Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır
Tarix: 31-03-2018 06:58 | Bölmə: Layihə
Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır

Zaur İbrahimli əmindir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tez bir zamanda bu sahədə ciddi dönüş yaradacaq

Ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişaf etdirilməsi, dövlət qurumlarının bu müstəvidə fəaliyyətinin genişləndirilməsi istiqamətində ciddi işlər görülüb. Artıq bu sahədə inkişafın yüksək mərhələsinə qədəm qoyulub. Xüsusən də dövlət xidmətlərinin elektronlaşdırılması sahəsində yeni bir mərhələ başlayıb.

Ən əsası odur ki, dövlət orqanlarının fəaliyyətində İKT-nin tətbiqi, xidmətlərin elektron qaydada göstərilməsi sahəsində bu günədək bir sıra normativ aktlar qəbul edilib, hüquqi baza formalaşdırılıb.

Bu mənada “Elektron hökumət” quruculuğu prosesində mühüm mərhələ Prezident İlham Əliyevin elektron xidmətlərin təşkili ilə bağlı 2011-ci il 23 may tarixli Fərmanı ilə başlayıb. Həmin Fərmanla verilmiş tapşırıqların əsas məqsədi dövlət orqanlarının xidmətlərin göstərilməsi zamanı vətəndaşlarla birbaşa təmasını aradan qaldırmaqla şəffaflığın təmin edilməsindən, xidmətlərin daha əlçatan olmasından ibarətdir. Bununla əlaqədar “Elektron hökumət” portalı yaradılıb, bir sıra dövlət qurumlarında xidmətlərin elektronlaşdırılmasına başlanılıb.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və Agentliyə elektron xidmətlərin təşkili və qiymətləndirilməsi ilə bağlı bir sıra funksiyaların həvalə edilməsi dövlət xidmətlərinin elektronlaşdırılması prosesini daha da sürətləndirib. Belə ki, bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq BMT tərəfindən hazırlanan “Elektron hökumət sorğusu” hesabatında ölkəmiz “Elektron hökumətin inkişafı indeksi” üzrə 2012-ci ildən 2017-ci ilədək 40 pillə irəliləyərək, 96-cı yerdən 56-cı yerə qalxıb.

“Elektron hökumət”in inkişafını zəruri edən əsas amillər dövlət qurumlarının funksiyaları ilə bağlı informasiya açıqlığının, vətəndaşların informasiya əldə etmək azadlığının təmin edilməsi və vətəndaşlara göstərilən xidmətlər zamanı məmur-vətəndaş təmasını aradan qaldırmaqla, tamamilə şəffaf mühitin yaradılmasından ibarətdir. Xidmətlərin elektron təqdim edilməsi eyni zamanda büdcə məsrəflərinə qənaət etməkdə də mühüm rol oynayır.

Lakin aparılan təhlillər göstərir ki, bu sahədə ciddi işlər görülsə də, bəzi qurumlar tərəfindən xidmətlərin elektronlaşdırılması, informasiya sistemlərinin qarşılıqlı inteqrasiyası işləri aparılmayıb və ya tam başa çatdırılmayıb. Dövlət qurumları tərəfindən informasiya sistemlərinin pərakəndə və fərqli qaydada yaradılması onların qarşılıqlı inteqrasiyası zamanı bir sıra hallarda problemlər yaradıb və əlavə büdcə xərclərinə səbəb olub.

Prezidentin elektron xidmətlərin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı martın 14-də imzaladığı fərman bu sahədə yeni bir mərhələnin başlanmasına səbəb olacaq.

Fərmanda verilən tapşırıqlara nəzər salsaq, görərik ki, “Elektron hökumət” sahəsində vahid tənzimləyici və əlaqələndirici qurum funksiyaları Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilir. Burada əsas məqsəd müxtəlif dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin elelktronlaşdırılması prosesini daha da sürətləndirmək, effektiv, səmərəli və işlək elektron xidmətlərin yaradılması üçün müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, müvafiq dövlət informasiya ehtiyatlarının inteqrasiyası yolu ilə vətəndaşları əlavə sənəd təqdim edilməsi vəzifəsindən azad etmək, elektron xidmətlərin “Bir pəncərə” prinsipi ilə vətəndaşlara çatdırılmasını təmin etməkdir.

