Azərbaycan üçün iqtisadiyyatın idarəolunma riskləri artacaq
Tarix: 03-01-2019 07:35 | Bölmə: Slayd
Azərbaycan üçün iqtisadiyyatın idarəolunma riskləri artacaq

“2019-cu ildən gözləntilərdən danışarkən daha çox istinad olunan mənbə neftin dünya bazar qiymətlərindəki dəyişikliklərdir. Çünki, müstəqilliyimiz qədər kövrək olan iqtisadiyyatımızın dünya bazarından asılılığı son illər ərzində azalmaq əvəzinə, artmağa başlayıb”.

Reyting.az
xəbər verir ki, bu, iqtisadçı-alim Qubad İbadoğlunun yeni başlayan 2019-cu ildəki iqtisadi gözləntiləridir. Q. İbadoğlunun fikrincə, bu illər ərzində qeyri-neft sektoruna güvənən milli iqtisadiyyatın qurulmaması 2019-cu ildə Azərbaycana qarşı xarici şokların rolunu daha da yüksəldib:

“2015-ci ilin ikiqat devalvasiyasından sonra investorların və istehlakçıların etimadını tam itirmiş manata azacıq inam yarandığı indiki ərəfədə nəzərlər yenidən dünya bazarında neftin qiymətinə dikilib. Neftin qiymətinə gəlincə, bu sahədə əvvəlki illərlə müqayisədə 2019-cu il üçün proqnoz vermək daha da çətinləşib. Çünki, tələb və təklif arasında balansla bağlı xeyli qeyri-müəyyənliklər vardır”.

Azərbaycan üçün iqtisadiyyatın idarəolunma riskləri artacaq
Q. İbadoğlu

İqtisadçı-alim qeyd edib ki, bu il Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tətbiqi nəzərdə tutulan dəniz yanacağının tənzimlənməsinə dair normativ tələblər, OPEK və ora daxil olmayan 10 neft istehsalçısının ötən ayın əvvəlində hasilatın azalması ilə bağlı qərarı, İran neftinin istehlakçıları üçün ABŞ-ın sanksiyalarına necə əməl olunacağı, Venesuelada hasilatın enməsi, eləcə də Liviyanın hasilat səviyyəsini saxlamaq qabliyyətinin davam etməsinə qədər çoxsaylı amillər neftin dünya bazar qiymətinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayacaq:

“Əslində, hesablamalar göstərir ki, istehlakçılar üçün qiymətlərin 85 dollardan yuxarı, istehsalçılar üçün isə 55 dollardan aşağı olması məqbul deyildir. Lakin, hazırda dünya neft bazarında hər barrelin qiyməti 55 dollardan ucuzdur. Bu da o deməkdir ki, indiki qiymət istehsalçılar, o cümlədən Azərbaycan üçün sərfəli deyil. Əgər yuxarıda sadaladığımız səbəblərdən qiymət daha da ucuzlaşarsa, onda 2019-cu ildən gözləntilər özünü doğrultmaya bilər”.

Q. İbadoğlu bildirib ki, gəlirlərin formalaşmasının yalnız qiymətdən deyil, miqdardan da asılı olduğunu nəzərə almaq lazımdır. Çünki rəsmi proqnozlara görə, bu il Azərbaycanda neft hasilatı əvvəlki illə müqayisədə azalacaq:

“Beləliklə, cari ildə də Azərbaycan iqtisadiyyatında hər şey olmasa da, çox şey neftin dünya bazarındakı qiymətlərindən asılı olacaq. Təəssüf ki, əsas ixrac kəmərinin işə düşməsindən 12 il ötməsinə baxmayaraq, hələ də Azərbaycan iqtisadiyyatı neft sektorundan, neft bölməsi də dünya bazarındakı şoklardan əhəmiyyətli dərəcədə asılı vəziyyətdədir. Bu isə, 2019-cu ildə iqtisadiyyatın idarəolunma risklərini artıracaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}