ALP Qarabağda Türkiyə hərbi bazalarının yerləşdirilməsini istəyir - Bəyanat
Tarix: 11-11-2020 19:24 | Bölmə: Siyasət
ALP Qarabağda Türkiyə hərbi bazalarının yerləşdirilməsini istəyir

“Bu il noyabrın 9-dan 10-na keçən gecə Rusiyanın vasitəçiliyi ilə Qarabağın dağlıq bölgəsində hərbi əməliyyatların dayandırılması haqqında Azərbaycan və Ermənistan arasında bəyanat imzalanıb. Təəssüflə qeyd edir ki, bu bəyanatda sülhməramlı qüvvə qismində yalnız Rusiya qoşunları təsdiq olunub”.

Reyting.az
xəbər verir ki, bu fikirlər Azərbaycan Liberal Partiyasının (ALP) bəyanatında yer alıb.

ALP hesab edir ki, imzalanmış bəyanatda Azəraycanın hərbi qələbələrinin diplomatik qələbəyə çevrilməsini əngəlləyən bir sıra təhlükəli və riskli məqam var. Bu şərt sülhməramlı qüvvələrin yalnız Rusiya hərbi kontingentindən ibarət olmasıdır:

“Bu amil xalqımızın və ALP-nin narahatlığına səbəb olub. Rusiya qoşunlarının Azərbaycana daxil olması bizim müstəqilliyimizə və suverenliyimizə hər an təhlükə yarada bilər. Bunu tarix bizə dəfələrlə əyani sübut edib”.

ALP hesab edir ki, yaranmış yeni hərbi-siyasi vəziyyətdə Türkiyə hərbi kontingentinin bölgəyə yerləşdirilmiş sülhməramlıların ən azı yarısını təşkil etməli idi.

ALP Azərbaycan iqtidarını Azərbaycan–Türkiyə hərbi sazişinin imzalanması, həm Qarabağda, həm də Azərbaycanın başqa bölgələrində ölkəmizin müstəqilliyinin gerçək qarantı ola biləcək Türkiyə hərbi bazalarının yerləşdirilməsi üçün təcili əməli addımlar atmağa çağırır.




Bölməyə aid digər xəbərlər