Azərbaycana İŞİD təhlükəsi artır
Tarix: 13-06-2017 10:07 | Bölmə: Slayd


İran parlamentindəki terror hadisəsi digər ölkələr kimi, Azərbaycanı da narahat edir. Yola saldığımız həftə ərzində regionda baş verənlərin Azərbaycan üçün olan təhlükələri də əsas müzakirə mövzularından biri olub.

Görəsən, İran kimi dövlətin parlamentində terror aktının törədilməsi xəbərdarlıqdır, yoxsa regionla bağlı yeni ssenarinin başlanmasını göstərir? Əgər belədirsə, onda bu ssenaridə Azərbaycanı hansı təhlükələr gözləyə bilər?

Şərqşünas-politoloq Vüsal Hətəmov bu suallara cavab verərkən "Reytinq” qəzetinin əməkdaşına deyib ki, artıq bu terror hadisəsisinin məsuliyyətini İŞİD öz üzərinə götürüb. Onun sözlərinə görə, beynəlxalq qurumlardan BMT və Avropa Birliyi də terroru kəskin pisləyib: "Lakin İranın bəzi rəsmiləri maraqlı açıqlama yaydı ki, bu işin arxasında Səudiyyə durur və biz intiqam alacağıq”.

Bildiyimiz kimi, ötən həftə ərəb ölkələri toplanaraq böyük qaz ehtiyatına malik Qətər dövləti ilə bütün əlaqələri kəsmək, bütün cəhətdən bu dövləti boykot etmək barədə qərar qəbul ediblər. Bu zaman İran Qətər dövlətinə lazımi dəstək verəcəyini bəyan edib. Vüsal Hətəmov isə bildirir ki, İrandakı terror hadisəsinin bir terror təşkilatı tərəfindən deyil, ərəb dövlətləri tərəfindən sifariş edildiyini düşünənlər də var:

"Yaxın günlərdə Səudiyyədə təşkil edilmiş "Tramp-Ərəb Dövlətləri” konfransında ABŞ-la Səudiyyə arasında bağlanan yüksək həcmli silah ticarətinin siyasətinin işə düşdüyünü də deyənlər var. Lakin son "Qətər hadisələri” olmasaydı belə, terrorun Asiya qitəsinin şərqinə tərəf genişlənəcəyi ehtimalı güclənmişdi. Çünki İraq və Suriyada terrorçuların ard-arda məğlubiyyəti onlardan fikir yayındırmaq üçün əhatəni genişləndirməyi tələb edirdi”.

V.Hətəmovun sözlərinə görə, İran Azərbaycanla həmsərhəd ölkə olduğu üçün vəziyyət bir az da mürəkkəbləşə bilər:

"Terrorun kütləvi baş verməsi baxımdan ərəb ölkələrindən sonra növbədə Türkiyənin olması, daha sonra isə İranın hədəf seçilməsi bütün bunların sistematik, nəzarətdə olduğunu göstərir. Ölkəmizə qonşu olan İran və Türkiyənin terrordan son zamanlar intensiv əziyyət çəkməsi isə bizə də mesajdır. Terror bizim bir addımlığımızdadır. Düzdür, biz 30 ilə yaxındır erməni terroru ilə üzləşirik. Keçən əsrin 90-cı illərinin əvvəllərində paytaxt ərazisindəki metrostansiyalarda baş verən terror hadisələri həcminə görə dünyada ən böyük terror hesab edilir. Lakin bu dəfə vəziyyət fərqlidir. Ən pisi, qorxulusu odur ki, terrorçu sənin öz dövlətinin içərisində ola. İŞİD terrorçuları hər bir müsəlman dövlətində mövcuddur. Ya aktiv, ya da potensial şəkildə. Odur ki, özümüzü heç də sığortalı hesab etməməliyik. Çünki terrorçunun dini, milləti olmasa da, İŞİD bir qədər bu fikri dağıda bilib. İŞİD-çilərə görə onlar əsl müsəlmandırlar. İŞİD bütün bunların hamısını din pərdəsi altında edir və ölkəmizdən 10-larla gənc Suriyada, İraqda, Əfqanıstanda "Əl-qaidə” və İŞİD sıralarında döyüşmüş və döyüşməkdədir. Onların ölkəmizdə sistemli sosial bazaya malik olmaları istisna edilmir. Odur ki, dövlət olaraq biz də bu barədə ayıq-sayıq olmalıyıq. Artıq İŞİD terrorçularından sosial şəbəkələrə ara-sıra Qafqazla bağlı mesajlar sızdırılır. Hesab edirəm ki, İrandan sonra İŞİD-in planında Qafqaz və Orta Asiya dövlətləri durur”.

