Strategiya oyunu - Etibar Cəbrayıloğlu yazır
Tarix: 23-10-2024 10:14 | Bölmə: Xəbərlər
Strategiya oyunu

Etibar CƏBRAYILOĞLU

Bakımızda selləmə yağışın yağması yaxşı oldu. AFFA-da babat post tutan-bağban vəzifəsində çalışan İlhan Mansız ayamalı tanışım iki gün gülləri suvarmağa getməyib evdə oturdu.

Axşam mənə zəng vurdu, dedi ki, pəncərədən küçəyə baxmaqdan yoruldum, yağış ürəyimi sıxır, belə getsə şairlərin sırasına qoşulub şeir yazacam. Mən də ona yalvarıb-yaxardım ki, etmə-eləmə, yağış bir yandan, şeir yazanlar bir yandan gül kimi Bakını yaşanmaz hala salıb. Dur keç biz tərəfə, oturub futbol üzrə Estoniya-Azərbaycan millilərinin oyununa təkrar baxıb gülək, kefimiz yerinə gəlsin.

Möhürlü sənədlə adı Qoçaqbaba olan İlhan Mansız ayamalı həmin bağban içəri keçən kimi üst-başını qurulamadan əl atıb yan cibindən atlasa oxşar yekə bir sənəd çıxartdı. Dedi ki, qaqamın evinə əliboş gəlməmişəm.

Mən də yağış deyiləm ki, sizi bezdirim? Məsələni uzatmayıb qısa yazacam. Bağban tanışımın bu selləmədə gətirdiyi Belçika şirkətinin AFFA üçün yazdığı yeni strategiya çıxdı, özü də çin dilində...

Bu strategiya adlı bahalı sənədin bağbanın əlinə necə düşdüyü, niyə məhz çin dilində yazıldığı ilə heç maraqlanmadım. Mənə lazımdı sünnət toyunda dana basdırması? Ona görə də tanışımı sorğu-suala yox, isti çaya qonaq elədim. Bizim yığmanın Estoniya ilə matçının videoyazısına təkrar baxıb xeyli güldük. Sonra onu yola salan kimi girişdim bu bahalı strategiyanı incələməyə. Qaranlıq məqam qalmasın deyə izah edim ki, çin dilində mübtədanı, xəbəri pis bilmirəm.

İnsaf naminə deyim ki, strategiyada uşaq futbolunun inkişafına xüsusi diqqət ayrılıb. Mən obyektiv adamam, insan nə var gərək düzünü desin. Şimali Koreyalılar demişkən, igidi öldür, raketini kəsmə. İnanmayan bahalı strategiyanı çin dilini mükəmməl bilənə tərcümə etdirə bilər.

Belçika şirkəti AFFA-nın bu məsələyə necə həssas yanaşdığını yaxşı öyrəndiyindən uşaq futbolunun gələcək inkişafına dair dəyərli təkliflər yazıb. Bütün bölgələrdə akademiyaların yaradılması, həmin akademiyalarda domino kurslarının təşkili, Novruz bayramı ərəfəsində yumurta döyüşdürülməsinin vacibliyi dönə-dönə qeyd olunub. Gənc futbolçuların idmandan kənar asudə vaxtlarında Sulutəpədə sulu qəlyanla təmin edilməsi də öz yerində...

Strategiyanın VI bəndi rayonlarda futbolun inkişafına həsr edilib. AFFA bu sənədi bəyənib şirkətə qonorar ödəsə uzaq Argentinada, Braziliyada, İslandiyada, yaxın Gürcüstanda yaşayanlar bizə həsəd aparacaq.

Strategiyaya görə gələn ildən Lerikdə yaradılan komanda “Siyəzən”, Zəngilanda yaradılan komanda “Ağsu”, Laçının futbol komandası isə “Saatlı” adlanacaq. Lakin təkcə ad dəyişməklə iş bitməyəcək, məsələn, adı “Siyəzən” olan komanda ev oyunlarını Mingəçevirdə oynayacaq.

XIX bənddə yazılanların analoqu yoxdur, tam səmimiyyətimlə deyirəm. Belçika şirkəti çox məntiqli düşünüb, Azərbaycanın həm turizm imkanları, həm də ağır maşınqayırma sənayesinin inkişaf mərhələsi gözəl təhlil edilib, marketinq məsələsi zərgər dəqiqliyi ilə öyrənilib. Növbəti iki bəndi tərcümə edə bilmədim, nəsə ailədaxili problemlərdən, gender bərabərliyindən yazılmışdı deyəsən.

XXII bənd tam doqquzluğa vurub. Milli komandada şəffaflığı təmin etmək üçün əsas yığmaya namizəd futbolçular Dövlət İmtahan Mərkəzində qeyri-səlis məntiqdən, rəsmxətdən və kulinariyadan imtahan verməlidirlər.

AFFA-dakı bağban tanışımın gətirdiyi atlasa oxşayan strategiya sənədi zırıltı bir şeydir. Çin dilində olduğundan hamısını tərcümə edə bilmədim. Çin dilini təmiz bilən varsa, göndərim oxusun. Onda özü görər ki, Belçika şirkəti necə strategiyalar doğub...




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}