirələrdə iştirak edə bilmərəm. Çünki biz qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlər çərçivəsində hərəkət edirik. Qanunvericiliklə bizə hansı səlahiyyətlər verilibsə, onları icra edirik. Amma bəzi rəqəmlərə diqqət yetirmək istərdim: bu il magistraturaya qəbul imtahanlarının II mərhələsində 9 500-dən çox bakalavr iştirak edirdi, imtahana gəlməyənlərin sayı isə cəmi 19 nəfər olub. İmtahan əvvəlki qaydalarla keçiriləndə, yəni ödənişli olmayanda, imtahanda 9000 nəfər iştirak etməli idisə, onun ən azı 700-800 nəfəri, bütün namizədlərin təxminən 10-12 faizi imtahana gəlmirdi. Dövlət tərəfindən onların bütün imtahan xərcləri çəkilirdi, onlar isə imtahana məsuliyyətsiz yanaşırdılar. Amma indi gənclərdə imtahanlara tam məsuliyyətli yanaşma formalaşır. Bu da çox yaxşıdır.

- Növbəti illərdə mərkəzin digər hansı xidmətlərinin pullu olması gözlənilir?

- Ümumiyyətlə, bizim bütün növ xidmətlərimiz pulludur. Ola bilsin ki, bizim müəyyən xidmətlər vətəndaşlar üçün pullu olmasın, lakin xidmət üçün nəzərdə tutulan vəsaiti iştirakçının əvəzinə dövlət bizə ödəsin. Amma bu, o demək deyil ki, xidmətlərimiz pulsuzdur. Bu hal təkcə bizə aid deyil. Məsələn, dövlət sifarişli yerlərdə oxuyan tələbələrin təhsil haqqını Maliyyə Nazirliyi onların əvəzinə ali təhsil müəssisələrinə ödəyir.

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən müəyyən imtahanlarda iştirak pulsuzdur, çünki həmin imtahanlar üçün tələb olunan maliyyə vəsaiti dövlət büdcəsi tərəfindən Mərkəzə ödənilir. Müəyyən imtahanlar var ki, qanunvericilikdə onların keçirilməsi üçün dövlət tərəfindən maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmayıb. Müəyyən təşkilatlar işə qəbulla bağlı imtahanların keçirilməsini bizə sifariş edirlər. İmtahanda iştirak edənlər üçün bu proses ödənişsiz keçirilə bilər, amma bizim xidmətimizə aid olan maliyyə vəsaitini həmin qurumlar ödəyirlər.

Dərsliklərin monitorinqi də bu artıq formada həyata keçirilir. Hansısa dərsliyin monitorinqinin aparılması üçün bizə müraciət olunur, müqavilə bağlanılır və buna uyğun işlər görülür. Mərkəzin fəaliyyəti ilə bağlı yeni növ xidmətlər yaradılanda da onlarla bağlı öncədən məlumat verilir.

- Sizin müavininiz Bəhram Xəlilov bildirib ki, Dövlət İmtahan Mərkəzi əsasən mülki dövlət qulluğuna qəbul aparacaq. Bu fikri ətraflı şərh etməyinizi rica edirik.

- Dövlət qulluğunun xüsusi növləri var ki (məsələn, Xarici İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti), onlar üçün işə qəbul imtahanını biz keçirmirik. Amma ədliyyə, prokurorluq, vergi, daxili işlər orqanlarında qulluq da xüsusi növ dövlət qulluğuna aid olsa da, həmin təşkilatların müraciəti əsasında orada işə qəbulla bağlı imtahanı biz aparırıq. Lakin qanunverciliyə əsasən bütün mülki təşkilatlarda dövlət qulluğuna qəbulla bağlı imtahanları Dövlət İmtahan Mərkəzi keçirməlidir.

Təbii ki, xüsusi növ dövlət qulluğuna işə qəbulla bağlı imtahanların keçirilməsi üçün də bizə müraciət olunarsa, həmin qurumlarla müqavilə bağlanılaraq imtahan keçirilə bilər. Eyni zamanda istisna olunmur ki, gələcəkdə hansısa özəl şirkətlər də müəyyən imtahanların keçirilməsi üçün Mərkəzə müraciət etsinlər və onlarla birgə əməkdaşlıq edək.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər