Müəllimlərin İKT-dən istifadə bacarıqları təkmilləşdirilir
Tarix: 21-02-2017 16:36 | Bölmə: Layihə

Ramil Süleymanov: "Dünya ölkələri ilə müqayisə etsək, Azərbaycan müəllimi İKT-dən istifadə edərək yaratdığı rəngarəng resursları ilə ilk 10-luqdadır"

Bu gün insanların əksəriyyəti müxtəlif məqsədlər üçün kompüterdən geniş istifadə edirlər. Xüsusən gənc nəsil üçün kompüterdən istifadə gündəlik həyat tərzinə çevrilib. Kompüterlərin təhsil sahəsinə inteqrasiyası da bu tendensiyaları əks etdirir. Kompüterlərin təhsil sahəsində uğurlu tətbiqi yalnız onların əldə edilməsindən deyil, eyni zamanda istifadəçilərin onlarla nə dərəcədə tanış olmalarından asılıdır.

Müasir dövrdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi hər bir ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır.

Bu barədə fikirlərini "Reytinq"lə bölüşən İKT üzrə mütəxəssis Ramil Süleymanov deyib ki, Azərbaycanda da informasion cəmiyyətin qurulması və kompüterləşmə sahəsində ciddi, uğurlu addımlar atılıb. Onun sözlərinə görə, bu sahədə həyata keçirilən dövlət siyasətinin ümdə vəzifələrindən biri İKT-nin cəmiyyətin müxtəlif sahələrində, xüsusilə də təhsil sistemində geniş tətbiqidir:

"İKT-nin təhsildə tətbiqi Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir. Məhz, bu səbəbdən son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olub. Bunun üçün son illər dövlət tərəfindən təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər həyata keçirilməkdədir. Bu müstəvidə icra olunan fəaliyyətlər təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri hesab edilən təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlib. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev tərəfindən İKT-nin 2012-ci illərə qədər cəmiyyətin müxtəlif sahələrində tətbiqi ilə bağlı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya" (2003-2012-ci illər)" adlı sənəd qəbul edilib. Həmin siyasi kursun davamı olaraq Prezident İlham Əliyev tərəfindən də ölkəmizdə informasiya cəmiyyətinin artıq praktiki müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində icra olunması üçün müəyyən tədbirlər həyata keçirilir. Təhsil sistemində İKT infrastrukturunun inkişafı və tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması bu sistemin inkişafında prioritet istiqamətlərdən biridir".

Ekspert bildirib ki, hazırda respublikamızda bütün sahələrdə, xüsusilə də təhsil sistemində mütəxəssislərin İKT ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. Onun fikirincə, İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu orta məktəblərdən başlayır. Bu səbəbdən də bu sahədə mühüm addımlar atılır:

"Bu istiqamət innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılmasına xidmət edir və özündə təhsil verənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasını, təhsil alanların istedadının aşkar olunması və inkişafı ilə bağlı, habelə xüsusi qayğıya ehtiyacı olanlar üçün inklüziv təlim metodologiyasının yaradılmasını ehtiva edir. Bunun üçün Təhsil Nazirliyi tərəfindən xüsusi təlim paketləri hazırlanıb. "1 şagird:1 kompüter" layihəsi çərçivəsində məktəblərə verilmiş şagird netbukları və planşetlərdən istifadə ilə bağlı təlimlər keçirilir və müəllimlərə bu texnologiyalardan istifadə üsulları ilə bağlı xüsusi dərslər keçirilir. Eləcə də inzibati idarəetmə - Təhsil Sisteminin inzibati-idarəetmə heyətləri üçün İKT üzrə savadlılığın artırılması, ibtidai sinif müəllimləri üçün tədris prosesində İnteraktiv texnologiyalardan və elektron məzmundan istifadə üzrə xüsusi təlimlər də təşkil olunub. Bu təlim paketlərində müxtəlif web-alətlər və kompüter proqramlarından istifadə qaydaları öyrədilir".

R.Süleymanov bildirib ki, bu təlimlərlə yanaşı müəllimlər üçün İnteraktiv lövhələrdən istifadə, kimya, biologiya, fizika fənlərində istifadə etmək üçün laboratoriya avadanlığı sayılan Labdisc avadanlığının təlimləridir:

"Sevindirici haldır ki, yuxarıda adları qeyd olunan təlimlərin Facebook səhifəsində eyni adlı qrupları yaradılıb. Bu qruplarda müəllimlər aktiv şəkildə müzakirələr aparır, öz dərslərini paylaşırlar.

Müasir təhsil mühiti daim dəyişməkdə və yeniləşməkdədir. Şagirdlərimiz multimedia dünyasında inkişaf etməlidirlər. Texnologiya elə sürətlə inkişaf edir ki, müəllimlərin yeni rəqəmsal alətlərlə ayaqlaşması bir az çətinlik törədir. Bizim şagirdlər bizdən bir neçə addım irəlidədirlər. Onlar mobil telefonlardan, çatdan rahat istifadə edir, YouTube-da video-görüntülər yerləşdirirlər. Bloqlarlar yaradaraq, Facebook-un imkanlarından istifadə edərək öz dostları ilə əlaqə yaradır və s. Bu səbəbdən müasir texnologiyaların köməyi ilə şagirdləri tədris prosesində daim məşğul saxlamaq və öyrənmə prosesini cəlbedici formada həyata keçirmək üçün Azərbaycan müəllimlərinin təlim prosesinə yaradıcı və rəqəmsal yanaşması vacibdir".

Təlimçi-ekspert diqqətə çatdırıb ki, son illər ərzində insanların öyrədilməsi ilə əlaqədar təhsil işçilərinin yeni biliklər əldə etmələri üçün təhsil sahəsində aparılan tədqiqatlar genişlənib. Texnologiyanın xüsusilə də kompüterin inkişafı sahəsində əldə olunan nailiyyətlər nəticəsində ibtidai, orta və ali təhsil öyrətmənin necə və hansı vasitələrlə daha yaxşı öyrədilməsi ilə bağlı yeni-yeni tədqiqatların aparılır: "Əmək bazarında insana əsas qiymət verilən amillər yeni texnologiyalarla işləmək, bilikləri praktik bacarıqlara çevirmək və hər gün dəyişən tələblərə cavab verməkdir. Məhz insan resurslarının inkişaf etdirilməsi, bu tələblərə cavab verməsi təhsilin müasir tələblərə uyğunlaşması deməkdir. Müasir tələblərə - texnologiyalar və texnologiyaların pedoqoji imkanlarından istifadə etmək bilik və bacarıqları da daxildir. Şagird, tələbə, müəllim və təhsil müəssisələrini idarə edənlər bu tələblərə cavab vermək üçün daim təqdiqatda olmalı, imkanlar yaratmalı, imkanları bilik və bacarıqlara çevirməlidirlər. İnternet və internetin imkanlarından təhsil məqsədləri üçün istifadə də müasir təhsil siyasətinin əsas prioritet məqsədlərindən biridir. Hazırda bir çox məktəblilər, valideynlər və müəllimlər məktəbdə İKT-dən istifadə edirlər. Və bu texnologiyalar müasir məktəblər qarşısında duran tapşırıqların kompleks həllini tələb edir. İKT-nin tətbiqi yeni məktəbi - Elektron məktəbi yaradır. Elektron məktəb elektron (sosium)-u təqdim edir. Elektron sosiumun ayrılmaz hissəsi isə sosial şəbəkədir".

R.Süleymanov onu da nəzərə çatdırıb ki, Azərbaycanın əksər müəllimlərinin İKT üzrə bilikləri yüksək səviyyədədir. Ekspert bildirib ki, 2005-ci ildən etibarən Azərbaycanda təhsil sahəsində əldə edilən uğurlar, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı", "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və ən son 2013-cü ildə ölkə başçısının imzaladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın Azərbaycan müəlliminə böyük əhəmiyyəti olub: "Müəllim sərbəst şəkildə blog yarada, özünün yaratdığı elektron resurslardan dərslərdə istifadə edə bilir. Ən başlıcası isə odur ki, Azərbaycan müəllimi təkcə texniki fənnlər üzrə yox, həm də humanitar fənlər üzrə elektron resurslar yaratmağı bacarır. Müəllimlər onlara Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərlə kifayətlənməyərək həm də özləri sərbəst şəkildə ölkəmizdə və xaricdə təşkil olunan seminar, təlim və konfranslarda aktiv iştirak edirlər. Milli resurslarımız artıq hər il durmadan artmağa başlayır. Müxtəlif proqramlarda hazırladıqları elektron təhsil resurslarının sayəsində Azərbaycan dilində, xüsusən də humanitar fənlər üzrə resursların sayı artmağa başlayıb. Sevindirici haldır ki, həyata keçirilən islahatların nəticəsində professional İKT təlimçiləri formalaşıb. Bu təlimçilər yeni formalaşan gənc nəsildir. Bu təlimçilər bir zaman sıravi müəllim idilər. Bu gün artıq İKT üzrə peşəkar təlimçilərdir. Sevindirici haldır ki, bu təlimçilərin böyük hissəsi məhz Azərbaycanın müxtəlif regionlarından və hətta ucqar kəndlərində işləyən və öz fənnini böyük sevgi ilə tədris edən müəllimlərdir.

Bir zamanlar Azərbaycanda əgər tək-tək insanların, xüsusilə də digər peşə sahiblərinin bloqları var idisə, artıq bu gün Azərbaycan müəlliminin, bəli, məhz 2 minə yaxın Azərbaycan müəllimin öz bloqu var. Müəllimlər bu bloqlar vasitəsilə müxtəlif qruplarda birləşir, öz bloqlarını paylaşır, get-gedə bloqlarını təkmilləşdirirlər. Təlim zamanı bu bloqların böyük əhəmiyyəti var.