Müsahibimiz hesab edir ki, terrora meylli cərəyan üzvləri ilə ancaq güc vasitəsi ilə danışmaq doğru deyil:

"Radikal, qeyri-ənənəvi, dağıdıcı dini cərəyan üzvləri ilə vətəndaş cəmiyyətləri - müvafiq QHT nümayəndələri, dini qurumlar, müvafiq humanitar tipli birliklər tərəfindən söhbətlər aparılmalı, onların dərd-səri öyrənilməli, yenidən sağlam cəmiyyətə inteqrasiya istiqamətində işlər görülməlidir. Ola bilsin ki, səhv etdiklərini anlayar, düz yola gələrlər. Təbii ki, hüquq-mühafizə orqanları sonuncu tədbir kimi radikal, qeyri-ənənəvi, dağıdıcı dini cərəyan üzvlərini nəzarətdə saxlamalı, maddi-mənəvi idxalatları araşdırıb ölçü götürülməlidir. Lakin bu, qeyd etdiyim kimi, ən azından maariflənmə ilə paralel aparılmalıdır”.

Politoloqun fikrincə, Dini Komitənin (DQİDK) bölgələrdə keçirdiyi hesabat xarakterli tədbirlər və onların bəyanatlarına arxayın olmaq lazım deyil: "Onsuz da onların fəaliyyəti cəmiyyətdə sezilmir. Ümumiyyətlə, bu işlərdə Dini Komitə media ilə daha ciddi işləmək əvəzinə mediadan yayınır. Mən tövsiyə edərdim ki, sözügedən qurum informasiya saytları ilə, həmçinin bu sahədə araşdırma aparan yazarlarla intensiv əlaqələr qursun".

V.Hətəmov qeyd edib ki, erməni terrorçuları da din adı altında maskalana bilərlərvə ölkəmizə qarşı daha ciddi terror təhlükəsinin ermənilər tərəfindən olması mümkündür: "Hazırda onlar üçün daha əlverişli fürsətdir. Onlar terrora cəhd etmək üçün radikal din adı altında gizlənə bilərlər. Və erməni terrorçularının yarada biləcəyi təhlükə təkcə bizim üçün təhdid deyil, bütövlükdə region üçün dəhşət yarada bilər. Odur ki, İran, Gürcüstan, Rusiya və Türkiyə bu mövzuda birgə addımlar atmalıdırlar”.

ADP sədri Sərdar Cəlaloğlu isə məsələyə münasibət bildirərkən ölkə KİV-lərinə deyib ki, Yaxın Şərqdə hadisələr başa çatır, ona görə də yeni müstəviyə keçirlər. Onun fikrincə, münaqişələr İraqda başladı, Suriyada inkişaf elədi və indi də Qətərə keçirirlər, Suriyada müharibə artıq yekunlaşır:

«O dairələr ki, müsəlman dünyasının parçalanmasını qarşıya məqsəd qoyublar, onlar yeni və abad olan Qətər, İran, Türkiyə kimi ölkələrə xaosu yaymağa çalışırlar. Ərdoğanın qəhrəmanlığı onda oldu ki, bu ssenarinin qarşısını aldı. Suriyadakı müharibə və terroru Türkiyənin sərhədlərinə keçirmək istəyənlərə imkan vermədi. Ona görə də indiki halda zəif halqa Qətər dövlətidir. Çünki Qətər onu blokadaya alan ölkələrdən geopolitik cəhətdən asılıdır. Əgər dövlətlər iqtisadi cəhətdən dəstək verməsələr Qətər xalqı acından ölər. Bu baxımdan proseslərin içində məhz Qətərin seçilməsi onun 6 ölkədən asılı olması faktoru ilə bağlıdır. Burada yalnız Misir formal olaraq iştirak edir ki, guya bu ölkələrin başqa niyyəti yoxdur”.

S.Cəlaloğlu qeyd edib ki, Suriyanı da, İraqı da Amerika dağıtmışdı və indi yeni zonalara girirlər: "Bu layihələrin adını da qoyublar ki, guya, terroru dəstəkləyən və təriqətlərarası münasibətlərdən sui-istifadə edənləri cəzalandırırlar.