Fərmanda verilmiş tapşırığa uyğun olaraq, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydaları hazırlanaraq, bu sahədə pərakəndəliyin qarşısı alınacaq. Dövlət qurumlarının bu prosesləri vahid qaydada, əvvəlcədən müəyyən edilmiş standartlara riayət etməklə təşkil etməsi prosesin optimallaşdırılmasına səbəb olacaq və gələcəkdə bu informasiya ehtiyatlarından digər dövlət orqanlarının istifadə etməsini asanlaşdıracaq. Bu isə öz növbəsində həm müvafiq dövlət xidmətlərinin elektron qaydada göstərilməsinə daha əlverişli şərait yaradacaq, həm də informasiya sistemlərinin inteqrasiyası nəticəsində yeni elektron xidmətlərin formalaşdırılmasına imkan verəcək, vətəndaşların və özəl sektorun elektron xidmətlərdən istifadə imkanlarını genişləndirəcək.

Bu sahədə əlaqələndirmənin həyata keçirilməsi isə müxtəlif qurumlar tərəfindən eyni və ya oxşar informasiya ehtiyatları yaratmasının qarşısını alacaq, bu yolla həm təkrar informasiyanın yaradılması zamanı yol verilə biləcək səhvlərin qarşısı alınacaq, həm də qurumlar əlavə xərclərdən azad olacaqlar.

Fərmanla verilmiş mühüm tapşırıqlardan biri də elektron xidmətlərin G2B (government to business) və B2G (business to government) prinsipləri əsasında təşkili ilə bağlı tədbirlərin görülməsidir. Bildiyimiz kimi, dövlət informasiya sistemlərində müxtəlif sahələr üzrə böyük data - informasiya toplanır. Həmin datanın analitik təhlili ayrı-ayrı sahələr üzrə yeni xidmətlərin, xüsusilə də özəl sektor, biznes subyektləri üçün dövlət tərəfindən faydalı xidmətlərin göstərilməsinə səbəb olacaq. Biznes subyektləri dövlət tərəfindən təqdim edilən datadan istifadə etməklə yeni biznes layihələrinin həyata keçirilməsində, investisiyaların qoyulmasında zəruri olan informasiyalarla real vaxt rejimində təmin ediləcək. Eyni zamanda, əks əlaqə də mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun topladığı informasiyanı dövlət qurumları ilə qarşılıqlı faydalı şərtlərlə mübadilə etmək imkanları yaradılacaq.

Fərmanda həmçinin “Rəqəmsal hökümətə keçid üzrə Fəaliyyət Planı”nın hazırlanması da nəzərdə tutulub. “Rəqəmsal hökumət” “Elektron hökumət”in növbəti mərhələsi hesab edilə bilər. Gələcəkdə dövlət qurumlarının malik olduğu informasiya ehtiyatlarının rəqəmsallaşdırılması ilə məlumat mübadiləsinin, elektron xidmətlərin daha çevik və müxtəlif texniki vasitələrlə həyata keçirilməsi təmin ediləcək.

“Milli Məkan Məlumatları” ölkə ərazisinin coğrafi strukturu, torpaq səthi və onun üzərində yerləşən bütün növ obyektlər barədə məlumatların toplandığı sistemdir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Milli Məkan Məlumatları infrastrukturunun yaradılması nəzərdə tutulub. Bu məlumatların dairəsi, onların toplanılması, mübadilə və istifadəsi ilə bağlı məsələləri tənzimləmək məqsədilə, Fərmanda “Milli Məkan Məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları”nın hazırlanması tapşırılır.

Dövlət informasiya ehtiyatlarının elektron mühitə keçirilməsi təbii ki informasiya təhlükəsizliyinin gücləndirilməsini şərtləndirir. Bununla əlaqədar informasiya təhlükəsizliyi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla ölkədə müvafiq sahənin təkmilləşdirilməsinə dair aidiyyatı orqanlara zəruri tədbirlərin görülməsi tapşırılıb.

Fərmanda qeyd olunan tapşırıqları icra etmək məqsədilə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” (EGDC) publik hüquqi şəxsin yaradılması nəzərdə tutulur. Publik hüquqi şəxs “Elektron hökumət” portalını idarə edəcək və dövlət büdcəsindən maliyyələşdirilməyəcək. Əksinə, bu sahəyə özəl investisiyaların cəlb edilməsi və yeni innovativ həllərin, məhsulların yaradılması hesabına büdcə gəlirlərinin artırılmasına imkan yaradacaq.

Qısa müddətdə qarşıya qoyulan vəzifələrin icrası həm vətəndaşların rifahına müsbət təsirini göstərəcək, həm də yeni, milli innovativ məhsulların yaradılması ilə ölkəmiz innovativ məhsul ixracında önəmli yerlərdən birini tutacaq.

