Politoloq: “Qazax xalqı işğal faktı ilə barışmayacaq, hadisələr bumeranq olacaq”
Tarix: 08-01-2022 16:25 | Bölmə: Slayd
Politoloq: “Qazax xalqı işğal faktı ilə barışmayacaq, hadisələr bumeranq olacaq”

“Qazaxıstana ordu yeritməklə beynəlxalq hüququ kobud şəkildə pozublar. Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz Nizamnaməsi ilə BMT-də qeydiyyatdan keçib. İndi onlar Qazaxıstanı işğal etməsini legitimləşdirmək üçün nizamnamələrinin 4-cü maddəsinə istinad edirlər. Amma indiki halda bu maddəyə istinad etmək mümkün deyil. Bu maddəyə görə, ölkəyə xaricdən müdaxilə olarsa, üzv dövlətlər onun köməyinə gedə bilər. Qazaxıstana isə xarici müdaxilə olmayıb. Sadəcə, ölkədə sosial tələblər siyasi gərginliyə çevrilib və hakimiyyət idarəetməni itirib”.

Bunu Reyting.az-a Qazaxıstanda baş verənləri şərh edərkən politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, hətta Qazaxıstan lideri KTMT-yə müraciət etsə belə, həmin qurum özünə hörmət əlaməti olaraq, bu addımı atmamalı idi. C. Nuriyev belə bir sual da ünvanlayıb: “Tutaq ki, indi KTMT-yə müvəqqəti sədrlik edən Ermənistanın Baş naziri Paşinyanın başı xarab olub, digərləri niyə onun çağırışı ilə bu addımı atır? Əgər belə bir addım atılıbsa, deməli, arxada başqa plan var”.

Politoloqun fikrincə, bu prosesdə KTMT-nin adından sadəcə istifadə olunur, gizli planı quran Moskvadır: “İstisna deyil ki, Putin-Tokayev arasında gizli razılaşmadır. Tokayev qazax dilini normal bilmir, onun evində rus dilində danışılır. Onu da hakimiyyətə Rusiyanın təkidi ilə gətiriblər. Görünən odur ki, bu məsələlər əvvəlcədən ssenariləşdirilən böyük oyundur. Sadəcə, qazax xalqı prosesdə sosial baxımdan iştirak edib. Nəticə olaraq Qazaxıstan işğal edilib, nəzarətə götürülüb”.

C. Nuriyev düşünür ki, Rusiya bu mərhələdə uduzan tərəfdir: “Çünki 1990-cı ildə Azərbaycana da buna oxşar şəkildə daxil olmuşdu. O vaxtkı Azərbaycan və SSRİ konstitusiyası imkan vermirdi ki, Bakıya ordu yeridilsin.

KTMT Nizamnaməsinin 7-ci maddəsində göstərilir ki, üzv dövlətlərin sərhədində narkotik, silah ticarəti, terrorizm olarsa, KTMT ora daxil ola bilər. Bütün hallarda nə Tokayevin ölkəsinə ordu çağırmaq hüquqi vardı, nə də Rusiyanın ora girməsinə. Rusiya Qazaxıstanı işğal etmək üçün Ukrayna kartından istifadə etdi. Amma bu dəfə bu kartla oyun alınmayacaq”.

Politoloqun fikrincə, Qazaxıstanın müstəqilliyi Rusiyanın maraqlarına uyğun olaraq əldən verilib. Artıq Qazaxıstana siyasi baxımdan müstəqil demək olmaz.

C. Nuriyev əlavə edib ki, Qazaxıstanda baş verənlər Turan ideyasının gündəmdən çıxması demək deyil: “Burada Türkiyənin və dünyanın müəyyən qüvvələrinin maraqları var. Məncə, bu addımla Rusiya özünü çətinə saldı. Türkiyə ilə olan münasibətlər kontekstində Moskva Ankaranı da aldatdı. Amma anlamır ki, Ərdoğanla onun Suriya və Liviyada maraqları toqquşur”.

Müsahibimiz əlavə edib ki, Qazaxıstanın işğalından sonra dünya yenidən Rusiyanın üzərinə gələcək: “Rus ordusu Qazaxıstana girəndən sonra Aktauda 10 minə qədər adam meydana çıxıb. Bu insanların hamısını qırmaq mümkün deyil. 18 milyonluq Qazaxıstanın 13 milyonu təmiz qazaxdır. Bu proses Rusiya üçün bumeranq verəcək. Məncə, ruslar oradan çıxmalı olacaqlar. Qazaxlar ölkənin işğalı ilə barışmayacaq. Hesab edirəm ki, qazax xalqı bu problemi həll edəcək”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}