Tarix: 11-08-2016 20:46 | Bölmə: Siyasət / Xəbərlər
"Ermənistanın da regional layihələrdə iştirakının təmin edilməsi üçün Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləmək mümkündür”.
Reyting.az xəbər verir ki, bu sözləri Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa Rusiya və İran prezidentlərinin Bakı səfərindən və Türkiyə prezidenti Ərdoğanın Rusiya səfərindən sonra regionda yaranan yeni mənzərəni şərh edərkən pia.az saytına deyib.
F.Mustafanın fikrincə, iqtisadi əməkdaşlığın siyasi əməkdaşlığa təsiri qaçınılmazdır və Azərbaycan çevik diplomatik addımlar atarsa, Ermənistanın da regional layihələrdə iştirakının təmin edilməsi üçün Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləmək mümkündür:
"Regionda yaranmış yeni mənzərə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün indiki vəziyyətdə yeni imkanlar yaratmasa da, prespektivdə müsbət məqamlar ola bilər. Ən azından ona görə ki, İran və Rusiya Azərbaycana qarşı tərəfsiz mövqeyindən bir qədər açıq formada çıxış etməkdən çəkinəcək. Çünki iqtisadi əməkdaşlığın bu proseslərə müəyyən təsirləri olur. Ümid edək ki, Azərbaycan çevik diplomatik addımlarla bu problemin həllində ən azından həmin ölkələri neytrallaşdırmağa çalışacaq və buna nail olacaq. Çünki iqtisadiyyatla elə bir sənəd imzalanıb ki, bu sənədin qarşısında kimsə hansısa şəkildə yaxşı bir prespektiv olduğunu gizlətmir. İqtisadi münasibətlərin yaxınlaşması siyasi münasibətlərdə də müəyyən təsirə malik ola bilir”.
Millət vəkili qeyd edib ki, Ermənistanın da regional layihələrdə iştirakının təmin edilməsi üçün Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləmək mümkündür. Bu yaxın zamanlarda olmasa da, hər halda bu istiqamətdə müəyyən irəliləyişlər ola bilər:
"Düşünürəm ki, Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatının yaradılması məsələsi də maraqlı təşəbbüsdür. Ancaq bu, hələ ki real deyil. Bu, Rusiyanın mövqeyindən asılı olacaq. Əgər reallaşarsa, o zaman dəqiq fikir bildirmək mümkün olar”.
Bölməyə aid digər xəbərlər