Təlim zamanı müəllimlərə yeni bloqlar açılsa da, özləri köhnə bloqlarını təkmilləşdirirlər. Bloqlarda bütün məlumatlar, keçirilən dərslər yerləşdirilir. Müəllimlər bu bloqları html proqramlaşdırma kodları əsasında yığırlar, hətta bloqlar elə səviyyəyə gəlib çatır ki, artıq onları sayta çevirmək də mümkündür.

Əvvəllər blogger deyəndə bir-iki proqramçı nəzərdə tuturduqsa, indi artıq blogger müəllim ordusu yetişməkdədir".

Maraqlıdır, görəsən, texnologiyaların, innovasiyaların tətbiqi ilə keçirilən dərslərlə adi qaydada keçirilən dərslərin hansı fərqlər vardır?

Mütəxəssis deyir ki, müasir yanaşma ilə keçirilən dərslərə şagirdlərin marağı artır. "Müəllimlər əvvəllər adi qaydada dərs keçirdisə, artıq şagirdləri daha da həvəsləndirmək üçün Flash texnologiyalardan istifadə edərək web-alətlərdə oyunlar yaradır.

Qeyd edim ki, Veb 2.0 alətlərdən istifadə edən çoxsaylı müəllimlərimiz var. Bu müəllimlərimiz daima yaradıcı resurslar yaradırlar. Bu alətlər müəllimləri sanki bir sehirli aləmə aparır və onun sehiri altında Azərbaycan müəllimi, öz yaradıcı resurslarını yaratmış olur. Leraningapss.org saytına daxil olan müəllimlər ilk öncə qeydiyyatdan keçir, daha sonra virtual sinif yaradır, sonra bu sinifdə öz şagirdlərini qeydiyyatdan keçirdirlər.

Sistemin özəlliyi odur ki, hər dəfə şagirdlərin adı sistemə əlavə edildikcə sistem özü şagirdlərin sistemə girişini loqin və şifrə ilə təmin edir. Hər bir şagird birbaşa evdən sistemə daxil ola və müəllimin verdiyi tapşırığı görə bilir. Misal üçün, onliquzicreator.com saytında yaradılan testləri edən şagirdlərin müəllim reytinq dərəcəsini müəyyən edir. Bu, şagirdlər arasında rəqabət yaradır. Təbii ki, heç bir şagird razı olmaz ki, onun sinif yoldaşı ondan yüksək nəticə toplasın. Beləliklə, sistemə inteqrasiya nəticəsində rəqabət mühiti formalaşır.

Qeyd edim ki, hətta o alətlərin əksəriyyəti pulludur. Pulsuz imkanlardan istifadə edən müəllimlər artıq o dərəcə professionallaşıblar ki, artıq pullu imkanlardan istifadə etmək istəyirlər.

Bu avadanlıqlarla dərsi keçməyin üstünlüyü ondadır ki, sistem nitq qüsurlu, fikir çatdıra bilməmə, çətinlik, utanma baryerini də aradan qaldırır. Hətta oxumayan uşaq məcburdur ki, bu proqramı öyrənsin, nəticədə oyunu oynasın. Oyunu oynamaq xatirinə kitabı oxumağa məcbur qalan şagird nəticədə mövzunu tam öyrənmiş olur.

Digər maraqlı bir alətimiz electron imtahan sitemini özündə əks etdirən Proprofos alətidir ki, bu alət bizə dərs prosesində elektron imtahan keçirmək imkanları yaradır. Sistemə hər bir şagir fərdi şəkildə adı ilə daxil olur və tapşırığı həll etdikdən sonra, düzgün cavabların sayına uyğun sertifikat əldə edir. Bu onların ilk uğuru kimi doğma olur",- deyə ekspert əlavə edib.

Onu da qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən hər il keçirilən Elektron Təhsil Respublika Müsabiqəsinin də xüsusi rolu var. Bu müsabiqə nəticəsində Azərbaycan müəllimləri müxtəlif nominasiyalar üzrə öz hazırladıqları işləri təqdim edir və onlardan bir çoxu artıq qalib olub. Bu da öz növbəsində uzun müddət ərzində Azərbaycanda həmişə böyük problem sayılan Azərbaycan dilində İKT resurslarının (dərslərinin) çoxalmasına səbəb olub.

R.Süleymanov da hesab edir ki, bu gün Azərbaycan təhsilində İKT-nin tətbiqi uğurla həyata keçirilir. "Deyə bilərəm ki, bu gün dünya təhsil sistemində İKT-nin tədris prosesində istifadəsini dünya ölkələri ilə müqayisə etsək, Azərbaycan müəllimi İKT-dən istifadə edərək yaratdığı rəngarəng resursları ilə ilk 10-luqdadır. Bu gün fəxrlə, qurur hissi ilə deyə bilərəm ki, Azərbaycan təhsilində İKT-nin tətbiqi artıq öz bəhrəsini verir. Azərbaycan müəllimi dünyanın müxtəlif ölkələrində keçirilən İKT seminar və konfranslarında iştirak edərək, öz yaradıcı resursları ilə dünyaya Azərbaycan adını uğurla, qırmızı hərflərlə yazır",- deyə müsahibimiz fikrini tamamlayıb.

Z.MƏMMƏDLİ

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


 





Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}