Bu gün İslam dünyası şiəlik və sünnilik ziddiyyətində məhv edilir. Baxmayaraq ki, heç bir təriqətin İslama dəxili yoxdur. Allah da onlara göstərir ki, islamın yolundan çıxıblar və cəzalarını çəkirlər. Xristian dünyası isə onların təriqət qovğasından istifadə edib cəzalandırır».

"İŞİD İran, Türkiyə və Rusiyada terror törədib, üç sərhəd ölkəyə kamikadzelər girib, Azərbaycan üçün hansı təhlükələr mövcuddur”,- sualına cavabında isə S.Cəlaloğlu «Azərbaycan da müsəlman ölkələrindən biridir. Burda asanlıqla qarışıqlıq yaradıla bilər. Necə ki, Qarabağda başımıza oyun gətirdilər. Əslində, bu gün Yaxın Şərqdə olan ssenarinin laboratoriyası Qarabağ idi. Azərbaycan və Yaxın Şərq üçün 100 faiz təhlükə var. Digər tərəfdən də, Amerika neft ölkələrinə müdaxilələr edir ki, dolların kursunu saxlasın. O baxımdan da Azərbaycan restablizasiya üçün potensial hədəfdir. Həmin təhlükəli ssenariləri Azərbaycanda gerçəkləşdirmək imkanları var. Çıxış yolu demokratik sistemin yaradılmasıdır. Əks halda Azərbaycan dünyadakı mədəniyyətlərarası toqquşmada zərbə ala bilər»,- deyə fikrini tamamlayıb.

Rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov isə Yaxın Şərqdə baş verən proseslər və onun doğura biləcəyi nəticələr haqda Axar.az-a danışarkən deyib ki, İrandakı teraktlar, Qətər ətrafındakı diplomatik böhran, bu ölkə şeyxinin bütün ərəb və sünni ölkələrinin şiə İranı ilə münasibətləri normallaşdırmaq çağırışı ilə bağlıdır: "Bu, Rusiyanın Yaxın Şərqdə terrorla mübarizədəki ən yaxın tərəfdaşı olan rəsmi Tehrana təzyiq göstərmək zəncirinin halqasıdır”.

Politoloq bildirib ki, əslində baş verənlər ərəb ölkələrinin qlobal terrora – İŞİD-ə olan dəstəyinin, şiəliyə və türk dünyasına qarşı mübarizəsinin əsas vasitəsidir:

"Qətər şeyxinin bəyanatının fonunda ərəb, əslində isə bütün semit dünyası birlik və əməkdaşlıq nümayiş etdirdi. Belə ki, o, bütün Yaxın Şərq regionunda şərtlərini diktə etməkdə özünü haqlı hesab edir: Özü də yalnız Suriyanın qanuni hakimiyyətinə deyil, həm də identikliyinə görə müvafiq gəlməyən digər xalqlara və dövlətlərə, ilk növbədə isə İrana, Türkiyəyə, onların dəstəklədiyi Yaxın Şərq qruplaşmalarına – konkret olaraq söhbətin onlardan hansı haqda getdiyinin əhəmiyyəti yoxdur, istər iranmeylli Hizbulla olsun, istərsə də türkiyəmeylli Azad Suriya ordusuna.

Ötən həftəbaş verən hadisələr regionda gərginliyin kəskin dərəcədə artırması kimi qiymətləndirilməlidir.

Bununla yanaşı, unutmaq olmaz ki, dünya neft hasilatının 5 faizəqədəri hazırda İŞİD-in nəzarəti altındadır. Bu təşkilat əgər regionun neft hasil edən digər ölkələrinin siyasəti məcrasında davranarsa, "mülayim” adlandırılan Suriya müxalifəti vasitəsilə açıq-aşkar hərbi-texniki yardım göstərən Səudiyyə Ərəbistanı, BƏƏ və s. ölkələr kimi, karbohidrogen xammalı bazarında vəziyyətə təsir etməyə qadirdir. Belə olduqda biz Suriya və İraq ərazisində artan mübarizə intensivliyini gözləməliyik. İran və Türkiyə istər-istəməz beynəlxalq terrorizmə qarşı mübarizədə ön planda olacaq. Azərbaycan isə bu prosesdə ən yaxın arxa cəbhəyə çevriləcək, hətta nəinki hərbi-siyasi, ola bilsin, logistik mənada da”.

Reyting.az

 

 






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}