Dövlət xidmətlərində elektronlaşmanın yeni mərhələsi başlayır

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən Konstitusiya Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimli deyib ki, dövlət xidmətlərinin elektronlaşması və ümumiyyətlə, elektron xidmətlərin gələcək inkişaf perspektivindən söz açarkən Prezidentin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 14 mart tarixli Fərmanını qeyd etməliyik. Onun sözlərinə görə, bu fərmanla Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, yəni “ASAN Xidmət” sistemini həyata keçirən və idarə edən dövlət qurumuna “Elektron hökumət” sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirilməsi həvalə edilib:

“Bu Fərmana əsasən Dövlət Agentliyi yanında “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılacaq. Beləliklə, “Elektron hökumət” modelinin tətbiqi ilə bağlı həyata keçirilən bütün fəaliyyətlərin idarə olunması mərkəzləşdirildi. Bu prosesdə lokomotiv rolunun zamanında elektron xidmətlər və dövlət xidmətlərinin göstərilməsində həm ölkəmiz, həm də beynəlxalq miqyasda tanınan uğurlara imza atan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə həvalə edilməsini yeni mərhələnin başlaması kimi qiymətləndirmək mümkündür.

Son illər elektron xidmətlər sahəsində Azərbaycanda nəzərəçarpacaq irəliləyişlər əldə olunmuşdu, bununla belə, bəzi problemlər daha da irəliləməyi çox çətinləşdirmişdi. Bu elektron xidmətlərin tətbiqi ilə bağlı səmərəli koordinasiyanın olmaması, məlumatlara çıxışın və məlumat bazalarının inteqrasiyası problemi, dövlət qurumlarının faktiki olaraq fərqli standartlar tətbiq etməsi, maliyyələşmədə müşahidə olunan çox ciddi qeyri-bərabərsizlik belə çətinliklər kimi qeyd olunmalıdır. Sözügedən Fərmanda dövlət orqanları qarşısında qoyulan tapşırıqlar da bu problemlərin həllini nəzərdə tutur. Əminik ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tez bir zamanda bu sahədə də çox ciddi dönüş yaradacaq”.

Müsahibimiz deyib ki, 2017-ci il ərzində “Elektron hökumət” portalına inteqrasiya olunan qurumların sayı 91-ə, elektron xidmətlərə müraciət edənlərin sayı 58 milyonu ötüb, elektron xidmət istifadəçilərinin sayı isə 2 milyon 100 minə çatıb. “Hesabat ili ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 39 yeni elektron xidmətinin “Elektron hökumət” portalına inteqrasiyası təmin edilməklə xidmətlərin sayı 437-yə, portal vasitəsi ilə 9 dövlət qurumu tərəfindən təqdim edilən arayışların sayı isə 2 ədəd artırılaraq 18-ə çatdırılıb. Nazirliyin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan e-imza sertifikatlarının sayı 2017-ci ilin əvvəli ilə müqayisədə 23 322 ədəd artaraq 124 000-ə çatdırılıb. 2017-ci ildə elektron ödənişlərin daha rahat və səmərəli şəkildə aparılmasına imkan verən yeni texnoloji avadanlıq olan “e-GovPay” ödəniş terminalının tətbiqinə başlanılıb və sistem üzərindən ödənişlərin aktiv yığımı təmin edilir. 2017-ci ilin yanvar ayı ilə müqayisədə dekabr ayında aylıq yığımların həcmi 21 dəfə artaraq 6,6 milyon manata çatıb və artım tendensiyası davam etməkdədir”,- deyə ekspert əlavə edib.

Z.İbrahimli onu da nəzərə çatdırıb ki, 2016-cı ildə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı Layihəsi” (AŞT) çərçivəsində hazırlanmış “Dövlət qurumlarının elektron inkişafı indeksi” hesabatı hazırlayıb. Həmin hesabatda qeyd olunurdu ki, 184 (41%) təqdim edilməli elektron xidmət elektron müraciət mərhələsinə qədər elektronlaşıb. Ancaq elektron müraciət mərhələsində olan xidmətlərin 135-ində (30%) xidmətlər tam onlayn formada elektronlaşdırıla bilərdi, ancaq edilməyib. “Elektron müraciət mərhələsində olan xidmətlərin 49-da (11%-ində) isə xidmətin nəticəsinin onlayn əldə edilməsi praktiki cəhətdən mümkün deyil. Müşahidələrimiz deməyə əsas verir ki, hesabat dərc olunandan ötən dövr ərzində bu məsələlərlə bağlı çox da tərəqqi əldə olunmayıb. Bunlar yeni çağırışlar idi və Prezidentin “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” 14 mart tarixli Fərmanını buna adekvat cavab kimi qiymətləndirmək olar”,- deyə müsahibimiz fikirni tamamlayıb.

Z.MƏMMƏDLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Bölməyə aid digər xəbərlər
8-12-2018, 23:15 50-dən artıq startap...

{sape_links}{sape_article}